Yuxarı

AZAL Azərbaycana yox, Gürcüstana qazandırır

AZAL Azərbaycana yox, Gürcüstana qazandırır

Nazim Bəydəmirli: "Vətəndaşlara ucuz xidmət göstərilməlidir”
 
Ölkə əhalisi Azərbaycan Hava Yolları (AZAL) biletlərinin bahalığından əziyyət çəkir. AZAL tərəfindən müəyyənləşdirilən qiymət siyasətində ciddi boşluqlar var ki, bu da sərnişinlərin narahatlığına zəmin yaradır. Dəfələrlə sərnişinlər AZAL-ın bilet qiymətləri və xidmətlərinin bahalığından şikayətləniblər. Konkret desək, AZAL hava yolları sahəsində monopoliyanı ələ keçirib və rəqabətli mühitin formalaşmasına imkan vermir. 

Dəfələrlə ölkə başçısı da müvafiq qurumlara qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verib. Amma ölkə başçısının müvafiq tapşırıqlarına nə əməl olunur, nə də monopoliyanın qarşısı alınır. AZAL-ın Nyu-York - Bakı səfəri ilə Nyu-York - Tiflis reysi arasında yaranan ikiqat qiymət fərqi narazılıq doğurub. Belə ki, AZAL Nyu-Yorkdan Tiflisə bir nəfərlik biletin qiymətini 341 avroya, Bakıya isə 672 avroya qoyub. 


 
"Bəzən xaricə səfərlərimi Tiflis üzərindən edirəm”
 
Məsələ ilə bağlı iqtisadçı-ekspert Nazim Bəydəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında mövzunun xeyli müddətdir ki, mətbuatda, sosial şəbəkələrdə müzakirə olunduğunu deyib:

"Vətəndaşlar, hətta özüm də bəzi xaricə səfərlərimi Tiflis üzərindən edirəm. Keçən il Polşaya uçmaq üçün Gürcüstandan istifadə etdim. Təqribən 70 faiz qiymət fərqi var idi. Fikirləşdim ki, vəsaitimə qənaət edim. Əslində illər boyu AZAL, hətta digər ucuz tarif təklif edən aviakompaniyalar elə xidmət haqqı təklif edir ki, o qiymətlər bərabərləşir. Məsələn, Moskvaya bilet alırsan. Digər kampaniyaların təklif etdiyi qiymətlərlə AZAL-ın təklif etdiyi tariflər arasında fərq qalmır. Bu yolla AZAL monopoliyanı daha da möhkəmləndirir”.

Ekspert qeyd edib ki, ölkə başçısı dəfələrlə çıxışlarında deyib ki, bütün xərclər dövlət hesabına qarşılanır: "Yanacaq AZAL-a ucuz qiymətə verilir. Yeni təyyarələr, avadanlıqlar dövlət hesabına alınır. Niyə biletlər və xidmətlər bu qədər bahadır? Hesab edirəm ki, bu suallar bir daha AZAL rəhbərliyinə ünvanlanmalıdır. Eyni zamanda həm dövlət büdcəsi qarşısında götürülən öhdəliklər tam yerinə yetirilməlidir, həm də vətəndaşlara ucuz xidmət göstərilməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları