Yuxarı

Banklara yeni təhlükə

Banklara yeni təhlükə

Əkrəm Həsənov: "Palata hazırda əhalinin gözündən pərdə asmaqla məşğuldur”

Maliyyə Bazarlarına Nəzarət Palatası kapitallaşma problemi olan 5 bankı nəzarətə götürüb.Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Rüfət Aslanlı açıqlamasında bu banklardan yalnız birinin adını çəkib: 

"Həmin banklardan biri "AtaBank" idi. Həmin bank artıq konsolidasiya prosesinə başlayıb və bizim qiymətləndirmələrimiz göstərir ki, birləşmə nəticəsində yaranacaq bankın kapitalı 85 milyon manat, adekvatlıq əmsalı isə təxminən 40 faiz olacaq, bu isə bizim normalarımıza tam uyğundur. "AtaBank"ın kapitalla bağlı problemi var idi, hətta müştərilər şikayət edərək bildirirdilər ki, ödənişlərdə müəyyən ləngimələr var. Lakin bütün bu problemlər aradan qalxdı.Digər banklar isə kiçik banklardır”.

Maraqlıdır, Palatanın nəzarətə götürdüyü digər 4 bank hansıdır?

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə müəyyən təxminlərinin olduğunu bildirib:

"Ad açıqlamaq bankların imicinə zərbə kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, Palata tərəfindən nəzarətə götürülən bankların sayı 5 deyil. Hesablamama görə bu say daha çoxdur. Bir sıra banklar öz hesabatları haqqında düzgün məlumat vermir.Belə görünür ki, bəzilərinin kapital problemi yoxdur, amma əslində var. MBNP-sı deyəndə ki, bankların kapital problemləri var, nəzarətə götürüb sual yaranır.Palata həmin bankları nəzarətə götürüb nə edir?

Əslində o bankların problemlərinin hamısı deyilmir.Həmin bankların nəinki kapital problemi var, onlar əmanətləri belə qaytarmırlar.Qanuna görə MBNP-ı həmin bankları müflis elan etməlidir. Hətta "AtaBank”a dair Palataya fevralın 27-də məktub göndərmişəm. Bu bank bir xarici vətəndaşın 1 milyon dollar əmanətini bir ilə yaxındır ki, qaytarmır.Bank bununla qanunu pozur.Palataya müraciətimdə bildirmişəm ki, qanunla "AtaBank”ı müflis elan etsin.Palata mənə 5 gün ərzində cavab verməlidir, lakin indiyə qədər cavab yoxdur.

Palata deyəndə ki, 5 bankın kapital problemi var, bu, yalandır.Yəni, bu bankların yalnız kapital problemi yoxdur, ümumiyyətlə, həmin banklar faktiki olaraq müflisdirlər.Öz öhdəliyini yerinə yetirməyən, kapitalı çatmayan "AtaBank”ı götürüb "Caspian Development Bank”a birləşdirirlər.Əgər bu banklar müflisdirsə, onların nəyini birləşdirirlər?Hesab edirəm ki, Palata hazırda əhalinin gözündən pərdə asmaqla məşğuldur.Onsuz da hamıya məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bankların çoxu bağlanmalıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları