Yuxarı

3 milyardlıq böhranda "batan” banklar

3 milyardlıq böhranda

"Problemli banklar ya bağlanmalı, ya da birləşdirilməlidir, başqa çarəsi yoxdur”

Natiq Cəfərli: "Banklar isə dövlət dəstəyi olmadan vəziyyətdən çıxa bilməyəcəklər”

Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra kommersiya bankları maliyyə çatışmazlığı ilə üzləşdi. Bu gün demək olar ki, bankların əksəriyyəti maliyyə problemləri ilə üz-üzədir. Kreditləşmə azalıb, əmanətlər geri çəkilir və banklar iflas həddinə çatıb. Digər MDB ölkələrində də vəziyyət təxminən eynidir. Ancaq vəziyyətdən çıxış yolu tapanlar da var.  
Qazaxıstan hökuməti bankların maliyyə çatışmazlığını aradan qaldırmaq üçün kommersiya banklarına güzəştli maliyyə dəstəyinə qərar verib. Belə ki, Qazaxıstan bankları dövlətdən 500 milyard təngə (1,5 milyard dollar) məbləğində dəstək alacaq. Bu barədə Qazaxıstan Milli Bankının sədr müavini Oleq Smolyakov bildirib. Onun sözlərinə görə, banklar cari ilin avqust-sentyabr aylarından etibarən dövlət dəstəyindən yararlana biləcəklər. 

Sədr müavini həmçinin dövlət dəstəyinin bütün banklara şamil olunmayacağını deyib: "Bütün banklar iştirak edə bilməyəcək. Əsas parametrlərdən biri 45 milyard təngə məbləğində kapitalın olmasıdır. Biz fərdi qaydada bütün sifarişləri nəzərdən keçirəcəyik. Dövlət dəstəyi 15 ili əhatə edir. Lakin əsas dövr kimi ilk 5 il götürülüb". 

Qeyd etdiyimiz kimi Azərbaycanda da banklar acınacaqlı durumdadır. Bəs Azərbaycan bankları necə, böhrandan çıxmaq üçün dövlətdən kredit alırlarmı? Ümumiyyətlə, Azərbaycanda belə bir mexanizm varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda kommersiya banklarına birbaşa dövlət dəstəyinin olmadığını deyib. Onun sözlərinə görə, dövlətin banklara dəstək vermək niyyəti yoxdur:

"Ancaq Azərbaycan Beynəlxalq Bankı dövlətə məxsus olduğu üçün onun həm daxili, həm də xarici borclarını öz üzərinə götürdü. Yeyinti və korrupsiyanın çox olduğunu nəzərə alsaq, bu, kifayət qədər böyük məbləğ idi. Artıq Beynəlxalq Bankın 10 milyard dollarlıq daxili borcu silinib. Bu ilin sonuna qədər daha 4 milyard dolların silinməsi nəzərdə tutulub. Xarici kreditorlarla 3.3 dollarlıq borcla bağlı danışıqlar artıq bitmək üzrədir. Bu borcu da dövlət öz üzərinə götürüb. Yəni, dövlət birbaşa olaraq Beynəlxalq Banka dəstək göstərdi. Bu, çox böyük itkilər hesabına başa gəldi. Digər bankların heç birinə bu günə qədər heç bir dəstək proqramı olmayıb. Ümumiyyətlə, iki devalvasiyadan sonra bankların çox ağır duruma düşəcəyi öncədən bəlli idi. Bununla bağlı dəfələrlə hökuməti mətbuat vasitəsilə xəbardar etmişdik. Amma çox təəssüf ki, qabaqlayıcı tədbirlər görülmədi və bu gün artıq bank sistemi iflic vəziyyətindədir.

Son açıqlanan rəsmi statistikalar da göstərir ki, həm problemli kreditlərin həcmi artıb, həm kreditləşmə ötən ilin anoloji dövrünə nisbətən 1.6 milyard manat azdır. Digər tərəfdən, depozitlərdə 700 milyon manat azalma var. Yəni, insanlar banklara güvənmir və əmanətlərini geri çəkir. Nəticədə isə bank sektorunda çox ciddi problem yaşanır. Dövlət isə bununla bağlı heç bir dəstək proqramı açıqlamayıb. Ümumiyyətlə, belə bir niyyətinin olduğu da bilinmir. Sadəcə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi çərçivəsində kredit verə bilir. Son zamanlar bu kreditlərdə də çox ciddi azalmalar müşahidə olunur. Azərbaycanda uçot dərəcəsinin çox yüksək, 12 faiz olduğunu nəzərə alaraq bankların da Mərkəzi Bankdan kredit almaq marağı azalıb.

Mərkəzi Bankdan kredit götürən kommersiya bankları da bu faizin üzərinə əməliyyat, bankın saxlama xərclərini gələrək əhaliyə və biznes çevrəsinə çox yüksək faizlə kredit təklif edirlər. Bu çevrələrdə isə yüksək faiz olduğu üçün kreditə maraq yoxdur. Ona görə də son zamanlar kreditləşmə ciddi şəkildə, 1.6 milyard manat azalıb. Bu, ciddi rəqəmdir. Dövlətin dəstəyi olmadığı üçün bankların durumu ağırlığını qoruyur. Banklar nə qədər ağır durumda olacaqsa, iqtisadiyyatda hərəkətsilik o qədər çox davam edəcək. Çünki obrazlı desək, banklar iqtisadiyyatın qan-damar sistemidir. Hal-hazırda bu sistemdə qan dövranı, yəni pul dövranı azalıb və taqətdən düşüb. İndi Azərbaycan məhz bu sindromu yaşayır”.

Ekspert vəziyyətdən çıxmaq üçün təkliflərini də verib. N.Cəfərli bankların xilası üçün ilk yolun sağlamlaşdırılma prosesinin sürətlə tamamından getdiyini deyib: 

"Yəni, Azərbaycan hökuməti Mərkəzi Bank və yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bu məsələni çox uzatdı. Prosesi yarımçıq saxladılar. Sağlamlaşdırma başa çatmalıdır, "çürük” banklar bağlanmalı və ya birləşdirilməlidir. Sağlam, ayaqda dura bilən banklar isə dövlət dəstəyi olmadan vəziyyətdən çıxa bilməyəcəklər. Bu, açıq şəkildə görünür. Kommersiya banklarının təxminən 3 milyard dollara yaxın xarici öhdəlikləri var. Bu borcların geri qaytarılmasında böyük problemlər olacaq. Bunun yolu isə Beynəlxalq Bankda olduğu kimi borcların dövlət tərəfindən təmizlənməsi və bankların sağlamlaşdıqdan sonra yenidən kreditləşməyə açılmasıdır. Yaxud da Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalı və ya çox aşağı, 2-3 faizlə ən az 3-5 illik müddətə kredit verməlidir ki, heç olmasa kommersiya bankları düşdükləri vəziyyəti özləri idarə edə bilsinlər. Amma sağlamlaşma daha aqressiv getməlidir və tezliklə sistemində olan bütün problemli banklar, təşkilatlar ya bağlanmalı, ya da birləşdirilməlidir. Bunun başqa çarəsi yoxdur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları