Yuxarı

Dünya üçün təhlükəli həftə

Dünya üçün təhlükəli həftə

FES-in qərarı bazarlarda təlatüm yaradacaq

Vahid Əhmədov: "Azərbaycan üçün o qədər də ciddi problem yaratmayacaq”

Gələn həftə bazarın bir nömrəli gündəmi ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen olacaq. ABŞ-da iyun ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra bu həftə Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FES) sədri Janet Yellenin çıxışı bazarlar tərəfindən maraqla gözlənilir. Yellen çərşənbə və cümə axşamı günləri Nümayəndələr Palatasında yarımillik hesabat verəcək. FES sədrinin məşğulluq göstəricisi və pul siyasətinə dair mesajları əhəmiyyətli olacaqdır.

ABŞ-da cümə günü açıqlanan məlumata görə, kənd təsərrüfatı xaric məşğulluq iyunda 222 min ilə proqnozdan çox artıb. Lakin, FES-in inflyasiya baxımından diqqətlə izlədiyi orta saatlıq maaşlar iyunda 0.3 faiz artım gözləntisinə qarşı 0.2 faiz yüksəlmiş, illik maaş artımı isə 2.5 faizdə sabit qalıb.

Mütəxəssislər aşağı çıxan orta saatlıq maaşlar rəqəminə baxmayaraq, FES-in siyasətində dəyişiklik olmayacağını və ilin sonuna qədər daha bir dəfə faiz artıracağını nəzərdə tuturlar. Bu həftə digər FES rəsmilərinin də çıxışları gözlənilir. Bunlarla yanaşı FES-in Bej Kitab hesabatı, inflyasiya və pərakəndə satış məlumatları açıqlanacaq. Məlumdur ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib. Uçot dərəcəsinin qaldırması ilə həm qlobal bazarlarda təşviş yaşanır, həm də dollara olan tələb artır.

Deputat Vahid Əhmədov "Cümhuriyət” qəzetinə bildirib ki, məzənnə siyasətində faiz dərəcəsinin artırılması istiqamətində ciddi addım atılmayacaq: "Yəqin ki, Almaniyanın Hamburq şəhərində G20 sammiti ilə əlaqədar müəyyən məsələlərə baxılıb. Doğrudur, Amerika böyük dövlətdir və onun öz siyasəti var. Amma proqnozlara görə, hələlik faiz dərəcəsində ciddi artım gözlənilmir. Bununla yanaşı müəyyən proqnozlar da var ki, ola bilsin sentyabr ayından sonra FES faiz dərəcəsində müəyyən qədər dəyişiklik etsin. Əlbəttə, əgər dolların uçot dərəcəsi artırılarsa, bazarlara müəyyən təsiri olacaq”.

FED-in qərarının Azərbaycana təsirinə gəlincə, deputat qeyd edib ki, bu, Azərbaycana birbaşa təsir etmir: "Çünki Mərkəzi Bank müəyyən qədər pul kütləsinə nəzarət mexanizmini gücləndirib, inflyasiya aşağı səviyyədədir. Ona görə də uçot dərəcəsinin artırılması, Azərbaycan üçün o qədər də ciddi problem yaratmayacaq".

Vahid Əhmədov onu da vurğulayıb ki, FES-in qərarından sonra maliyyə bazarlarının aktivlərində ciddi dəyişiklik qeydə alınıb: "Demək olmaz ki, FES dolların uçot dərəcəsini artırdı, ancaq maliyyə bazarları buna ciddi reaksiya vermədi. Bəzi dövlətlər var ki, FES-in qərarı özünü göstərir, bəzi dövlətlər də var ki, uçot dərəcəsinin dəyişməsi ciddi təsir göstərmir. Bu, daxili siyasətin qurulması ilə bağlıdır. Yəni, idxal-ixrac əməliyyatlarına nəzarəti gücləndirirlər, idxalı azaldıb, ixracı artırırlar. Elə problemlər var, dövlətlər özləri daxildə həll edirlər ki, uçot dərəcəsindən ciddi asılı olmasınlar”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları