Yuxarı

ABŞ neft bazarını OPEK-dən alır

ABŞ neft bazarını OPEK-dən alır

Zəfər Vəliyev: "Qlobal neft bazarlarının gələcək taleyi ABŞ-ın yürütdüyü neft siyasətindən asılı olacaq”
 
ABŞ-ın Energetika Nazirliyinin 2017-ci ildə "WTI" və "Brent" markalı neftin qiymətləri üzrə proqnozu demək olar dəyişməyib. Qurum "WTI" markalı neftin bu il üçün orta qiymətini 50,78 dollar/barel (əvvəlki proqnozdan 0,01 dollar çox), "Brent" markalı neftin bu il üçün orta qiymətini isə 52,69 dollar/barel (əvvəlki proqnozdan 0,09 dollar çox) həddində proqnozlaşdırır. Nazirliyin 2018-ci ildə "qara qızıl"ın qiyməti ilə bağlı proqnozu isə xeyli azdır. 
Belə ki, "WTI" və "Brent" markalı neftin gələn il orta qiymət proqnozu 1,49 dollar/barel azaldılaraq müvafiq olaraq 53,61 və 55,61 dollar/barelə endirilib. ABŞ Energetika Nazirliyi həmçinin ABŞ-da 2018-ci il gündəlik neft hasilatı proqnozunu 50 min barel artıraraq 10,01 milyon barelə çatdırıb.
 
ABŞ nefti niyə qiymətdən salır?


 
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, beynəlxalq enerji agentlikləri, OPEC-in, eləcə də digər maraqlı enerji şirkətlərinin verdikləri proqnozlar doğruluğunu sübut etmir: "Müstəqil ekspertlər hesab edirlər ki, yaxın 5-10 il ərzində dünyada neftin qiyməti ucuzlaşacaq. Ötən il noyabr ayının axırında OPEC üzvləri və təşkilata daxil olmayan 11 hasilatçı dövlətlərin Vyana sazişinin ana xətti ondan ibarətdir ki, onlar süni şəkildə neft bazarlarına intervensiya siyasəti yürüdürlər ki, normadan artıq fiziki həcmlər qısa müddətdə dövriyyədən çıxarılsın. Bu, öz effektini vermədi. Bunun da bir səbəbi var, neft bazarlarında tarazlığın bərqərar olmasına iddia edən dövlətlər öz ixrac proqramlarında ixtisarlar etmədilər.

Yenə əvvəlki kimi əllərində olan müştəri bazarlarını əldən verməmək uğrunda mübarizə gedir. Bu fonda müştəri bazarlarını əldə saxlamaq və yaxud yeni bazarlar kəşf etmək naminə Səudiyyə Ərəbistanı, İran, İraq, Rusiya kimi ixracatçı şirkətləri bütün neft markalarında bazarlar üzrə endirimlər etdilər. Neftin qiymətinin bu səviyyədə qalmasının bir səbəbi də budur. Heç bir dövlət ixrac həcmlərini azaltmaqda maraqlı deyil, əksinə, artırıblar. Vyana sazişinin qüvvəyə mindiyi ötən 5 ay ərzində Rusiya ötən ilin analoji dövrü ilə müqayisədə ixrac həcmlərini artırıb. Bunu da açıq şəkildə bəyan etmişdilər. Belə olan təqdirdə neft bazarlarında tarazlıq yaranarmı? Təbii ki, yaranmaz. Buna görə də qarşıdakı 5 il ərzində neftin qiyməti 50-52 dollar arasında dəyişəcəyi güman edilir. Bu, belə də olmalıdır”.

Ekspertin sözlərinə görə hazırda qlobal neft bazarlarında tənzimləyici rol OPEC-in əlindən çıxıb,  ABŞ-ın əlinə keçib: "Çünki OPEC-in hasilat həcmlərini azaltmaqla bağlı bütün səyləri, bəyanatlarına, öhdəlik sazişinin heç birinə qlobal neft bazarları reaksiya vermir. Hazırda qlobal neft bazarları yönünü ABŞ-dan gələn neft informasiyalarına tuşlayıb. ABŞ-dan daxil olan istənilən neft informasiyası bazarda əks effekt yaradır, bəzən də müəyyən reaksiya doğurur. Buna görə də qarşıdakı illərdə qlobal neft bazarlarının gələcək taleyi ABŞ-ın yürütdüyü neft siyasətindən asılı olacaq”.
 
"OPEC daxilində qarşıdurmalar yaranacaq”

Zəfər Vəliyev onu da qeyd edib ki, 2017-ci ilin 5 ayı ərzində ABŞ-da sutkalıq neft hasilatı 9 milyon 320 bareldən yuxarı olub: "2016-cı ilin birinci kvartalın sonundan başlayaraq elə həftə olmayıb ki, ABŞ-da bütün neft informasiyalarında qazma aktivliyi müşahidə olunmasın. Bu gün ABŞ-ın aktiv qazma qurğularının sayı 733 ədəddir. Əgər ABŞ-da hər həftə neft qazma qurğularının sayında artım müşahidə olunursa, hesablamalara görə bu ilin sonunda bu say 1000-ə çatacaq.

Bu isə o deməkdir ki, ilin sonunda ABŞ-da sutkalıq neft hasilatı 9 milyon 320 bareldən yuxarı olacaq. Belə olan təqdirdə OPEC və onun müttəfiq dövlətlərin bazarlara təsir imkanları çox məhdud olacaq. Çox keçməyəcək ki, OPEC daxilində müəyyən qarşıdurmalar yaranacaq. Bu zaman sazişin effektivliyi heçə enəcək. Artıq bunun işartıları var. Artıq Qazaxıstan imtina edib. Çünki "Kaşaqan” yatağında hasilat həcmlərinin artması gözlənilir. Bu yatağa kifayət qədər investisiya qoyulub, bu da özünü doğrultmalıdır. İxrac həcmlərində də artımlar müşahidə olunacaq”.

Analitik vurğulayıb ki, İraq Vyana sazişindən yayınıb hasilat həcmlərini artırmaq istəyir: "Həmçinin digər dövlətlər də sazişdən imtina edib hasilat həcmlərini artırmaq istəyir. Hər bir dövlətin öz marağı var. Ona görə də bazar OPEC və onun müttəfiqlərinin səylərinə reaksiya verməyəcək və qarşıdakı aylarda neftin qiymətində ciddi artım müşahidə olunmayacaq. Qiymətlər təxminən 50-55 dollar civarında dəyişəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları