Yuxarı

Mənzillərimiz açıq satışa çıxarılacaq

Mənzillərimiz açıq satışa çıxarılacaq

İpoteka krediti xüsusilə, gəncləri düşündürən məsələlərdəndir.İpoteka kreditinə çıxış imkanlarının məhdud olması, ehtiyacı olanların bu imkandan yararlana bilməməsi zaman-zaman ciddi etirazlara səbəb olur.Hökumət ipoteka kreditlərinə müxtəlif dəyişikliklər etməklə bu sahəni hər kəs üçün əlçatan etməyə çalışır.Ancaq hələ ki, ümumi vəziyyətdə dəyişən heç nə yoxdur.İpoteka şərtlərinin ağır olması xüsusilə, aztəminatlı ailələr üçün hələ də əlçatmaz olaraq qalır.Bu günlərdə İpoteka haqqında yenə də müəyyən dəyişikliklər edildi.

Belə ki, "İpoteka haqqnda” qanunda dəyişiklik ondan ibarətdir ki, artıq ipoteka predmeti məhkəmədən kənar tutuma yönəldilə biləcək və həmçinin yeni layihə məhkəmədən kənar tutmada seçim mexanizmini müəyyən edir.Belə ki, yeniliyə əsasən girov əmlakının açıq bazarda satılması və ya "İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq birbaşa icra məmuru tərəfindən açıq hərracda realizasiyası mümkün olacaq.

İqtisadçı ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə şərhində ümumiyyətlə, Azərbaycanda dövlət ipoteka layihələrinin rəmzi xarakter daşıdığını deyib. Akif Nəsirli hesab edir ki, qanuna edilən dəyişiklik ipoteka anlayışına uyğun gəlmir: 

"İpoteka dünyada nağd pulla özü mənzil sahibi ola bilməyən vətəndaşları mənzil sahibi etmək kimi başa düşülür. Əslində məqsəd də məhz bu olmalıdır.Amma bu gün Azərbaycanda həyata keçirilən dövlət ipoteka layihələrindən ölkənin nəinki imkansız, imkanlı şəxsləri üçün də sərfəli deyil.Sadəcə, Azərbaycanda ipoteka layihələri dünyada var, bizdə də olsun və beynəlxalq təşkilatlar, fondlar bunu irad tutmasın.Bu ipoteka bundan başqa heç nə deyil.Çünki bu gün Azərbaycan vətəndaşlarının demək olar ki, 70-80 faizi öz imkanları hesabına mənzil sahibi olmaq imkanına malik deyil.Amma indiki fəaliyyət göstərən ipoteka layihəsi həmin 70-80 faiz vətəndaşa da aid deyil.Çünki Azərbaycanın ipoteka layihəsi elə təsir bağışlayır ki, bu ancaq gəlirləri maksimum olan insanlar üçündür. Əslində ipotekanı alan insanların kimlikləri araşdırılsa, görünər ki, onların hamısı dövlət şirkətlərində və ya biznes sahəsində yüksək gəlirlə işləyən şəxslərdir. Bu siyahıda siravi vətəndaşa rast gəlmək qeyri-mümkündür.Bu da təsdiq edir ki, ipoteka layihəsi beynəlxalq fəlsəfəyə uyğun gəlmir”. 

Ekspert əlavə edib ki, ipoteka qanununa edilən düzəliş, o, qədər də əhəmiyyətə malik deyil: "Çünki imkansız şəxslər ipoteka ilə mənzil götürmür ki, onun mənzili əlindən alınanda faciə baş versin. İpoteka götürənlər imkanlı şəxslərdir və onlar üçün də mənzilləri itirib-itirməmək ciddi əhəmiyyət kəsb etmir.Doğrudur, onlar da Azərbaycan vətəndaşıdır və onların da hüquqları qorunmalıdır.Hər bir halda qanunda edilən dəyişikliklər onların vətəndaş hüquqlarına zərər vura bilər.İpoteka yükü altında olan əmlakın belə asanlıqla hərraca çıxarılması mümkün olmamalıdır.Bu ipotekanın beynəlxalq fəlsəfəsinə də uyğun gəlmir.İpoteka layihəsi ona görə həyata keçirilir ki, aztəminatlı ailələr mənzilə sahib olsunlar.Aztəminatlı ailənin mənzilinin belə asanlıqla hərracda satılması artıq məqsəddən, məramdan, ideyadan yayınmaq anlamına gəlir.Hesab edirəm ki, qanuna edilən dəyişiklik ipoteka anlayışına ziddir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları