Yuxarı

100 ərəblə turizm olmaz

100 ərəblə turizm olmaz

Çingiz İsmayılov: "Dövlət qurumları işlərini səmərəli qursa, Gürcüstana axın olmayacaq”

İyunun 15-dən Azərbaycanda yay turizm mövsümünə start verilir. Yayın gəlişi ilə insanlar çoxdan gözlədikləri istirahət planlarını reallaşdırmağa başlayırlar. Danılmaz faktdır ki, hər il Azərbaycandan gedən turistlərin sayı gələn turistlərdən üstün olub. 

Artıq Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məzuniyyətə çıxdığını və istirahətini qonşu Gürcüstanda keçirdiyi barədə açıqlama verib. İcra başçısı yerli saytlardan birinə artıq 4 gündür ki, məzuniyyətdə olduğunu bildirib: 

"Hazırda Gürcüstanın Borjomi şəhərində istirahət edirəm.Hamı kimi, sadə bir yerdə özüm üçün istirahət edirəm.Daha dəbdəbəli yerə gəlməmişəm.Gürcüstan yaxın və qiymətlər ucuz olduğu üçün bura gəlmişəm.Burada bir neçə gün dincəldikdən sonra Azərbaycana qayıdacam.Çox sevindirici haldır ki, xeyli sayda soydaşımız da Gürcüstanda istirahət edir.Daşkəsənin yarıdan çoxu buradadır.Mən bu qədər də bilməzdim. Bütün Qazax, Tovuz, Daşkəsən sakinləri Gürcüstandadır. Yəqin ki, Gürcüstan ucuz ölkə olduğu üçün insanlar bura daha çox gedirlər. Belə də ki, Gürcüstana getmək üçün benzin pulun olsa, bəs edir! Gürcüstanda 100 manatla nə qədər istəsən, dincələ bilirsən.Özü də indi orucluq dövrüdür, insanların çoxu spirtli içki içmirlər.Mən özüm də bura gələndən bəri çörək yemirəm, ancaq su içirəm.Azərbaycana gələndə özümlə su da gətirəcəm”.

İcra başçısı həmçinin hava amilinə də toxunaraq qeyd edib ki, bu il Daşkəsənə intensiv dolu  yağdığı üçün turizmin inkişafına bəzi əngəllər yaradıb: "Daşkəsənə hər gün leysan yağır. Heç bilmirsən ki, hava şəraiti niyə görə belə davam edir.Leysan yağışları rayonumuza da ciddi ziyan vurub, xeyli sayda toyuq-cücə tələf olub, əhaliyə ziyan dəyib”.

Azərbaycan vətəndaşlarının istirahət üçün Gürcüstana kütləvi səfər etmələri sirr deyil.Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, 2016-cı ildə Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib.Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

İcra başçısı açıqlaması ilə Azərbaycanda turizm məkanlarının qiymətinin "od-tutub” yandığını, xidmətin sıfır səviyyədə olduğunu bir daha təsdiqləyib.Məlumdur ki, turizm ən gəlirli sahələrdən biridir.Ölkə başçısı da dəfələrlə çıxışlarında turizm qiymətlərinin yüksək olması ilə bağlı iradını bildirmişdi.Amma mövcud sahədə problemlər yenə də qalmaqdadır.Hələ də bir çox istirahət mərkəzlərində qiymət yuxarı, xidmət isə aşağı səviyyədədir. Konkret olaraq bu gün Azərbaycanın turizm sektorunda xidmət qiymətləri  əhalinin gəlirlərinə uyğun deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə 2016-cı ildə Azərbaycana qəbul edilmiş turistlərin sayı 8949 nəfər, ölkədən göndərilmiş turistlərin sayı isə 40550 nəfər təşkil edib. Göründüyü kimi ötən il ölkədən gedən turistlərin sayı 5 dəfədən çox olub. Bu, rəsmi göstəricilərdir.Əldə olunan məlumatlara görə ölkədən qeyri-rəsmi gedən turistlərin sayı bundan qat-qat çoxdur.

2016-2017-ci illərdə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə qalan xarici vətəndaşların sayı və gecələmələrin sayı, eləcə də turistlərin ödədiyi məbləğlə bağlı heç bir məlumat yerləşdirilməyib.

"100 ərəblə turizm olmaz”

Regional İnkişaf Mərkəzinin direktoru, turizm eksperti Çingiz İsmayılov "Cümhuriyət” qəzetinə bildirib ki, qeyri-neft sektorunda turizm iqtisadiyyatın ən aparıcı sahələrindən biridir: 

"Turizmə dövlət dəstəyi verilir. Bu sahə ilə əsasən sahibkarlar məşğuldur.Turizmi inkişaf etdirmək üçün sahibkarlara şərait yaradılıb.Yerli idarəetmə orqanları da buna köməklik etməlidir. Əgər hansısa icra başçısı xaricə istirahətə gedirsə, bu onun şəxsi işidir, heç kim buna qadağa qoya bilməz. Ancaq məsələ bundadır ki, biz rəqabət bazarını düşünmürük.Rəqabətdə niyə uduzuruq?Niyə Azərbaycan vətəndaşları Gürcüstana gedir, amma Gürcüstandan Azərbaycana gəlmirlər?Buna görə də ilk növbədə qiymətlər tənzimlənməlidir.Əgər yüksək qiymət olsa, xarici ölkələrə axının qarşısını da almaq olmayacaq.Qiymətləri tənzimləyici mexanizmlər var. 

Dövlət başçısı tərəfindən müvafiq sərəncamlar verilir.Həmin sərəncamları turizmlə məşğul olan dövlət qurumları icra etməlidirlər.Həmçinin turizmi stimullaşdırmaq üçün proqramlar tərtib olunmalıdır.Dövlət proqramları ümumi strategiyadır, istiqamətlərdir.Ancaq aidiyyəti qurumlar həmin proqramları yerli xüsusiyyətə uyğun realizə etməlidir.Burada böyük məsuliyyət iki struktura aiddir.Birinci, yerli idarəetmə orqanları - icra hakimiyyətləri, bələdiyyələr, ikinci, turizm sahəsini birbaşa nəzarətdə saxlayan Mədəniyyət və Turizm Nazirliyi.Bu qurumlar işlərin səmərəli qursa, Gürcüstana axın davam etməyəcək”.

"Gəlir yoxdursa, demək...”

Ekspert onu da qeyd edib ki, turizmlə bağlı müvafiq qurumlar hesabat verməlidir: 

"Məlumat verilməlidir ki, turizmdən gələn gəlirlər ümum daxili məhsulda neçə faiz təşkil edir? Ötən il gəlirlər nə qədər olub, bu il nə qədər olacağı proqnozlaşdırılır? Ümumiyyətlə, bu dinamika necə gedir?Bu rəqəmlər əsasında turizmin inkişafı müəyyən olunur.Küçədə 100 nəfər ərəbi görməklə demək olmaz ki, Azərbaycanda turizm sektoru inkişaf edib, turistlərin sayı artıb.Rəsmi məlumata görə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.Ancaq gəlirlər olmalıdır. Başqa ölkələrində ÜDM-da turizmin payı 50 faizi keçirsə və Azərbaycanda 1 faiz yoxdursa, onda deməli, bunun səmərəsi istədiyimiz kimi deyil. Axı dövlət qeyri-neft sektorunun inkişafı üçün siyasət aparır.Turizm də qeyri-neft sektorunun vacib hissəsidir.Müvafiq işlər görülməlidir, bu işlər halva-halva deməklə olmur”.

Çingiz İsmayılov onu da vurğulayıb ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qəbul olunub: 

"Orada turizmlə bağlı çox gözəl planlar hazırlanıb, onları realizə etmək lazımdır. Biz havada qalmış bir ölkə deyilik, ətrafımızda başqa dövlətlər var. O dövlətlərdə də təbii ki, turizm inkişaf edir.Bu rəqabət mühitində Azərbaycanın mədəniyyəti milli xüsusiyyətidir.Həmçinin ölkəmizin özünəməxsus təbiəti var, bunu Allah bəxş edib.Ancaq servis və qiymətlər bizim özümüzdən asılıdır. Əgər qiymətlər yüksək,  servis aşağıdırsa, təbii ki, rəqabətdə hələ çox uduzacağıq. Bu barədə düşünmək lazımdır. Bundan nəticə çıxarmırıq deyə hər il eyni şeylər təkrar olunur. İcra başçısı rəsmi açıqladı ki, Gürcüstanda istirahət edir, amma bir də bunu açıqlamayan başqa dövlət məmurları da var. Xarici ölkələrə getməkdə davam edəcəklər də.Çünki servis və qiymət hamı üçün vacib meyardır”.

Azərbaycanda kifayət qədər turizm şirkətləri fəaliyyət göstərir.Ancaq sayları qədər turist cəlb edə bilmirlər.Nə çatışmır?

Ekspert qeyd edib ki, bu şirkətlər ilk öncə marketqin işi ilə məşğul olmalıdır:

 "Turizm şirkətləri bazarın iqtisadi qanunu olan təklif və tələbatı öyrənməlidir. Onlar bilməlidir ki, nə etsələr, hansı üstünlüklərə malik olsalar, turistlər onları seçər?Həmin üstünlüklərlə də təmin olunmalıdır.Üstünlük olmadığı üçün turistlər başqa ölkələrə üstünlük verir.Amma onlar bu barədə düşünmürlər.Çünki bir günlə yaşayırlar.Ancaq turizm şirkətlərinin yeri daimi rezervasiya olunmalıdır.Yalnız bayramdan-bayrama axın olur, vəssalam.Bu, kampaniya xarakteri daşıyır.Adi günlərdə isə bütün obyektlər boş qalır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları