Yuxarı

Xəzər regionunda tarixi dönüş

Xəzər regionunda tarixi dönüş

Rusiya Türkmənistanın enerji bazarından çıxarılır

Akif Mustafayev: "Azərbaycan-Türkmənistan-Türkiyə üçbucağı yaradılıb”

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri başlayıb. Ekspertlərin rəyinə görə, bu səfər həm Türkmənistan enerji siyasətində, həm də Azərbaycanla münasibətlərdə strateji əhəmiyyətli dəyişikliyə səbəb ola bilər. Belə ki, Azərbaycan və Türkmənistan arasında aparılan danışıqların əsas predmetini neft-qaz və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi təşkil edəcək. Əgər razılaşma əldə olunarsa, bütövlükdə Xəzər region və Cənubi Qafqaz üçün geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən ciddi dönüş baş verə bilər. 

Analitiklərin fikrincə, prezident Berdımuhammedovun Bakıya gəlişi Azərbaycanla Türkmənistan arasında 25 ildir davam edən fikir ayrılığının aradan qalxmasına yaxşı imkan yaradır. Söhbət ilk növbədə, iki ölkə arasında "Kəpəz” (Türkmənistan ona "Sərdar” adını verib) neft yatağı ilə bağlı mübahisənin aradan qalxmasından gedir. Azərbaycan kompromis variant kimi "Kəpəz”in birgə işlənməsini təklif etsə də rəsmi Aşqabad buna razı olmayıb və həmin yatağın Türkmənistan ərazisinə düşdüyünü iddia edib. Halbuki, "Kəpəz” yatağı 1988-ci ildən Azərbaycan neftçi-geoloqları tərəfindən kəşf edilib. Ekspertlər bildirir ki, BMT Nizamnaməsinin 38-ci maddəsinə və Beynəlxalq Dəniz Konvensiyasına görə, dənizdə yatağı kəşf edilən yataqlar onu aşkar edən dövlətə məxsusdur. Bu baxımdan, 80 milyon ton neft və 32 milyard kubmetr təbii qaz ehtiyatına malik "Kəpəz” yatağına sahib olmaq istəyən Türkmənistan Xəzər dənizinin dibinin bölünməsində rəsmi Bakının mövqeyi ilə razılaşmır. Türkmənistan sahil sularının hesablanmasında Abşeron yarımadasının nəzərə alınmaması kimi absurd təklif irəli sürür. Hətta Türkmənistan hökuməti "Kəpəz” yatağına mülkiyyət hüququnu sübut etmək məqsədilə 2009-cu ildə Beynəlxalq Arbitraj Məhkəmisinə müraciət etsə də heç bir nəticəsi olmadı.

Mütəxəssislərin fikrincə, "Kəpəz” yatağındakı karbohidrogen ehtiyatlarının 60 faizinin Azərbaycan, 40 faizinin isə Türkmənistan tərəfindən işlənilməsi barədə birgə razılaşma əldə etmək mümkündür. Razılaşdırılmış pay bölgüsü yatağın istismarı ilə məşğul olan beynəlxalq konsorsium çərçivəsində də müəyyən edilə bilər. Əgər Bakıda aparılan danışıqlar zamanı hər iki ölkənin rəhbərliyi "Kəpəz” yatağına dair birgə razılaşmaya nail olsa, bu Xəzər dənizinin hüquqi status ilə bağlı problemin həllinə yol aça bilər. Qeyd edək ki, indiyə qədər Xəzərin hüquqi statusunun müəyyənləşməsində Türkmənistanın barışmaz mövqe tutması Aşqabada Rusiya və İranın təsir imkanlarının geniş olması ilə əlaqədar olub. Ancaq Qurbanqulu Berdımuhammedovun Azərbaycana səfəri Türkmənistanın mövqeyində dəyişiklik kimi qiymətləndirilir. Hətta Bakıdakı danışıqlardan sonra Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycan üzərindən Avropaya nəqlinin mümkün olacağı haqda proqnozlar səslənir. "Transxəzər” qaz kəməri layihəsi ilə bağlı təkliflər mütəmadi olaraq gündəmə gəlsə də rəsmi Aşqabad bu məsələyə maraq göstərməyib. Ona görə də türkmən qazının Avropaya tədarükünü təşkil edəcək investorlar və həmin qazı Xəzərin dərin sularından nəql edəcək podratçı şirkətlərin tapılması yalnız ideya olaraq qalıb. Digər tərəfdən, Xəzərin hüquqi statusu ilə bağlı mübahisənin indiyə qədər həllini tapmaması da "Transxəzər” layihəsinin qarşısında əsas maneəyə çevrilib. Ona görə də prezident Berdımuhammədovun səfəri zamanı rəsmi Bakı ilə "Transxəzər” layihəsinə və ya "Kəpəz” neft yatağına dair razılaşma əldə olunsa, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi istiqamətində həlledici addım olacaq. 

Müstəqillik dövründə Türkmənistan qazının əsas alıcısı Rusiyanın "Qazprom” şirkəti olub. Türkmənistan bazarında "Qazprom”un inhisarçı mövqeyə sahib olması Aşqabadın enerji siyasətinin formalaşmasında ciddi təsir edib. Yəni Kreml Rusiya qazına əsas alternativ sayılan "Transxəzər” layihəsinin reallaşmaması üçün 2006-cı ilə qədər Saparmurad Niyazov, sonrakı dövrdə isə Berdımuhammedov iqtidarına daima təzyiq göstərib. Lakin son illər Türkmənistan qazına beynəlxalq tələbin artması bu ölkəyə "mavi yanacağın” diversifikasiyasını həyata keçirmək imkanı yaradıb. Hazırda Türkmənistan qazının əsas istehlakçısı Çin və Hindistan hesab olunuir. Türkmənistanın təbii qaz satışı üçün Asiya bazarına üz tutması Avropaya marağını azaldıb. Qeyd edək ki, Türkmənistanın Xəzər sektorunda 8,76 mlrd. kubmetr qaz ehtiyatı var. Quru ərazilərdəki yataqlarda isə "mavi yanacaq”ın həcmi 44, 24 mlrd. kubmetr təşkil edir. Türkmənistan Qazaxıstan və Özbəkistan üzərindən keçməklə Çinə təbii yanacaq ixrac edir. 55 mlrd. kubmetr ötürücülük gücünə malik olan boru xətti ilə üç istiqamətdə il ərzində 40 mlrd. kubmetr "mavi yanacaq” nəql edilir. Dördüncü düyüm boru kəmərinin 2021-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulub. Müqaviləyə əsasən Özbəkistan, Tacikistan və Qırğızıstandan keçəcək 4-cü kəmərlə Çinə il ərzində 65 mlrd. kubmetr təbii qaz satılmalıdır. Bundan başqa, Türkmənistan "Körpəcə”-"Kurtkui” və "Dövlətabad”-"Seraxs” kəmərləri vasitəsilə İrana il ərzində 20 milyard kubmetrdən artıq təbii qaz təchiz edir. Türkmənistan qazına əhalisinin sayı və iqtisadiyyatı böyüyən Hindistanın marağı getdikcə artır. Hazırda Türkmənistanın enerji bazarında Hindistan Çinin başlıca rəqibinə çevrilməkdədir. Pakistan isə bu prosesdə həm istehlakçı, həm də tranzit ölkə kimi çıxış edir. TAP layihəsi üzrə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan marşrutu il ərzində 33 milyard kubmetr təbii qazı ötürmək gücünə malik olacaq. 

Mütəxəssislərin qənaətincə, həmin enerji bazarlarını saxlamaqla yanaşı, Türkmənistan Avropaya da qaz nəql edə bilər. Buna nail olmaq üçün Türkmənistan ölkənin şərqindəki yataqlardan çıxarılmış və il ərzində 30 mlrd. kubmetr əmtəəlik qaz sata bilər. Şərq-Qərb marşrutu üzrə Avropaya ixrac ediləcək yanacağı uzunluğu 770 km olan 1420 mm-lik boru xətti ilə ilə nəql etmək mümkündür. Türkmənistanın "Cənub Qaz Dəhlizi”nə qoşulmasının ən optimal variantlarından biri kimi də Türkmənistan-İran-Azərbaycan marşrutu nəzərdən keçirilir. Ancaq "Cənub Qaz Dəhlizi” marşrutunun inşasının böyük hissəsinin başa çatması və Qərbin bu layihəyə dəstək verməsi görünür, prezident Berdımuhammedovu reallıqla barışmağa vadar edib. Rəsmi Aşqabad Avropada türkmən qazına ciddi tələbatın yarandığının fərqindədir və bu şansı əldən buraxmaq istəmir. Mövcud infrastruktur Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə türkmən qazını Avropa bazarlarına daşımağa əlverişli şərait yaradır. Berdımuhammedov hökumətinin buna razılıq verməsi Rusiya qazına alternativ mənbə axtaran ABŞ-ın Avropa Birliyinin "Transxəzər” layihəsinin inşasına marağını artıra bilər. 11 milyard dollar dəyərində qiymətləndirilən "Transxəzər” boru kəməri baş tutarsa, Türkmənistan "mavi yanacağı” Avropa bazarında daha yüksək qiymətə sata bilər. Çünki ABŞ-ın Rusiyaya tətbiq etdiyi sonuncu sanksiyalar fonunda "Qazprom” Türkmənistandan dünya bazar qiymətlərinə uyğun təbii qaz almaq və onu Avropaya satmaq imkanlarını itirib. Uzun illərdir Türkmənistanı enerji bazarında təklənmiş duruma salan "Qazprom” artıq özü təcrid vəziyyətinə düşüb. Belə olduğu təqdirdə, Berdımuhammedovun Azərbaycana üz tutması əslində, enerji bazarında Rusiyadan imtina edərək Qərbdə yeni tərəfdaşlar axtarmaq niyyəti kimi başa düşülə bilər.

Aşqabadın mövqeyində qeyd edilən dəyişiklik baş verərsə, bu Rusiyanın Türkmənistanın enerji bazarından çıxarılması ilə nəticələnə bilər. Türkmənistanla konsensusun tapılması Azərbaycanın həm iqtisadi, həm həm də siyasi maraqlarına cavab verir. Belə ki, "Transxəzər” layihəsinin baş tutması Azərbaycanı qaz tədarük edən ölkə ilə yanaşı, eyni zamanda tranzit ölkəyə çevirə bilər. Bu da Azərbaycana əlavə gəlir mənbələri əldə etmək imkanı yaratmış olar. İkincisi, Cənub Qaz Dəhlizinə ehtiyacın artması Azərbaycanın bölgədəki geostrateji mövqeyinin möhkəmlənməsi deməkdir. 

Türkmənistanın cəlb edən digər məqam İpək Yolu marşrutu üzrə yükdaşımaların həyata keçrilməsi ilə bağlıdır. Məlum olduğu kimi, Avropadan-Mərkəzi Asiya-Çin və əks istiqamətdə yüklər əsasən Azərbaycan üzərindən daşınır. Son illər Avropa dövlətləri, Türkiyə, Gürcüstan yüklərin Mərkəzi Asiya və Çin bazarına göndərilməsi, həmçinin qəbul edilməsi prosesində Azərbaycanın Ələt, Qazaxıstanın Aktau və Türkmənistanın "Türkmənbaşı” limanları vasitəsilə həyata keçirilməsinə üstünlük verir. Bu da daşınma məsafəsinin qısa olması, tranzit haqlarının ucuz başa gəlməsi ilə əlaqədardır. Eyni zamanda, Bakı-Tiflis-Qars dəmir yolunun 2017-ci ilin sonunda istismara veriləcəyi gözlənilir. Çox güman ki, bu amil də Türkmənistanın yüklərinin Avropa bazarına asan daşınmasını təmin etmək üçün Aşqabadın diqqətini cəlb edib. Türkmənistan TRASEKA-nın üzvü olmadığından yükdaşımalar əsasən Qazaxıstanın Aktau limanı vasitəsilə daşınır. Görünür, rəsmi Aşqabad Azərbaycanla münasibətdə nümayiş etdirdiyi siyasi populizmin yaxşı nəticə vermədiyini, qazanan tərəfin isə Qazaxıstan olduğunu nəzərə almağa başlayıb. 
TRASEKA-nın Azərbaycan üzrə Milli katibi Akif Mustafayevin verdiyi məlumata görə, hazırda Azərbaycandan Ələt limanı vasitəsilə yüklər şərq istiqamətində daha çox "Türkmənbaşı” limanı vasitəsilə yola salınır:

