Yuxarı

Özəlləşmə olsa: Enerji daşıyıcıları bahalaşa bilərmi?

Özəlləşmə olsa: Enerji daşıyıcıları bahalaşa bilərmi?

Natiq Cəfərli: "Minlərlə insanın işsiz qalma ehtimalı var”

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq” Qapalı Səhmdar Cəmiyyəti, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz” İstehsalat Birliyi kimi büdcədən dotasiya alan qurumların özəlləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, artıq bir neçə ildir ki, bu qurumların özəlləşdirilməsinin Azərbaycan iqtisadiyyatı üçün yararlı olacağı haqqında müstəqil ekspertlər, rəsmilər bəyanatlar verir. Ancaq bu məsələdə bir sıra məqamlar var. Bu qurumlar özəlləşdirilərsə, enerji daşıyıcılarının qiymətinə nə kimi təsir göstərəcək? Ümumiyyətlə, özəlləşmə xalqın xeyrinə olacaqmı? 

"Ciddi ixtisarlar  olacaq”

"Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, özəlləşdirmə şəffaf aparılarsa, bu effektli ola bilər. Ekspert həmçinin özəlləşdirmənin kütləvi işsizliyin yaranmasına da səbəb olacağını dedi:

"Əslində dövlət müəssisələrinin maraqlı investorlar tərəfindən özəlləşdirilməsi iqtisadiyyatda pozitiv vəziyyət yarada bilər. O, zaman ki, bu proses şəffaf aparılsın və rəqabətli mühitin yaranması üçün şərait yaradılsın. Çünki bu qurumlar özəlləşdirildikdə dövlətin ayırdığı dotasiya ləğv olunacaq. Dotasiyaların ləğv olunması isə büdcə yükünün azalmasına səbəb olacaq. Bu da dövlət büdcəsi nöqteyi-nəzərindən pozitivdir. Nəticədə isə bu idarəetmənin optimallaşdırılmasına gətirib çıxaracaq. Təbii ki, bu proses problemsiz olmayacaq. Çünki uzun illərdir ki, bu dövlət şirkətləri monstra çevrilib.  Yəni çox böyük satış şəbəkəsinə malikdi, ancaq idarəetməsi qeyri-effektivdir. Burada çox güman ki, özəlləşmə baş verərsə, ciddi ixtisarlar da olacaq. Minlərlə insanın işsiz qalma ehtimalı var”.

Özəlləşdirmədən sonra enerji daşıyıcılarının qiymətinin  dəyişəcəyinə gəlincə, Natiq Cəfərli bildirib ki, özəlləşmədən sonra hansısa şirkət bazarda hegemon rola malikdirsə, təbii inhisarçıya çevrilirsə və rəqibləri yoxdursa, bu zaman antiinhisar qanununa görə dövlətin qiymətə müdaxiləsinə və təyin etməsinə ixtiyarı var:

"Özəlləşmədən sonra optimallaşma həyata keçiriləcəksə və ixtisarların hesabına xərclər azaldılacaqsa qiymətin sabit qalma ehtimalı var. Yox, əgər dövlət özəlləşmədən sonra da müdaxilələrini davam etdirəcəksə, o, zaman qiymətlərdə müəyyən dəyişikliklər görə bilərik. Çünki bəzi sahələr var ki, orada qiymətlərin qat-qat aşağı olduğu haqqında dövlət qurumları dəfələrlə bəyanat səsləndirir. Metropolitendən tutmuş "Azəriqaz”, "Azərişığ”a qədər bu cür bəyanatlar səsləndirilib. Sadəcə, bu proses kompleks şəkildə həyata keçirilməlidir. Dünya indi bərpaolunan enerjiyə keçir. Azərbaycan da bununla bağlı çox münbit coğrafi məkandır. 

Günəş, külək enerjisindən əhali çox rahatlıqla istifadə edə bilər. Qonşu ölkələrin də belə təcrübələri var. Gürcüstanda, əsasən də Türkiyədə əhali əgər özünü təmin etmək üçün günəş panellərindən istifadə edirsə, dövlət ona dəstək verir. Ya faizsiz kredit verir, ya da texniki dəstək göstərir. Bu da bir çox problemlərin həllinə kömək olur. Azərbaycanda isə çox təəssüf ki, texniki şərtlər, fiziki qaydalar hələ də müəyyənləşdirilməyib. İllərdir ki, bununla bağlı heç bir qərar verilməyib. Özəlləşdirməyə paralel olaraq bu tip addımların da atılmasına ehtiyac var. O, zaman özəlləşdirmədən sonra enerji paylayıcı şirkətlər əhalidə alternativ enerjiyə maraq görəcəklərsə qiymətlərdə də fərq olacaq. Əhali dövlətə heç bir əlavə rüsum ödəmədən öz evini enerji ilə təmin edəcəksə bazarda da rəqabətli mühit yaranacaq. Yəni, bütün bu proseslər paralel şəkildə aparılmalıdır. 

Özəlləşmə xatirinə özəlləşmə aparılmamalıdır. Əgər dövlət şirkətləri özəlləşdirmə adı altında hansısa bir oliqarxın nəzarətinə keçəcəksə, bunun iqtisadiyyat üçün heç bir effketi olmayacaq. Bütün sahələrdə, o, cümlədən də özəlləşdirmədə ilk öncə kompleks şəkildə idarəetmə və yanaşma dəyişilməldir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları