Yuxarı

Azərbaycan-Rusiya: İqtisadi ziddiyyət artır

Azərbaycan-Rusiya: İqtisadi ziddiyyət artır

Politoloq, prezidentliyə sabiq namizəd Eldar Namazov mediaya açıqlamasında Azərbaycan Rusiya münasibətlərində enerji məsələlərinə dair ciddi narazılıqların olduğunu deyib.

"Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün son tədbirlər görülür.Rusiya isə bunun baş verməməsində maraqlıdır.İkinci səbəb, Azərbaycan şirkətlərinin NATO və Pentaqonun sifarişi ilə Suriyaya, Bəşər Əsədə qarşı olan müxalifətçilərə silah aparmasıdır.Bolqarıstan mediasında Kremlin sifarişi ilə yazılanları misal çəkmək olar.Üçüncü səbəb son dövrlərdə bəzi media orqanlarında Azərbaycan hərbi-sənaye kompleksinin Ukraynaya sifarişlər verməsi barədə yazılanlardır.

Bilirsiniz ki, Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb, ancaq təəssüf ki, bu siyasətin Qarabağ məsələsinə heç bir təsiri olmadı. Rusiya silah satışından milyardlarla dollar qazanır, hərbi zavodlarının işçiləri maaş alır, amma Ermənistana pulsuz silah verirlər. Bunu ört-basdır etmək üçün ruslar Ermənistanın müxtəlif sənaye komplekslərini ələ keçiriblər.Onsuz da Ermənistanın infrastrukturu da daxil olmaqla əsas mülkiyyəti rusların əlindədir.Belə bir anormal vəziyyət yaranıb ki, Azərbaycanın pulu ilə Ermənistan silahlandırılır.Bir daha deyirəm, Azərbaycanın milyardlarla ölçülən vəsaiti hesabına Rusiyanın silah zavodları dayanmır və bunun müqabilində Ermənistana pulsuz silah verilir.Bunun qarşısını almaq üçün müxtəlif təkliflər var. Ukrayna mediasında məlumat yayıldı ki, Azərbaycan bu ölkənin hərbi-sənaye kompleksinə böyük sifarişlər verəcək.Rusiya və Ukraynada istehsal olunan silahlar sovet dövründən qalmış texnologiya əsasında hazırlanır.Moskvanı da Azərbaycanın Ukraynaya üz tutması narahat edir.Səbəblər çoxdur, ancaq hansının əsas rol oynadığını demək çətindir.Amma aprel döyüşlərindən sonra qarşılıqlı narazılığın inkişafı faktdır”,-deyə Eldar Namazov bildirib.

Qeyd edək ki, Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərqdə cərəyan edən siyasi münaqişələr fonunda iqtisadi münasibətlər sanki diqqətdən kənarda qalmış kimi görünür.Rusiya ilə Azərbaycan arasında iqtisadi rəqabət xüsusilə, enerji və yükdaşımalar sahəsində özünü göstərir. Belə ki, Azərbaycanın tədarükçü rolunu oynadığı "Cənub Qaz Dəhlizi” faktiki olaraq, Rusiyanın Qara dəniz və balkanlardan keçməsi nəzərdə tutulan "Cənub axını” layihəsinə alternativə çevrilib. Rusiya, Azərbaycan və Türkiyə rəsmiləri öz açıqlamalarında dəfələrlə "Cənub Qaz Dəhlizi”nin "Cənub axını”na rəqib olmadığını deyiblər. Buna baxmayaraq, həm Avropa Birilyi, həm də ABŞ "Cənub Qaz Dəhlizi”ni dəstəklədiyini bəyan edib. Rusiya isə Qərbin sanksiyalarına məruz qaldığından öz təklifini reallaşdıra bilmədi.Ona görə də Moskva Azərbaycana məxsus mavi yanacağın Avropa bazarlarına çıxmasına siyasi qısqanclıqla yanaşır.Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutan "Transxəzər” layihəsinin indiyə qədər baş tutmaması da Moskvanın Aşqabada təzyiqlərinin nəticəsi hesab olunur.

Coğrafi mövqeyi yalnız Azərbaycanın özünün deyil, digər ölkələrin də Rusiyanın təzyiq və iqtisadi asılılığından yayınmasında mühüm rol oynayır.Tarixi "İpək yolu”nun bərpası Avropa ölkələrinə Azərbaycan üzərindən Mərkəzi Asiya və Çin bazarlarına (eyni zamanda əks istiqamətdə) çıxış imkanı yaradır.Vaxt və məsafə qısa olduğundan Avropa ölkələri Mərkəzi Asiya dövlətləri və Çinə yüklərin Rusiyadan yan keçməklə Azərbaycan üzərindən daşınmasına üstünlük verir.Həmin ölkələr sırasında Rusiyanın blokadada saxlamaq istədiyi Ukrayna, Gürcüstan, Belarus və Baltikyanı dövlətlər də var. 2017-ci ilin sonunda istifadəyə verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsindən sonra yükdaşımalar sahəsində imkanlar bir qədər də genişlənəcək.Şərqi Avropadan gələn yüklər gəmilərlə Gürcüstanın Poti limanına, oradan isə dəmiryolu ilə Azərbaycanın Ələt limanına, ya da Türkiyəyə daşınacaq.Bakıdan yola salınan yüklər Qazaxıstanın Aktau və Türkmənistanın "Türkmənbaşı” limanı vasitəsilə Mərkəzi Asiya və Çin bazarlarına yola salınacaq.

Məsafənin yaxın olması və eyni zamanda dəmir yolundan istifadə edilməsi daşınma xərclərini aşağı saldığından xarici dövlətlər Azərbaycanla əməkdaşlıqda maraqlı görünür. Ekspertlərin hesablamalarına görə, Azərbaycan yükdaşımalardan tranzit haqqı kimi il ərzində minimum 2 milyard dollar gəlir əldə edə bilər. Türkiyə Bakı-Tiflis-Qars dəmiryolu xəttini sonradan Ədirnə istiqamətində davam etdirmək, oradan isə ölkənin ümumi dəmiryolu şəbəkəsinə qoşmaqla Avropaya çıxışını tam təmin etmək niyyətindədir.Təbii ki, bütün bunlar da Rusiyanı narahat edir.Ona görə də Avropa və Mərkəzi Asiya bazarlarından sıxışdırılan Rusiyanın Azərbaycanla iqtisadi rəqabəti dərinləşə bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları