Yuxarı

Milyonlarla krediti ödəməyən kimlərdir?

Milyonlarla krediti ödəməyən kimlərdir?

Fuad İbrahimov: "Banklar ilk növbədə faizləri dayandırıb kreditin müddətini uzatmalı idi”

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutada verilən kreditlərin payına düşür. Cari il mayın 1-nə əsasən, problemli kreditlərin 54,5 faizi və ya 869,2 milyon manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb. Azərbaycan Mərkəz Bankının (AMB) hesabatına əsasən, xarici valyutada problemli kreditlərin həcmində illik 32,7 faiz artım qeydə alınıb. Problemli kreditlərin xarici valyutada kreditlərdə xüsusi çəkisi illik müqayisədə 4,4 faiz bəndi artaraq 11,7 faiz və cəmi kredit portfelində xüsusi çəkisi 7,1 faiz bəndi artaraq 54,5 faizə çatıb. Maraqlıdır, bu qədər həcmdə borc kimdədir, adi vətəndaşlarda, yoxsa biznesmenlərdə?Ümumiyyətlə, bu borcun taleyi necə olacaq və bununla bağlı müvafiq tədbirlər görülmürmü?

Bank kreditləri intihara aparır

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, devalvasiyadan sonra manatın məzənnəsi 100 faizdən çox dəyər itirdi: 

"Tutaq ki, araşdırdıq və ortaya belə bir rəqəm çıxdı ki, problemli kreditlərin 30 faizi hüquqi şəxslərdə, 20 faizi isə əhalidədir. Bu problemi həll etmir.Həm hüquqi, həm də fiziki şəxsin Azərbaycan ərazisində fəaliyyət göstərdiyi üçün qazancı da manatladır.Milli valyutanı da xarici valyutaya çevriməlidir ki, borcu qaytarsın.Əhalinin götürdüyü kredit birdən-birə iki dəfə atıb. Əgər 100 manat götürmüşdüsə, indi 200 manat qazanmalıdır, üstəlik, əlavə olaraq bankın faizini ödəməlidir ki, borcunu bağlaya bilsin. Bu da normal deyil, fors major haldır.Digər böyük bir problem ondan ibarətdir ki, banklar öz faizlərini saxlamır.

Əslində ən optimal və elastik variantlardan biri ondan ibarətdir ki, əgər həqiqətən banklar nə vaxtsa o pulları geri qaytarmaq istərsələr, onlar ilk növbədə faizləri dayandırıb kreditin müddətini uzatmalı idilər.Eyni zamanda borcların qaytarılması dövriyyəsində elastiklik yaranmalı idi.Amma banklar buna getmirlər.Çox təəssüflər olsun ki, aidiyyəti dövlət orqanları buna heç bir müdaxilə etmirlər.Belə bir halda ən azından Nazirlər Kabineti, Milli Məclis səviyyəsində bununla bağlı növbəti qərar qəbul olunmalı və prosesə müdaxilə etməlidir.Bu işi başlı-başına buraxmağın nəticəsidir ki, bu gün banklar ardıcıl olaraq bağlanır.Çünki öz aktivlərini kredit şəklində əhaliyə veriblər, vətəndaşlar da bu pulu qaytara bilmir.

Eyni zamanda banklarda depozit hesabına pul qoyan vətəndaşlar öz vəsaitini geri qaytarır.Qapanmış bir dairə yaranıb.Hamı bu dairə üzrə qaçır.Amma bu, çıxış yolu deyil.Bunun üçün komissiya yaradılmalı və məsələyə bir izah verilməlidir.Təəssüflər olsun ki, bu gün problemli kreditlərin həcmi azalmaq əvəzinə artır.İndiyə qədər kreditini ödəyənlər artıq ödəyə bilmir. Danılmaz faktdır ki, artıq problemli kreditlərlə bağlı intihar halları da var. Yaxınlarda iş adamları borclu olduğu bankın qarşısında özünü yandırıb öldürdü. Bank öz bildiyini edir, faizləri dayandırmır, vətəndaş da onu ödəyə bilmir.Bunu başlı-başına buraxdıqca bankı vətəndaşlara, vətəndaşların da banka inamsızlığı yaranır”.

İqtisadçı onu da qeyd edib ki, müasir dövrdə problemin alternativ yolları olmalıdır: "Əgər vətəndaş banka 1000 dollar istehlak krediti almaq üçün müraciət etsə də, məbləğin 200 dolları onun əlinə çatmır. Bu, aksiomdur. Bank "şapka” adı ilə, məlum olmayan bəhanələrlə, dolayı yolla vəsaitin 20 faizini vətəndaşdan alır. O cümlədən də iri sahibkarlar - şübhəsiz ki, kredit almaq istəyəndə "şapka” vermədən krediti götürə bilməyəcək. Əgər sahibkarın təqdim etdiyi layihə dövlət səviyyəsində deyilsə.Məsələ məhkəmədə araşdırılsa, bu faktlar üzə çıxacaq.Əlbəttə, banklar burda maraqlı olmasaydı, o kreditləri verməzdilər.Bu, bütün növ kreditlərə aiddir”.

Məhkəmələr bankın xeyrinə qərar çıxarır

Fuad İbrahimov hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı kifayət qədər işlərin olduğunu da vurğulayıb: "Demək olar ki, Azərbaycanın bütün rayonlarında məhkəmələrdə problemli kreditlərlə bağlı işlər var. Əksəriyyətində də bank müraciət edir. Əsasən o hallarda məhkəməyə müraciət edirlər ki, artıq orada işıq ucu yoxdur.Məsələ burasındadır ki, məhkəmələr bankların xeyrinə qərar çıxartmaqla problemi yenə həll etmir.Sahibkarın və yaxud vətəndaşın pulu olsa, kreditini ödəyər.Gələcəkdə yenidən biznes və banklara inam mühitini yaratmaqdan ötrü çətin bir prosesdən keçməli olacağıq.Gedən proseslərin xeyrindən çox ziyan var”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları