Yuxarı

ABŞ qaz bazarını da "öldürür”

ABŞ qaz bazarını da

Zəfər Vəliyev: "ABŞ Asiya qaz bazarlarında ciddi rəqabətə girişməli olacaq” 
 
ABŞ 2020-ci ilə qədər sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir. Bu barədə məlumat Ağ Evin saytında yer alıb. Məlumata görə, 2016-cı ildən 2040-cı ilə qədər ABŞ təbii qazının satışından federal büdcənin gəlirlərini 118 milyard dollara qədər artıra bilər. Məlumatda həmçinin o da qeyd edilib ki, ABŞ-ın "qaz inqilabı” sıxılmış təbii qaz ixracatçısı kimi ölkənin qlobal oyunçuya çevrilməsinə gətirib çıxaracaq. Qeyd edək ki, 1953-cü ildən indiyədək ABŞ təbii qazın xalis idxalçısı olub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin aprelin 28-də sələfi Barak Obamanın şelfdə mineral ehtiyatların hasilatının, Atlantik, Sakit okeanlarında və Meksika körfəzində neft və qaz hasilatı genişləndirilməsinin məhdudlaşdırılması ilə bağlı fərmanını ləğv edib. Sənəd təxminən 7 mln. kvadrat kilometr ərazidə hasilat işlərinə başlamağa icazə verir. Bu ərazilərdə 90 mlrd. barrel neft və 9 trln. kubmetr qaz ehtiyatının olduğu güman edilir.

Görünən odur ki, ABŞ dünyadakı qaz bazarını da öldürmək niyyətindədir. İstənilən zaman qiymətləri endirib tək hegemon dövlət olduğunu sübut edəcək. Rusiyaya və digər ölkələrə təzyiq sistemi olan üsul kiçik ölkələrə də təsirsiz ötüşməyəcək.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, 2014-cü ilin sonundan başlayaraq qlobal neft bazarlarını cənginə alan depressiv vəziyyət qlobal qaz bazarlarına da təsirsiz ötüşməyib: "Bu gün həm neft, həm də qaz bazarlarında kəskin profisit müşahidə edilməkdədir. Ona görə də, 2020-ci ilə qədər beynəlxalq qaz bazarlarına ABŞ-ın sıxılmış təbii qazın (LNG) potensial ixracatçı ölkə qismində daxil olması və qlobal qaz bazarlarının aparıcı oyunçusuna çevrilməsi mümkün deyil. ABŞ mövcud texnologiya ilə istehsal etdiyi LNG sıxılmış təbii qazı dünya qaz bazarlarında dominant mövqe əldə etməsinə imkan verməz. Çünki bu texnologiya ilə alınan qaz boru kəməri qazının maya dəyərindən artıqdır. Buna həm artan daxili tələbat, həm də beynəlxalq bazarlarda rəqabətə girişmək imkanı verən ixrac həcmləri mane olur. Təbii ki, ABŞ LNG ixracında Asiya Sakit Okean Regionu bazarlarının illik qaz portfelində hansısa paya sahiblənə bilər. Hansı ki, bazarlarda boru kəməri qazı ilə rəqabət mövcud deyil. Bu səbəbdən ABŞ Asiya qaz bazarlarında Rusiya, Avstraliya, Qətər kimi potensial LNG tədarükçüləri ilə ciddi rəqabətə girişməli olacaq. Belə olan təqdirdə adı keçən bazarlarda ciddi rəqabət fonunda hazırda neft bazarlarında olduğu kimi həm sıxılmış qaz həcmlərinin profisiti yaranacaq. Həmçinin satış proqramlarında bazar konyukturundan asılı olaraq qiymət enmələri baş verəcək ki, bu da son nəticədə LNG istehsalının rentabelliyini təhdid altına alacaq. Belə olan təqdirdə ABŞ-ın qlobal qaz bazarlarını təhdid edəcək dempinq siyasəti nə yaxın, nə də uzaq perspektivdə mümkün deyil”.

Zəfər Vəliyevin sözlərinə görə, ABŞ-ın Avropa qaz bazarında boru kəməri qazı ilə rəqabətə girməsi kommersiya nöqteyi-nəzərindən mümkün deyil: "Əgər biz konkret Avropa qaz portfelinə nəzər salsaq görərik ki, Avropanın illik qaz portfelində boru kəməri qazının xüsusi çəkisi LNG-nin xüsusi çəkisindən dəfələrlə artıqdır. Eyni zamanda hazırda Avropanın qaz infrastrukturunun konfiqurasiyası boru kəməri qazına tam şəkildə meyllidir. Digər tərəfdən də, sıxılmış qazın Avropa bazarlarında uzunmüddətli kontraktlarla və sabit qiymətlərlə tənzimlənən boru kəməri qazı ilə rəqabətə girməsi kommersiya baxımından mümkün deyil. Bunu həm Avropanın qaz operatorları, həm də kommunal şirkətlərdə etiraf edirlər. Bu baxımdan Avropa qaz bazarları daha çox boru kəməri qazına meyllidir. Bunun zatən sübuta ehtiyacı da yoxdur. Son illərdə Avropaya yönəlik boru kəməri qazının tədarükünü şərtləndirən Transbalkan, Taransqaradəniz , Cənub Qaz Dəhlizi kimi layihələr buna əyani sübutdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları