Yuxarı

Qıtlıq qapını döyür

Qıtlıq qapını döyür

Natiq Cəfərli: "Yerli istehsal yerli xammala əsaslanmadıqda ciddi problemlər yaşanır”

Azərbaycanda ötən ilin yanvar-may ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında bu il 38,6 faiz azalma baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qida məhsullarının istehsalında 3,1 faiz, içki istehsalında isə 37,4 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 5,2 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 1,9 dəfə, marqarin istehsalı 20,4 faiz, duru bitki yağlarının istehsalı 14,2 faiz, cem və marmeladların istehsalı 4,2 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, pivə istehsalı 25,7 faiz artıb, bununla yanaşı qənd və şəkər tozu istehsalı 22,4 faiz azalıb.

Artıq müstəqil ekspertlərin proqnozları özünü doğruldur. Ekspertlər 2017-ci ilin ağır il olacağı ilə bağlı fikirlər səsləndirmişdi. Onlar hesab edir ki, valyuta bazarında gedən neqativ proseslər, xarici ticarət dövriyyəsinin zəifləməsi, bank sektorunda gedən proseslər vəziyyət həddən artıq acınacaqlı olacağını deməyə əsas verir.İş yerlərinin bağlanması, insanların gəlirlərinin kəskin azalması idxal əməliyyatlarının kəskin zəifləməsinə səbəb olur.Bu da qıtlıq yaradır.Artıq vəziyyət o həddə çatıb ki, piştaxtalarda ərzaq məhsullarının azalması müşahidə olunur.Əgər hökumət iqtisadi islahatlarla yanaşı idarəetmədə də ciddi dəyişikliklərə getsəydi, ölkədə iqtisadi artım olardı. Amma hələlik ölkədə problemlərin olduğunu qəbul etmək istəmirik...

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda yerli istehsal adı altında bazara çıxarılan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir:

 "Bunun bariz nümunəsi kimi şəkər tozunu misal göstərə bilərik. Manatın möhkəm olduğu dövrlərdə şəkər istehsalı geniş vüsət almışdı.İndi manat ucuzlaşıb valyuta ilə alınan xammalın Azərbaycana gətirib yerli istehsalını təşkil etmək sərfəli olmur.Bu da istehsalın azalması ilə özünü kəskin büruzə verir.Yerli istehsal yerli xammala əsaslanmadıqda ciddi problemlər yaşanır.İndi bunun əyani sübutunu görürük.Valyuta ilə xaricdən gətirilən xammal manat ekvivalentində bahalaşdığına görə valyuta ilə alınmış xammaldan yerli istehsalçıların istifadə etməsi qeyri-rentabelli olur.

Tutaq ki, əvvəllər şəkər çuğundurunun kiloqramını 50 sentə alınırdısa, dollar 0.78 qəpik olan vaxtı xammalın mayası 0.44 qəpik edirdi. Bu gün həmin 50 sent yol xərcini də nəzərə alsaq, 0.90 qəpiyə yaxın edir. Xammalın maya dəyərində iki dəfədən çox artım var. Bu da təbii ki, yerli istehsalçılara xaricdən gətirdikləri xammalın bazara çıxarılmasında problemlər yaradır.Onlar qiymətləri kəskin bahalaşdırmalıdır ki, rəqabətə davam gətirsin.Bu zaman da insanların alıcılıq qabiliyyəti aşağı düşür.Ona görə yerli istehsalçılar böyük problem yaşayır.Çünki yerli xammalımız yoxdur.Bu, səhv qurulmuş bir modeldir.İndi də bunun fəsadlarını yaşayırıq”.

İqtisadçının qənaətincə, yerli xammal istehsalı artmadıqca, yerli istehsalın əsas komponentləri də yerli xammaldan olmadıqca istehsalda azalma davam edəcək:

"Bu problemlərin davam etməsi bazara çıxarılan məhsulların həcmini də azaldır. Bazara məhsulun həcmi az çıxarılırsa, təbii ki, məhsulun qiyməti qalxır. Qıtlıq o mənada yaranır ki, ucuz mallar bazardan çəkilir və malların qiymətinin daha çox artımı müşahidə edilir.Rəsmi inflyasiya da bunu sübut edir.Ölkədə ərzaq inflyasiyası 18 faizdir.Bu, kifayət qədər yüksək rəqəmdir. Ümumi inflyasiya 12 faiz olsa, ərzaq inflyasiyası bundan daha az hesablanır. Problemin daha çox dərinləşmə ehtimalı var. Nə qədər ki, yeli xammalın istehsalı artmayıb, xaricdən gətirilən xammal hesabına ayaqda duran istehsalda azalmalar müşahidə olunacaq.Paralel olaraq ərzaq məhsullarında qiymətlər də qalxacaq”.

Hökumət iqtisadi böhrandan çıxış yolu kimi yol xəritələri qəbul etdi.Bu müddət ərzində qeyri-neft sektorunu inkişaf edə bildimi?Ümumiyyətlə, günümüzdə uzunmüddətli proqramların faydası hiss olunurmu?

"İqtisadiyyatda baş verən proseslər iqtisadiyyatla əlaqəli deyil”

Natiq Cəfərli bunu yol xəritələrini yaxşı oxuyan tələbənin kurs işinə bənzətdi. O bildirib ki, həmin yol xəritələrində doğru sözlər vurğulanıb, amma mexanizmlər yoxdur:

"İqtisadiyyatda baş verən proseslər iqtisadiyyatla əlaqəli deyil. İdarəetmənin iqtisadiyyatda baş verən proseslərə adekvat reaksiya verməməyinin nəticəsidir.İdarəetmədə yeni yanaşma ortalığa qoyulmadığı üçün iqtisadiyyatda atılan addımlar effekt vermir.Əsas problem budur.Hökumət anlamalıdır ki, iqtisadiyyatda qəbul etdikləri qərarlar yerinə yetirilmir.Çünki indiki vacib şərt idarəetmənin və məhkəmə hakimiyyətinin dəyişməsidir.Yol xəritələri hədəf olaraq doğru yazılıb, amma onun həyata keçirilməsində idarəetmədən qaynaqlanan problemlər var. Bu problemləri həll etmədən təəssüf ki, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları