Yuxarı

Bankların xilas formulu

Bankların xilas formulu

Əkrəm Həsənov: "Palata bunu əmanətçilərin hesabına  etmək istəyir”

Azərbaycanda baş verən ağır iqtisadi böhran bankların fəaliyyətində ciddi problemlər yaratdı.Yaranan problemlər isə əsasən banklarda nağd pul dövriyyəsinin azalması ilə müşahidə olundu.Belə ki, banklardan nağd şəkildə verilən kreditlərin geri dönməməsi, problemli kreditlərə çevrilməsi bankların maliyyə problemlərini daha da artırdı.Xüsusilə, ikinci devalvasiyadan sonra banklarda yaranan kapital çatışmazlığı ölkədə iqtisadi aktivliyi də ciddi şəkildə zəiflətdi.Əsasən orta və kiçik sahibkarlığa dəyən ciddi zərər bu gün ölkə iqtisadiyyatında özünü açıq şəkildə göstərir.Ancaq bu gün hər kəsi maraqlandıran əsas sual problemli bankların niyə bağlanmamasıdır?

Bu gün Azərbaycanda fəaliyyət göstərən 30-dan çox kommersiya bankının demək olar ki, böyük əksəriyyəti ciddi maliyyə problemləri ilə üz-üzədir. Ancaq bəzi banklar istisna olmaqla bir çox bankların hesabatlarında müsbət saldo (oxu: bankın mənfəəti) göstərilir. Ancaq hesabtlarında müsbət saldo göstərilən bəzi bankların fəaliyyəti rəqəmlərə adekvat deyil.Bəzi banklar kredit vermir, bir sıra bank əməliyyatalrını, xüsusilə də pul köçürmələri yerinə yetirmir.

Maliyyə bazarında yaranan problemlərin kökü isə zamanında aparılan yanlış maliyyə-kredit siyasətinə gedib çıxır.Yüksək faizli kreditlər, xarici valyutanın dövriyyəsinə üstünlük vermək nəticədə elə bankların vəziyyətini ağırlaşdırdı.

Ekspertlər dəfələrlə vurğulayıb ki, Azərbaycanda bank sistemi müasir dünya standartlarına cavab vermir, bankların çoxu qeyri-sağlamdır, ona görə də bu sistemin sağlamlaşdırılmasına, yenidən qurulmasına  ehtiyac var. Bunun üçün, ilk növbədə, qeyri-sağlam banklar bağlanmalıdır. Belə bankların sistemdə qalması sağlam banklara da pis təsir göstərir.Qeyri-sağlam banklar müflislik həddində olan, öhdəlikləri əmlaklarından, yəni, verdiyi borclar və kreditlərdən çox olan banklardır.Bank problemli kreditləri ala bilmirsə, deməli, öz əmanətçiləri və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcək.Belə banklar bağlanmalıdır, çünki onlar hələ də vətəndaşlardan əmanət qəbul edir, ancaq sonra geri ödəməkdə çətinlik çəkir.Bir çox hallarda isə ümumiyyətlə, əmanətlərin qaytarılması prosesi dondurulur.

Beynəlxalq təcrübədə kapital çatışmazlığı ilə üzləşən bankların lisenziyası birdəfəlik ləğv olunur.Rusiya Mərkəzi Bankı da eynilə bu prosesə başlamağa hazırlaşır. Belə ki, "Bank VTB” ASC-nin (Rusiya) rəhbəri Andrey Kostin deyib ki, Rusiya Bankı (Mərkəzi Bank) bu il kapital çatışmazlığı problemi yaşayan təxminən 80 bankın lisenziyasını ləğv edəcək. Bu kifayət qədər böyük rəqəmdir.Azərbaycanda da banklar kapital çatışmazlığı problemi yaşayır.Kapital çatışmazlığı ilə üzləşən Azərbaycan banklarını da bu aqibət gözləyirmi?

Bank sistemində yaşanan problemi "Cümhuriyət” qəzetinə şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, bu gün Azərbaycan banklarının bir çoxunda maliyyə çatışmazlığı var. Ancaq ekspert bu bankların bağlanacağına inanmadığını bildirib:

"Bankları, 50 faizi bu problemlə üz-üzədir. Ancaq maliyyə problemi ilə üzləşən həmin banklar saxta hesabatlar tərtib edərək kapital çatışmazlığını gizlədirlər.Yəni, kapital çatışmazlığı əsas götürülsə, çox bankın lisenziyası ləğv oluna bilər.Amma düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bankları bağlamaq yolunu tutmur.Yəni, Palata mənfi imic formalaşdırmaq istəmir ki, bu qurum yarandı və banklar bir-bir bağlanır.Hesab edirəm ki, Palata bankları xilas etmək niyyətindədir. Amma Palata bunu həmin banklarda əmanətləri olan sahibkarların hesabına  etmək istəyir. Biz bu prosesin Azərbaycan Beynəlxalq Bankında şahidi olduq. Beynəlxalq Bankın xarici kreditorlarına təklif edirlər ki, banka güzəşt etsinlər və bunun müqabilində xarici donorların müəyyən kapitalı geri qaytarılsın. İndi isə eyni təklifləri kapital çatışmazlığı ilə üzləşən bankların yerli kreditorlarına hazırlayırlar.Palata bu yolla bankları xilas etmək istəyir.

Bu baxımdan hesab edirəm ki, kapital çatışmazlığı səbəbindən maksimum 2-3 bankın lisenziyası ləğv oluna bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları