Yuxarı

Banklar etimadı itirib

Banklar etimadı itirib

Əkrəm Həsənov: "Heç kim xarici valyutada kredit götürmək istəmir”
 
"Moody"s" beynəlxalq reytinq agentliyi yüksək dollarlaşmanı Azərbaycanın bank sektorunun əsas problemi olaraq görür. Agentliyin eksperti Olqa Ulyanova bildirib ki, yaranmış vəziyyətdə böyük həcmdə aktivlər yeni məzənnə ilə hesablanır və bu amil bank kapitalına təzyiq göstərir: "Ötən gün sağlam görünən banklar bu gün kapitallaşma problemi ilə üzləşməkdədir. Devalvasiya zamanı kredit riskləri də artır. Heç də bütün borcluların valyutada gəliri yoxdur və onların yeni məzənnə ilə ödəniş qabiliyyətinə malik deyillər".
Ekspert əlavə edib ki, bununla yanaşı, banklardan depozit axını davam edir. "Banklardan götürülən depozitlərin bir qismi xarici valyutaya konvertasiya olunaraq banka qayıdır, bir qismi isə ümumiyyətlə, qayıtmır".

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda ümumi siyasət belədir ki, banklara milli valyutada əmanət qoyulsun:

"Buna görə də milli valyutada əmanətlər 15 faizədək sığortalanır. Xarici valyutada əmanətlər 3 faiz sığortalanır. Bu gün banklar xarici valyutada əmanət qəbul etməyə meylli deyil. Çünki o, xarici valyutanı götürüb sonra kimə kredit verəcək? Bu gün heç kim xarici valyutada kredit götürmək istəmir. Ona görə ki, devalvasiyadan ehtiyat edir. Bu səbəbdən vətəndaşlar banklardan əmanətlərini çıxarır. Bunun başlıca səbəbi bank sisteminə ehtimadın olmamasıdır. Çoxlu sayda insanın bağlanmış banklarda pulları batıb. Digər tərəfdən faiz amili də var. Əvvəllər vətəndaşlar xarici valyutada əmanətlərini banka 12 faizlə qoyurdu, həmçinin əmanətin sığortası da var idi.

Amma bu gün deyirlər ki, xarici valyutada əmanətlərə 3 faiz tətbiq olunur. Bu isə vətəndaşa sərf etmir. Əmanətçi xarici valyutada olan vəsaitini bankdan çıxarır, amma milli valyutada konvertasiya edib 15 faizlə banka qoymaq istəmir. Çünki milli valyutaya etibar yoxdur. Burada başlıca səbəb insanlarımızın növbəti devalvasiya gözləntisidir. Hamıya məlumdur ki, bir neçə aydır süni pul qıtlığı yaradıblar və xarici valyuta ehtiyatları hesabına devalvasiyanın qarşısını alıblar. Aydınıdır ki, bu, uzunmüddətli proses deyil”.

Ekspert vəziyyətdən çıxış yolu kimi ilk növbədə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsinin vacibliyin vurğulayıb: "Daxili istehsalımız olmalıdır ki, tələbatımız da daxili istehsal hesabına ödənilsin. Bu halda xarici valyutaya ehtiyac olmayacaq. Çünki xaricdən asılılıq azalacaq. Amma bu da var ki, proses uzun müddət aparacaq. Bunun üçün də qanunların işləməsi, məhkəmələrin ədalətli olması kimi xeyli tədbirlər görmək lazımdır”.
 

"Elman Rüstəmova heç kəs inanmır”
 
Əkrəm Həsənovun qənaətincə, günümüzün ən ciddi problemlərdən biri Mərkəzi Banka etimadın olmamasıdır: "Mərkəzi Bank bir neçə dəfə camaatı aldadıb. Şəxsən MB sədri Elman Rüstəmov söz verib ki, devalvasiya olmayacaq, amma olub. Bu gün Elman Rüstəmova heç kəs inanmır. O çıxıb deyəndə ki, devalvasiya olmayacaq, artıq əhali bunun əksini düşünür. Elman Rüstəmov deyirsə ki, devalvasiya olmayacaq, deməli, olacaq. Bu da çox vacib amildir. Çünki bank və pul sistemi etimada bağlı olan bir məsələdir. Ola bilər ki, adam düz də deyir, amma artıq ona etimad qalmayıb”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları