Yuxarı

Sığorta bazarında hərc-mərclik

Sığorta bazarında hərc-mərclik

Xəyal Məmmədxanlı: "Hesab edirəm ki, onların sayı bir az da azaldılsa, daha yaxşı olar”

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyəti üçün lisenziya verib. Məlumata görə, lisenziya bu il mayın 12-də 5 il müddətinə verilib. Xatırladaq ki, "Naxçıvansığorta”nı 2014-cü ildə "Naxçıvanbank” ASC təsis edib. Nizamnamə kapitalı 5,5 milyon manat olan şirkətin hüquqi ünvanı bankla eyni - Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 7-dir. "Naxçıvansığorta” indiyə qədər "Naxçıvanbank”ın müştərilərinə qeyri-qanuni sığorta xidməti göstərib. 

Bu fakt ictimailəşdikdən sonra MBNP şirkətlə bağlı araşdırmalara başlayıb, amma bunun nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib.Təxminən 2 ay bundan əvvəl isə Palata "Naxçıvansığorta”ya qanuni fəaliyyət göstərməyə icazə verib.

Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı "Cümhuriyət” qəzetinə bildirib ki, "Naxçıvansığorta” ASC bir neçə ildir yaranıb, yalnız Naxçıvan MR daxilində fəaliyyət göstərirdi: 

"Əvvəllər Naxçıvan Maliyyə Nazirliyinin də lisenziya vermək səlahiyyəti var idi. Görünən odur ki, yeni lisenziyanın əsasında bütün Azərbaycanda "Naxçıvansığorta” fəaliyyət göstərə biləcək.Bu, yaxşı haldır.Əslində bu, regional bir şirkətin bütün Azərbaycan üzrə fəaliyyətinin genişləndirilməsidir.Vaxtilə Azərbaycanda 68-69 sığorta şirkətləri olub.Həmin ərəfədə xüsusən də topdan və pərakəndə bazarın böyük bir qismini əsasən 5-10 şirkət aparırdı.Yerdə qalanları isə holdinqlərə, qruplara bitişik şirkətlər idi.Bu gün bazarda şirkətlərin sayının azalması və keyfiyyətlərinin artırılması normal bir haldır.

Hətta hesab edirəm ki, onların sayı bir az da azaldılsa, daha yaxşı olar. Çünki hazırda həm hesabatlılıq, həm likvidlik, həm də banklarda sığorta şirkətlərinin əmanətlərini yerləşdirməsi ilə bağlı ağır tələblər, o cümlədən bir çox şirkətlərin bank təsisçiləri olması və.s.kimi məsələlər var. Bu isə ona deməyə əsas verir ki, bazarda yeni birləşmələr qaçılmazdır. Yəni, daha bir neçə şirkətin ləğvolunma və birləşmə ehtimalı var. Hazırda bazarda təxminən 27 sığorta şirkəti var. Hər bir halda Azərbaycan üçün 25 sığorta şirkəti kifayətdir”.

Ekspert bu gün sığorta bazarındakı problemi şirkətlərin sayında görməyib:

 "Təklif edərdim ki, bu gün fəaliyyət göstərən şirkətlər konkret sığorta növləri üzrə ixtisaslaşsın. Hazırda şirkətlərin fəaliyyətinə baxanda görmək olur ki, hamı bir-birinin bazarına girir, vəsaitlərini oğurlayır, birinin etdiyini o biri təkrar edir.Yaxşı olardı ki, hər şirkət müəyyən bir sığorta növü üzrə ixtisaslaşsın.

Təbii ki, bütün xidmətlər üzrə fəaliyyət göstərən universal şirkətlər də olmalıdır.Kənd təsərrüfatı Azərbaycanın ən prioritet sahələrindən biridir.Təəssüflər olsun ki, bu gün Azərbaycanda bu sahənin sığortalanması ilə məşğul olan şirkət yoxdur.Bundan əlavə məsuliyyət sığortası da ən ciddi inkişaf tələb edən sahələrdən biridir.Amma şirkətlər bu sahə üzrə ixtisaslaşmırlar.Sadəcə olaraq bir neçə kiçik məsuliyyət formalarını sığorta edirlər.Həmçinin tibbi sığorta çox ciddi ixtisaslaşma tələb edən sahələrdən biridir.Doğrudur, Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış şirkətlər var, amma onların sayı daha da arta bilər.Buna görə də düşünürəm ki, 25 sığorta şirkəti Azərbaycan bazarı üçün kifayət edər.Zənnimcə, şirkətlərin xidmətlərinin keyfiyyətini yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə, eləcə də yeni sığorta məhsullarının bazara gətirilməsinə diqqət yetirilsə, daha yaxşı olardı, nəinki onların sayının artırılmasına”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları