Yuxarı

Hökumət xərclərini azaldır

Hökumət xərclərini azaldır

YAP struktur islahatları siqnalı verdi

Əli Əliyev: "Nazirlər Kabineti, aparat və hakimiyyətin bölgələrədək uzanan bölmələrində kiçilmələr olacaq”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədə aparılacaq ciddi struktur islahatlarının anonsunu verib. S.Novruzov bildirib ki, struktur islahatları davam edəcək: "Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı.Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir.Hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür”.

YAP təmsilçisi qeyd edib ki, bununla bağlı qanunvericilik bazası qədər var: "Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti, təbii ki, cənab prezidentə məxsusdur.Hansı sahədə struktur məqbul hesab olunacaqsa, qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq”.

Çevik və mobil hökumət modeli

Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, siyasi idarəetmə sistemində ciddi islahatların aparılacağı xeyli müddətdir müzakirə mövzusudur.Vitse-Prezident İnstitutunun qurulması və I vitse-prezidentin təyin olunması bu islahatların başlanğıcı hesab oluna bilər.Sonrakı mərhələdə islahatların Nazirlər Kabineti, Prezident Aparatı və hakimiyyətin digər strukturlarında davam etdiriləcəyi də ehtimallar arasındadır.

Ekspertlər hesab edirlər ki, neftin dünya bazarlarında kəskin ucuzlaşması və buna adekvat olaraq, Azərbaycana valyuta daxilolmalarının azalması ixtisarları və islahatları labüd edir.Məsələn, Nəqliyyat Nazirliyinin ayrıca qurum kimi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi bu qəbildən sayılır.Hazırda da biri-birini təkrarlayan və fəaliyyət etibarilə eyni olan qurumlar var ki, islahatların növbəti mərhələlərində bunların birləşdirilməsi də nəzərdən keçirilə bilər.Ekspertlər hesab edir ki, ixtisarlar və qurumların birləşdirilməsi büdcədən qənaətlə istifadəyə də imkan yaradacaq.Bu baxımdan qənaət rejiminə keçəcək hakimiyyətin daha çevik və mobil hökumət modelinə üstünlük verəcəyi gözləniləndir ki, kabinetin tərkibi bu baxımdan xeyi sayda azaldıla bilər.Nazirlər Kabinetindən başlayacaq islahatların yerli icra hakimiyyəti orqanlarınadək gedəcəyi də gözlənilir.Başqa sözlə, hesab olunur ki, növbəti mərhələdə söhbət artıq bəzi nazirlik və dövlət komitələrinin hər hansı bir formada birləşdirilməsindən gedəcək.

"Nazirlər Kabineti və aparat kiçildiləcək”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında hakimiyyətin ciddi islahatlara gedəcəyi barədə fikirlərə münasibət bildirib O hesab edir ki, hakimiyyəti islahatlara ölkənin üzləşdiyi maliyyə çatışmazlığı sövq edir: "Hakimiyyət maliyyə böhranı şəraitində xərc və məsrəfləri azaltmaq istəyir. Bunun hələlik proqressiv islahatlar olacağını düşünmürəm.Çünki belə islahatlara getməyin əlamətləri görünmür.Hesab edirəm ki, bu kasıblıq və maliyyə qıtlığından əmələ gəlmiş istəkdir.Əlbəttə, islahatların tərkib hissəsi kimi Nazirlər Kabineti, aparat və hakimiyyətin bölgələrədək uzanan bölmələrində kiçilmələr olacaq.Bu da xərclərin azaldılması ilə bağlı olan məsələdir”.

Mənsur





Həftənin ən çox oxunanları