Yuxarı

Azərbaycanda dollar-avro mübarizəsi

Azərbaycanda dollar-avro mübarizəsi

Son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu inzibati xarakter daşıyır. Lakin müşahidələr ötən aylardan dollara tələbat və onun satışı müntəzəm olaraq artdığını göstərir. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Maraqlıdır banklarda vəziyyət necədir? Dollara daha çox tələbat var, yoxsa avroya? Bunu araşdırmaq üçün bir neçə bankla əlaqə saxladıq. 

"Kapital Bank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Sədrəddinov Cebhe.info-ya açıqlamada bildirib ki, dollardan fərqli olaraq avroya olan maraq fəsli xarakter daşıyır: 

"Dolların alış-satışı hər zaman var. Amma yay fəsli ilə əlaqədar olaraq Avropaya səyahətlərin artması avroya marağı artırır. Ümumilikdə, müqayisə etdikdə deyə bilərik ki, avronun məzənnəsinin artmasına, mövsümə baxmayaraq yenə də dollara maraq üstünlük təşkil edir”. 

"Access Bank”dan da bildirilib ki, avronun məzənnəsi artsa da, həmişəki kimi dolların alış-satışına tələbat var: 

"Yay fəsli olsa da, dollara tələbat bir neçə ay öncəki səviyyədədir. Heç nə dəyişməyib. Avroya tələbatda isə heç bir dəyişiklik yoxdur”. 

"Access Bank”da dolların alışı 1.69, satışı 1.70, avronun alışı 1.88.9, satışı isə 1.93.99 manatdır. 

Avronun məzənnəsində artım olsa da maraq azdır. Banklar arasında aparıdığımız sorğunun nəticəsindən bu qənaətə gəldik. Bəs marağın az olmasının səbəbi nədir?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O bildirib ki, əslində Azərbaycanda məzənnə siyasəti tənzimlənəndir. Dollara qarşı manatın məzənnəsi sabitləşdirilib: 

"Lakin bu sabitləşmə iqtisadi qaydaların yaratdığı təbii səbəblərdən dolayı yox, manat kütləsinin, iqtisadi aktivliyin azalması, banklarda olan problemlər, kredit verilişinin dayandırılması ilə əlaqədardır. Ümumdaxili məhsullarda (ÜDM) azalma oldu. Ötən il ÜDM 1.3 faiz olub ki, bu il də ilk 5 ayda 1 faiz azalma qeydə alınıb. Son zamanlar dollara olan tələbatın artması müşahidə edilir. Artıq bir aydan sonra yeni tədris mövsümünə hazırlıq başlayacaq. Ölkədə 1 milyon 500 minə yaxın müəllim, tələbə, şagird məktəbə hazırlaşır. Azərbaycanda bütün məktəb ləvazimatları, geyimlər, lazım olan digər avadanlıqlar xaricdən gətirilir. Bütün bunlar xaricə axacaq valyutanın həcmində artım olacağını deməyə əsas verir. Tələbat artdıqca məzənnədə dəyişiklik olacaq. Kəskin fərq olmasa da, avqust-sentyabr aylarından dekabradək manatın zəifləmə dalğasını görə bilərik. Maksimal hədd 1.90 manatdan yuxarı olmaz. 

Ölkədə avroya marağın az olmasının iqtisadi və psixoloji amillərlə əlaqədar olduğunu deyən iqtisadçı vurğulayıb ki, əhali daha çox dolları etibarlı valyuta hesab edir: 

"Azərbaycanın ticari tərəfdaşlarının əksəriyyəti dollarla al-verə üstünlük verir. Avrozonadan ölkəyə gətirilən malların həcmi artır. Amma daha çox dollara etibar, inam olduğundan avroya maraq nisbətən azdır”.

Nigar Cahid





Həftənin ən çox oxunanları