Yuxarı

Süni qıtlıq yaradan işbazlar

Süni qıtlıq yaradan işbazlar

Yaşlı nəsil xatırlayar, SSRİ dönəmində mağazalarda mallar sabit qiymətlə satılırdı.Hamının əlində pul var idi, amma mağazalarda mal tapmaq olmurdu. Satıcılar malı piştaxtanın altından daha baha qiymətə satırdılar. Elə Bakının özündə yaşayanlar bilirlər ki, "Tarqovıy”, "Papanin”, "Sovetski” və sair ərazilərdə mağazalarda tapılmayan malları rahat tapmaq olurdu, baha qiymətə olsa da.Bunun səbəbi o idi ki, SSRİ rəhbərliyi pul kütləsini idarə edə bilmirdi, insanların əlində pul kütləsi sürətlə çoxalırdı, lakin istehsalatda artım tədricən gedirdi.

Nəticədə eyni mala görə təklif edilən pul kütləsi çoxalırdı, mağazalar isə pul təklifinin belə çoxalmasından istifadə edib mallar piştaxtalardan yoxa çıxarıb arxada daha baha qiymətə satırdılar.Bu gün də mağazaların vitrinlərindən çoxlu mal çeşidləri yoxa çıxıb.İnsanlarımız çoxları elə bilirlər ki, yenə SSRİ dönəmində baş verən hadisələr baş verir, amma bu dəfə səbəblər tamam fərqlidir.Mağaza vitrinlərindən çoxlu mal çeşidlərinin yoxa çıxmasının səbəbi böyüklü-kiçikli təchizatçı şirkətlərin hökumətin iqtisadi siyasətinə etibar etməmələridir.Mağazalara ərzaq və digər mallar paylayan təchizatçı şirkətlər manatın devalvasiyasından əvvəl elə dövlətin dəstəyi ilə milyonlar qazanırdılar, indi isə manat dəyərdən düşüb deyə dövlətə xəyanət yolu tutublar. Bu təchizatçı şirkətlər devalvasiyadan əvvəl istənilən mağazaya hər çeşiddə malları "pod realızasiya” qaydasında verirdilər, yəni mal verilirdi və malın pulu mal satıldıqdan sonra mağazalardan yığılırdı. Devalvasiyadan sonra isə təchizatçı şirkətlər qaydaları dəyişdilər.İndi onlar mağazalara malın hər çeşidini vermirlər, yalnız ən çox satılan malları verirlər.Buna görə də mağazalarda mal çeşidləri bu qədər azalır.Əlavə olaraq təchizatçı şirkətlər ödəniş qaydalarını da dəyişdilər, daha malların pulu mağazalardan mal satılandan sonra yox, mal mağazaya verilməzən əvvəlcə alınır.Bu isə gətirib ona çıxardı ki, mağazalar özləri də pulları çatan qədər və yalnız çox satılan, mənfəəti çox olan malları satışa çıxarmağa başladılar.Bütün bunlara görə də bu gün alıcı mağazaya girir və istədiyi malları vitrinlərdə görmür, əvvəl aldığı malları tapa bilmir.Nəticədə narazılıq yaranır, sabaha ümidləri ölür.Nə qədər gec deyil, dövlət bu işə müdaxilə etməlidir.Böyüklü-kiçikli bütün təchizatçı şirkətlərə başa salmaq lazımdır ki, belə oyunlar oynayıb ortalığı qarışdırmaq yaxşı nəticə verməz.

Mansur Əliyev





Həftənin ən çox oxunanları