Yuxarı

SOCAR-ın 3 milyardlıq xərci Azərbaycana nə verəcək?

SOCAR-ın 3 milyardlıq xərci Azərbaycana nə verəcək?

İlham Şaban: "Hansısa bir layihəni ortaya qoyanda ilk öncə onun səmərəli olub olmaması hesablanır”

SOCAR 3 milyard dollar sərmayə ilə Türkiyədə ikinci "Petkim” yaratmaq istəyir. "Azərtac” xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. Onun sözlərinə görə, SOCAR İzmirin Əliağa rayonunda yeni kimya parkı qurmaq istəyir: "Yeni neft-kimya müəssisələri qurmaq istəyirik. Hələ ki, layihə mərhələsində olan investisiyanın həcmi tam məlum deyil və təxminən 3 milyard dollar ola bilər. Bu niyyətimiz hökumət nümayəndələri ilə də müzakirə olunub. Belə bir investisiya strateji təşviq daxilində ola bilər”.

Vaqif Əliyev deyib ki, "Petkim”i aldıqdan sonra 730 milyon dollar sərmayə qoyulub: "Artıq "Petkim” neft-kimya holdinqinin ərazisində yeni layihələr üçün yer yoxdur. Hazırda "Petkim”in bazar dəyəri türk lirəsi ilə 420 faiz artıb. Aprel ayına görə, bazar dəyəri 2,1 milyard dollara çatıb”.

Qeyd edək ki, SOCAR "Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ş.”(STEAŞ) adı ilə davam etdirir.STEAŞ "Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.

Bu layihəni səmərəli hesab etmək olarmı?

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, bu layihənin kağız üzərinə varlığından xəbərsizdir:

"Bu layihə hələ fikir şəklindədir, sözlə ifadə olunub.Onun nə texniki heyəti, nə iqtisadi göstəriciləri, həmçinin digər məsələləri hazırlanmayıb.Bu məsələ Türkiyə tərəfində müzakirə obyektidir.Ortaq bir fikir var ki, Azərbaycan tərəfi Türkiyədə neft-kimya korpusunun tikilməsində maraqlıdır.Bura sıfırdan tikilən obyekt olacaq. Təqribən 2-3 il həmin layihənin üzərində iş getməlidir. Bundan sonra əgər tərəflər arasında bütün kommersiya məsələləri həll edilsə, təqribən 4 ilə layihənin tikintisi gedəcək.

Əgər bu layihə üçün 2017-ci ildə ilkin razılıq olsa, 2018-ci ildə icrasına başlansa, 2025-ci ildə tam reallaşa bilər.Yəni, bu layihə bu günün, sabahın işi deyil.Bu layihə gələn 10 illiyin ortasında reallaşacaq və bundan sonra öz məhsulunu bazara çıxara biləcək.Əlbəttə, hansısa bir layihəni ortaya qoyanda ilk öncə onun səmərəli olub olmaması hesablanır.Əgər səmərəsi olmasa, ora vəsait yatırmazlar. Bu, Beynəlxalq Bank deyil ki... SOCAR-ın indiyə qədər heç bir qeyri-kommersiya layihəsi olmayıb.Söhbət idman yarışlarından getmir bu, SOCAR-ın sosial layihələridir”.

Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları