Yuxarı

Rusiya iqtisadiyyatına şok

Rusiya iqtisadiyyatına şok

Rusiya iqtisadiyyatı ciddi problemlərlə üzləşib. İyun ayının sonuna olan məlumata görə, Rusiya iqtisadiyyatında inflyasiyanın həcmi 4,4 faiz təşkil edib. Bu, may ayı ilə müqayisədə 4,1 faiz yüksəkdir. Vəziyyətin belə sürətlə dəyişməsi Rusiyanın bank sistemində şok effekti yaradıb. Rusiya mediasının yazdığına görə, əgər bu tendensiya iyul ayında da qalmaqda davam edərsə, Mərkəzi Bank bu ayın sonunda uçot dərəcəsini azalda bilməyəcək. Kreditlər üzrə müəyyən olunan dərəcələrin azaldılmaması nəticəsində investisiya fəallığı və iqtisadi artım dayanacaq. 

Rusiya Dövlət Statistika Komitəsi istehlak qiymətlərinin iyun ayına olan indeksini açıqlayıb. İnflyasiyanın həcmi hər ay üçün 0,6 faiz, cari ilin əvvəlindən 2,3 faiz, 2016-cı ilin iyun ayı ilə müqayisədə 4,4 faiz təşkil edib. İyun ayında meyvə-tərəvəz məhsullarının qiymətində kəskin artım qeydə alınıb. Belə ki, ağ kələm 1,5 dəfə. alma, portağal, çuğundur, kartof və yerkökü 15,9-22,4 faiz bahalaşıb. 

Mərkəzi Bankın Pul-Kredit Siyasəti Departamentinin direktoru İqor Dimitriyev iyun inflyasiyasının neqativ sürpriz və şok olduğunu bəyan edib: "İyul ayında inflyasiyanın sürətlənəcəyi fakt deyil. Artıq kartof yığılır. Onda bir hissəsi oynayır. Yoxsa 4,3 faizdə saxlaya bilərik. Mən iyul ayına əmin deyiləm".

"Ancaq iyun ayında şok daha böyük olub. Bu neqativ sürpriz idi-4,4 faiz".  Mərkəzi Bankın rəsmisi hesab edir ki, iyun ayında meyvə-tərəvəz məhsullarının sürətlə bahalaşması gözlənilən idi. 

Cari inflyasiya dalğası Nazirlər Kabinetinin gözləntiləri ilə ziddiyyət təşkil edir. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə bu il inflyasiyanın həcmi 3,8 faiz olmalıdır. İqtisadi inkişaf naziri Maksim Oreşkin hökumətə öz proqnozunu çox optimist şəkildə təqdim edib. "İnflyasiyanın və tərəvəzin qiymətinin artması baxımından, son həftələr Rusiya iqtisadiyyatı üçün heç də optimist deyil. Lakin bu, yazın, yayın soyuq keçməsi kimi iqlim amillərinin təsiri ilə bağlıdır. Biz iyul-avqust aylarında məhsul yığımı ilə əlaqədar bazarda qiymətlərin enəcəyini gözləyirik"-Oreşkin belə deyib. İqtisadi İnkişaf Nazirliyinin proqnoza yenidən baxacağı məlum deyil. 

Ekspertlər isə hesab edirlər ki, bu hesabla, o cümlədən, rublun zəifləməsi fonunda nazirliyin vəd etdiyi göstəriciyə nail olmaq çox çətindir. "Brokerkreditservis"in baş iqtisadçısı Vladimir Tixomirovun fikrincə, inflyasiyanın 5 faiz həddinə çatması daha real görünür:

"İyun ayında 4,4 faizlik göstərici mənim özüm üçün də şok oldu. Baxmayaraq ki, ikinci rübdə inflyasiya gözlənilən olsa da biz onu 4,2-4,3 faiz həcmində proqnozlaşdırırdıq. Səbəb məlumdur: mart-aprel aylarının sonunda möhkəmlənməyə başlayan rubl may ayında zəifləməyə başladı. Bu baxımdan, idxal məhsullarının qiyməti artdı. İkinci rübdə adətən, idxal məhsullarına mövsümi tələbatın artması ilə əlaqədar olaraq inflyasiya da artır. Əgər bu zaman rubl zəifləyirsə, biz ikiqat səmərə əldə edirik. Rublun növbəti inflyasiyası məhsul yığımından və rublun kursundan asıılıdır" - deyə Tixomirov bildirib.

Onun sözlərinə görə, havaların soyuq keçməsi ilə əlaqədar yüksək məhsul yığımı gözlənilmir. Ona görə də avqust-sentyabr aylarında ciddi defilyasiya olmayacaq. Deməli, inflyasiya yüksək olaraq qalacaq. Əgər neftin qiyməti bir qədər də aşağı düşsə, rublun dəyərini növbəti dəfə itirməsi inflyasiyanı daha da sürətləndirə bilər.

"Kapital PF" Konsaltinq Şirkətinin baş mütəxəssisi Yevgeni Nadorşin ilin sonuna qədər 4,5 faizlik inflyasiyanın gözlənildiyini deyib. Onun sözlərinə görə Rusiya Mərkəzi Bankı uçot dərəcəsinin azaldılması üzrə siyasətini formalaşdıra bilmir. Əgər qiymətlər iyun ayındakı sürətlə yüksələrsə, yaxın 3 həftə ərzində kommunal xərclər orta hesabla 4 faiz artacaq. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, tənzimləyici orqan uçot dərəcəsini aşağı salmayacaq. Ekspert bildirib ki, Mərkəzi Bank iyulun 28-də keçiriləcək iclasında uçot dərəcəsini 8,5 faiz aşağı salmalıdır. Əgər Mərkəzi Bank fasilə verib gözləmə mövqeyiy tutsa, bu iqtisadi artıma mənfi təsir göstərəcək, kreditlərin həcmi azalacaq, sərmayələrin bərpa olunması və istehlak məhsullarına tələbat zəifləyəcək. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları