Yuxarı

Qarşıdakı 2 il üçün dollar proqnozu

Qarşıdakı 2 il üçün dollar proqnozu

Natiq Cəfərli: "Azərbaycanın valyuta rezervləri ilə bağlı problem yaşanacaq”

Beynəlxalq təhlilçilərin proqnozlarına görə, Azərbaycanda dolların məzənnəsinin yaxın 2 ildə sabit qalacaq. Beynəlxalq reytinq agentliyi "Standard & Poor"s" Azərbaycan iqtisadiyyatının yaxın 4 ildə perspektivləri ilə bağlı hesabatında bildirir ki, dolların məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə isə 1,87 manat təşkil edəcək. Agentliyin həmçinin qeyd edib ki, ölkədə depozitlərin dollarlaşma dərəcəsi 60 faizdən yuxarı qalmaqda davam edir. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) monitor siyasətə təsir cəhdlərini məhdudlaşdırır. Həmçinin, yerli valyutada kapital bazarının kiçik həcmdə olması AMB-nin əməliyyatlarının effektivliyini aşağı salır.

"AMB-nin monetar siyasətinin aşağı effektivliyə sahib olması bizim Azərbaycanla bağlı reytinqimizi məhdudlaşdırır", - deyə agentlik bəyan edib. Maraqlıdır, beynəlxalq təhlilçilərin Azərbaycanla bağlı verdiyi dollar proqnozları nə dərəcədə real görünür?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, verilən proqnozlarda manatın indiki məzənnədən təqribən 15 faiz ucuzlaşacağı qeyd olunub:

"Həmin proqnozlarda neftin qiyməti, Azərbaycanın satacağı qazın həcmi və bir sıra məsələlərlə bağlı ayrıca göstəricilər var. Yəni, neftin qiyməti təqribən 60 dollar civarında  stabilləşsə, qazın qiymətində kəskin ucuzlaşma qeydə alınmasa, Azərbaycan qazını nəzərdə tutduğu kimi dünya bazarına çıxara bilsə, bu proqnoz özünü doğrulda bilər. Azərbaycan hökuməti maliyyə sabitliyi adı altında Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manata yaxın transfert həyata keçirtməyi düşünür.Artıq 2.2 milyard manata yaxın vəsait Fond tərəfindən Mərkəzi Banka ötürülüb.Son zamanlar Mərkəzi Bankın ehtiyatlarının artması məhz bununla bağlıdır. Hökumət ölkədə iqtisadi aktivliyin zəifləməsi fonunda dollar-manat məzənnəsinin sabitləşməsinə nail oldu. Həmçinin "Standard & Poor"s" agentliyi hesabatında qeyd edib ki, iqtisadi aktivliyin canlanması üçün bank sektorunda sağlamlaşdırma prosesi həyata keçirilməlidir.Bir çox məsələlər var ki, onlar həyata keçsə, həmin beynəlxalq agentliklərin proqnozları özünü doğrulda bilər.Amma həmin proqnozlara istinad etsək, hətta bunun doğru olacağını düşünsək, yaxın illərdə manatın 15 faiz civarında ucuzlaşması gözlənilir”.

İqtisadçının qəanətincə, növbəti illərdə kəskin devalvasiya olmayacaq: "Çünki hökumət anladı ki, iki kəskin devalvasiya Azərbaycan iqtisadiyyatını məhv etdi. Amma manatın yumşaq şəkildə dəyərdən düşmə prosesi baş verə bilər. Həm neftin qiymətində kəskin ucuzlaşma, həm də qazın satış həcminin az olması ilə bağlı ehtimallar var. 

Təbii ki, bu zaman beynəlxalq agentliklərin proqnozları özünü doğrultmayacaq.Eyni zamanda Azərbaycanın valyuta rezervləri ilə bağlı problem yaşanacaq.Bu zaman manatın ciddi şəkildə dəyərdən düşməsi prosesini izləyə bilərik.Neftin qiymətinin aşağı düşməsi ehtimalı qazın tariflərinə təsir edir.Çünki qazın qiyməti neftlə bağlıdır.Əgər yaxın 2 ildə qazın qiymətində enmə müşahidə olunsa, bu zaman daha ciddi problemlərlə qarşılaşmağımız qaçılmazdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları