Yuxarı

Azərbaycan turizmi: Hələlik ancaq ərəblərdən qazanırıq

Azərbaycan turizmi: Hələlik ancaq ərəblərdən qazanırıq

Ruslan Quliyev: "Hələ mövsüm bitməyib, amma güman ki, statistik rəqəmlər ilin sonuna doğru müsbət istiqamətdə dəyişəcək”

2017-ci ilin birinci yarısına olan məlumata görə, Azərbaycana səfər edənlərin sayında artım qeydə alınıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17 faiz artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4 faiz artım), İran (180 103 nəfər, 89 faiz artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338 faiz artım), Ukrayna (27 342 nəfər, 14 faiz artım) və İraq (19 355 nəfər, 75 faiz artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub.

Bu dövrdə Türkiyə respublikasından Azərbaycana 138 min 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6 faiz azalma deməkdir. Məlumata görə, bu ilin ötən dövründə Azərbaycana səfər edən ərəb ölkələrinin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. Regionlar üzrə isə MDB ölkələri (12 faiz), Avropa İttifaqı ölkələri (13 faiz) İran Körfəzi və Yaxın Şərq ölkələri (117 faiz), Asiya ölkələri (64,4 faiz), Afrika ölkələri (72 faiz), Amerika və Avstraliyadan (22,8 faiz) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

Turizm çox unikal bir sahədir.Məhz buna görə də elmi ədəbiyyatlarda turizm dünyanın yeddi möcüzəsindən biri və ixracat forması adlandırılır.Turizmin yüksək səviyyədə inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, bu sahədə uğur qazanmaq üçün cazibədar ehtiyatlarla yanaşı, həm də bu ehtiyatlardan istifadəyə imkan verən işgüzar potensial tələb olunur.Bundan əlavə sərfəli qiymətlər də bu sahənin inkişaf etməsini şərtləndirən amillərdən biridir. Müasir dövrdə turizmdə müsbət nəticələrə nail olmaq üçün daha ciddi işlərin aparılması tələb olunur. İnsanların tələbatlarına uyğun yeniliklər tətbiq edilməlidir.Azərbaycanda turizm sahəsində nailiyyətlərlə yanaşı problemlər də var. Adətən, ölkəmizdə yay turizm mövsümünün başa çatması sentyabr ayına təsadüf edir.Baxmayaraq ki, yay turizm mövsümü başa çatmayıb, amma nazirliyin təqdim etdiyi yarımillik statistika ölkədəki mövcud şərait barədə fikir formalaşdırmağa əsas verir.

Maraqlıdır, bu il turizmdən razı qalmaq olarmı?

"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri Ruslan Quliyev "Cümhuriyət” qəzetinə bildirib ki, bəlkə də Azərbaycan 2016-ci ildə turistlərin qəbuluna tam hazır deyildi:

"Amma 2017-ci ildə koordinatları nəzərə alaraq demək olar ki, ölkənin turizm mərkəzləri kütləvi surətdə turistlərin qəbuluna səfərbər olmuşdu. Hələ mövsüm bitməyib, amma güman ki, statistik rəqəmlər ilin sonuna doğru müsbət istiqamətdə dəyişəcək.Əminəm ki, 2017-ci il turistlərin sayı baxımından gözələntilərimizin üstündə olacaq və Azərbaycanda əvvəlki illərlə müqayisədə rekord sayda statistik göstəricinin şahidi olacağıq”.

Ekspertin qənaətincə, iki devalvasiyadan sonra ölkədən xaricə gedən turistlərin sayında 30 faizə yaxın azalma müşahidə olundu: "Proqnozlar onu göstərir ki, bu il ölkədən gedən turistlərin sayı ilə müqayisədə gələnlərin sayında da artım müşahidə olunacaq. Ölkəyə gələn turistlərin sayının durmadan artması, bu rəqəmin daha yüksək olacağından xəbər verir”.

Ruslan Quliyevin sözlərinə görə, son 5 ildə Azərbaycandan gedən turistlərin sayında artım müşahidə olunur:

"Azərbaycan vətəndaşları mövsümündən asılı olaraq əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri istiqamətinə daha çox gedir. O cümlədən, MDB ölkələrinə, Rusiyaya və Gürcüstana çox səfərlər edirlər. Bundan əlavə Qərbi və Şərqi Avropanın bir sıra paytaxt şəhərlərinə, eyni zamanda istirahət və müalicə xarakterli kurort zonalarına axın var. Ölkəmiz üçün gələn ilin proqnozları çox nikbindir.Hazırda ölkə ərazisində mehmanxanaların sayının artırlması prosesi gedir. Yaxın 5 ildə 40 minə yaxın yataq sayının 100 minə çatdırılması, regionlar da daxil olmaqla aviareyslərin sayının artırılması nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, Azərbaycana müxtəlif ticarət festifalları, formula yarışları keçirilir.Bu kimi amillər gələn turistlərin sayına təsir edir.Bundan əlavə bölgələrdə müxtəlif infrastruktur layihələrdən tutmuş əlavə dəyər yaradan müxtəlif fəaliyyətlərin də tənzimlənməsi turizmi daha da cazibəli hala gətirəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları