Yuxarı

Kredit təşkilatlarına yolun sonu göründü

Kredit təşkilatlarına yolun sonu göründü

Qadir İbrahimlı: "Bu tendensiyanın yaxın 3 ildə də davam edəcəyi gözlənilir”

Bank olmayan kredit təşkilatları (BOKT) çöküşə doğru gedir. Cebhe.info xəbər verir ki, 1 ildən çoxdur maliyyə bazarında müşahidə olunan böhran banklarla yanaşı, qeyri-bank təşkilatlarına da ağır zərbə vurub. Çətin maliyyə şəraitində müqavimətə tab gətirə bilməyən, həmçinin, mənfəəti azalan təşkilatlar bazardan sıxışdırılaraq çıxarılır. Məlumat üçün qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən 21 kredit təşkilatını fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib. 

Bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli”, "Ağdaş”, "Aqrovest”, ”Balıqçı”, "Bənövşə”, "Buta”, "Fəqan”, "Fidan”, "Girdiman”, "İnkişaf”, "Meridian”, "Mikrokredit”, "Muxax”, "Nihat”, "Qarabağ-2010”, "Şəmkir”, "Şəmkir Aqro”, "Zərqova”, "Ziya” kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S” və "KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv olunub.
Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziyası alınıb.

İqtisadçı-ekspert Qadir İbrahimli Cebhe.info-ya açıqlamasında  BOKT-ların mövcud durumunu şərh edərək bildirib ki, qeyri-bank təşkilatlarının bazardan sıxışdırılması tendensiyası müşahidə olunur. Onun sözlərinə görə, ölkəyə daxil olan valyuta həcminin və əhalinin gəlirlərinin azalması maliyyə strukturlarına, o cümlədən, bank sektoruna da mənfi təsirini davam etdirir: "İstər banklar, istərsə də BOKT-lar yeni maliyyə şəraitini uyğunlaşa və adekvat qərarlar qəbul edə bilmirlər. Bu da sonda onların bağlanmasına gətirib çıxarır. Bu tendensiyanın yaxın 3 ildə də davam edəcəyi gözlənilir”.

Q.İbrahimli deyib ki, BOKT-ların mənfəət gəlirlərinin azalması problemli kreditlərin çoxalması, ödəniş qabiliyyətli təbəqənin gəlirlərinin azalması səbəbindən baş verir. 

Qeyri-bank təşkilatlarının birləşmə ehtimalından da danışan ekspert bunun üçün BOKT rəhbərlərinin çevik qərarlar almasının vacib olduğunu söyləyib: "Belə təşkilatlar bir-birilə razılığa gələrək birləşmə yolunu seçə bilərlər. Bunun üçün yüksək idarəetmə bacarığı tələb olunur. Rəhbərlər vaxtında problemi aşkar etməli, bu qərarı almaq üçün özündə güc tapmalı və lazımı addımı doğru vaxtda atmalıdırlar”.

Fərid





Həftənin ən çox oxunanları