"Gələcəkdə yükdaşımaların həcmi artacaq. Bu məqsədlə Qazaxıstan "Kuruq” limanını inşa edib və bu istiqamətdə göndərilən yüklərin həcminin artacağı gözlənilir. Eləcə də Türkmənistan yükdaşımaların artımında maraqlıdır. Lakin TRASEKA-ya 13 dövlət daxildir. Əfsuslar olsun ki, Türkmənistan TRASEKA-nın çoxtərəfli sazişinə daxil deyil. Əsas çoxtərəfli saziş imzalananda Qazaxıstan həmin sənədə qoşulsa da Türkmənistan birliyə daxil olmadı. Buna baxmayaraq, TRASEKA layihələri çərçivəsində biz Türkmənistanı bütün layihələrdə nəzərdə tutmuşuq. Ola bilsin ki, yaxın illərdə Türkmənistan da yaxın illərdə hökumətlərarası komissiyasına üzv olsun. Biz bunun arzusundayıq. Bu barədə bir neçə dəfə Türkmənistanla görüşlər olub və hətta Türkməönistan bir neçə dəfə bu təklifə müsbət rəyini bildirib. Ola bilsin ki, prezidentlər səviyyəsində də bu məsələ müzakirə olunsun. Nəqliyyatla bağlı məsələlər də müzakirə olunacaq.

Çünki həm Azərbaycan, həm Türkmənistan yükdaşımaların artırılmasında maraqlıdır. Bundan başqa, təbii qaz tranziti ilə bağlı da danışıqlar ola bilər. Amma qaz tranzitinin yükdaşımalara aidiyyatı yoxdur. Söhbət gələcəkdə kəmərin tikintisindən gedə bilər. O ki qaldı sırf nəqliyyat məsələlərinə, Azərbaycana ən yaxın liman "Türkmənbaşı” limanıdır. Qazaxıstanla müqayisədə Türkmənsitan istiqamətində yükdaşımaların həcmi bir neçə dəfə çoxdur. Hətta orada yeni liman tikilməkdədir. Bu yaxınlarda Türkmənistanda Asiya oyunları başlayacaq və ölkəyə turist axını artacaq. Türkmənistan gəmiçiliyi inkişaf etdirməyə başlayıb. Türkmənistan yeni bərələr almağa başlayıb. Hətta sərnişindaşımaları da artıra bilər. Daşımalar sahəsində Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında rəqabət artacaq. Sərhər-gömrük qaydalarının sadələşməsində, xidmət sahəsində hansı tərəf daha yaxşı şərait yaradacaqsa, daşımaların da həcmi bir o qədər artacaq. Ancaq strateji baxımdan, yüksək miqdarda Çindən yükdaşımaların, əsasən də konteyner daşımalarını nəzərdə tuturuq. Çindən Avropa və Amerika istiqamətində həyata keçirilən bu daşımaların bir qismini biz Azərbaycan üzərindən həyata keçirmək istəyirik”. 

Akif Mustafayev onu da qeyd etdi ki, Azərbaycan və Türkmənistan üzərindən il ərzində on milyonlarla dollar həcmində yüklərin daşınması nəzərdə tutulub. Gələcəkdə isə bu göstərici 100 milyonlarla ola bilər. "Əgər əvvəllər Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı mövcud idisə, son dövrlər yeni əməkdaşlıq format yaradılıb. Bu, Azərbaycan-Türkiyə-Türkmənistan üçbucağıdır. Bir müddət əvvəl hər üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. İndi isə Azərbaycan və Türkmənistanın prezidentləri görüşəcək”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları