Yuxarı

Ucuz dollarla bağlı son gün

Ucuz dollarla bağlı son gün

Fuad İbrahimov: "Uçot dərəcəsində artım olsa, bütün valyutaların dəyərdən düşməsi gözləniləndir”

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini artıracaq. Ehtimallara görə iyunun 13-14-də baş tutacaq iclasda uçot dərəcəsinin 25 faiz artırılması gözlənilir.

Qeyd edək ki, ötən gün ABŞ konqresi "Dodd-Frank" qanununu ləğv edib. Bu, ABŞ-ın maliyyə sisteminə rahatlıq gətirməli və kreditləşmənin həcmini əhəmiyyətli dərəcədə artırmalıdır. Sözügedən qanun Barak Obamanın prezidentliyi dövründə qəbul edilib və ölkənin maliyyə sisteminin təhlükəsizliyini təmin edib. Bu qanunun tətbiqindən sonra ABŞ banklarının birinci dərəcəli kapital adekvatlığı əmsalı 8-9 faizdən 12-14 faizə çatıb. Donold Tramp isə bu qanunu ABŞ üçün "yoxsulluq" rəmzi kimi görür. Analitiklər hesab edir ki, yaxın günlərdə əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,1 ola bilər. Bu göstəricinin 1,15 qədər yüksələcəyi, 2018-ci ildən isə dollar və avronun məzənnəsinin bərabərləşəcəyi istisna edilmir.

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, uçot dərəcəsinin artırılması bütün dünya dönərli valyutalarına qarşı dolların möhkəmlənməsi prosesini həyata keçirə bilər: "Əgər uçot dərəcəsində artım olsa, bütün valyutaların dəyərdən düşməsi gözləniləndir. Bu, təbii haldır. İqtisadiyyatda artımın bu cür fəsadlar verməsi labüddür. Ancaq digər tərəfdən onu nəzərə alaq ki, yaxın keçmişdə uçot dərəcəsi artsa da, ancaq manata təsir etmədi. Bu da ondan irəli gəlir ki, Mərkəzi Bank manatı üzən məzənnədə yox, daha çox idarəetmə üslubunda saxlayır. Müəyyən alətlərlə manatın məzənnəsinə təsir edə bilir ki, milli valyuta dəyərdən düşməsin. Müşahidələr onu göstərir ki, hələlik Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün alətlərdən istifadə etməyinə gücü çatır. Doğrudur, bu nəyin hesabına olur, indi bu müzakirə obyekti deyil. Sadəcə elə alətlərdən istifadə edirlər ki, iqtisadiyyatın inkişafının qarşısını alır. İstifadə olunan alətlər daha çox kiçilmə prosesinə istiqamətləndirilib. Ancaq Mərkəzi Bank bunu çox uğurla həyata keçirib. Yəni, manatın dəyərini saxlaya bilir. Hesab edirəm ki, bu dəfə uçot dərəcəsi artırılsa belə, manatın məzənnəsinə təsir etməyəcək. Çünki alternativ alətlərdən istifadə olunur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları