Yuxarı

Banklar əmanətləri qaytarmır

Banklar əmanətləri qaytarmır

Əkrəm Həsənov: "Bir vətəndaşın "Beynəlxalq Bank” da təxminən 400 min dollar əmanəti var, amma ala bilmir”

2017-ci il iyulun 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 6 milyard 907,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalıb. Əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. Statistikadan da göründüyü kimi əhali hələ də əmanətlərini banklara etibar etməyə meylli deyil. Hazırda kommersiya banklarının zərərlə işləməsi heç kimə sirr deyil. 

Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hələ ki, müflis olan banklar haqqında bağlanma qərar vermir. Ekspertlər bağlanma haqqında qərarın verilməməsini bir sıra amillərlə əlaqələndirir. Bunun əsas səbəblərindən biri banklarda olan əmanətlərin geri qaytarılması üçün lazım olan vəsaitin olmamasıdır. Nəzərə alaq ki, bankların ləğvedicisi kimi çıxış edən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) verdiyi son məlumata görə, bağlanan banklarda əmanəti olan əmanətçilərə hələ də ödəniş edilməyib.

Bundan əlavə aprel ayından dolların məzənnəsi sabitdir. Cari ildən hələ ki, heç bir bank bağlanmayıb. Amma buna baxmayaraq əhalinin bank sisteminə etimadı yox dərəcəsindədir. Çünki çoxlu sayda insanın bağlanmış banklarda pulları batıb. Burda faiz amili də var. Əvvəllər vətəndaşlar xarici valyutada əmanətlərini banka 12 faizlə qoyurdu, üstəgəl, əmanətin sığortası da var idi. Hazırda isə xarici valyutada əmanətlərə çox aşağı faiz tətbiq olunur. Bu isə vətəndaşa sərf etmir. Statistikada maraqlı bir nüans da diqqəti çəkir. Baxmayaraq ki, əhalisinin banklardakı əmanətlərinin məbləği azalıb, amma xarici valyutada olan vəsaitlərin həcmi üstünlük təşkil edir. Ekspertlər bildirir ki, əvvəllər banklar xarici valyutada olan əmanətləri qəbul etməyə meylli deyildi. Çünki dolların hər gün dəyişən məzənnəsi əhalinin xarici valyutada kredit götürməkdən çəkindirirdi. Hazırda uzunmüddətli proses olmasa da, süni pul qıtlığı yaradaraq devalvasiyanın qarşısı alınır. Bu isə milli valyutaya etibarı azaldır. İnsanlarımız növbəti devalvasiya gözləntisi içindədir.

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda banklar xarici valyutada əmanətlər üzrə çox aşağı faiz təklif edir: "Hətta bank var ki, xarici valyutada olan əmanəti 1-2 faizlə qəbul edir. Amma milli valyutada faizlər daha yüksəkdir. Bu, 15 faiz, hətta bəzən daha çoxdur. Amma yenə də əhali əmanətini banklara xarici valyutada qoymağa üstünlük verir. Çünki növbəti devalvasiyadan qorxur. Hətta milli valyutada daha çox qazansa belə, yenə də əhali ehtiyat edir. Əslində banklar xarici valyuta qəbul etmək istəmirlər. Çünki heç kəs xarici valyutada kredit almaq istəmir. Ölkədə milli valyutaya etimad bərpa olunmayana qədər vəziyyət dəyişməyəcək”.

Ekspertin sözlərinə görə, bəzi banklar bağlanmasa da əmanətləri qaytarmır: ""Ata Bank” əmanətləri və bəzi borcları qaytarmır. Artıq "Beynəlxalq Bank” da vətəndaşın əmanətini geri qaytarmır. Bir vətəndaşın bu bankda təxminən 400 min dolları əmanəti var, amma vermir. Bank bağlanmadığı halda əmanəti qaytarmır. Bu da əhali arasında bank sektoruna etimadın azalmasına aparır”.

Əkrəm Həsənov fevral ayından başlayaraq milli valyutanın sabitliyinin müsbət təsirlərinin olduğunu da qeyd edib: "Məlumdur ki, bu, süni yolla saxlanılan məzənnədir. Yəni, milli valyutanın həcmini azaldaraq buna nail olunub. Bu isə etimadı bərpa etmək üçün kifayət deyil. Əgər bu proses bir neçə il davam etsə, etimadın qayıtma ehtimalı yoxdur. Süni yolla uzun müddət milli valyutanın məzənnəsini saxlamaq mümkün deyil. Əhali prosesin bütün iqtisadi tərəflərini bilməsə də, vətəndaş üçün bir vacib meyar var. Əhali həmin meyara uyğun milli valyutaya etibar etmir. Bu da Mərkəzi Bankın sədri Elman Rüstəmovun öz postunda qalmasıdır. Əhalini bir neçə dəfə aldatmış adam hələ də MB sədridir və ona heç kəs etimad etmir. O çıxıb deyəndə ki, devalvasiya olmayacaq, artıq əhali bunun əksini düşünür”.

Hüquqşünas qısamüddətli dövr üçün devalvasiya gözlənilmədiyini də vurğulayıb: "Amma uzun müddətli dövrdə yəni, 1-2 ilə əlbəttə ki, devalvasiya gözlənilir. Milli valyuta dəyərdən düşəcək. Bunun da səbəbi çox sadədir. Ölkənin xarici valyuta ehtiyatları və gəliri azaldıqca, devalvasiya da qaçılmazdır. Bu da gözlənilir. Həmçinin il sonuna qədər bankların bağlanma ehtimalı da yüksəkdir. Bağlanmasa da, yəqin ki, bir neçə bank daha güclü banka birləşəcək. Hazırda ölkədə 31 bank fəaliyyət göstərir. Onlardan təxminən 10-nun vəziyyəti pisdir. Amma müxtəlif inzibati yollarla həmin bankları saxlayırlar. Bank var ki, əhalinin pulunu qaytarmır, amma yenə də bağlamırlar. Bir neçə il öncə "Bank of Azərbaycan” da əmanətləri qaytarmırdı, amma onu bağlamırdılar. İl sonuna qədər 3-4 bankın bağlanmasın gözləyirəm. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının daxilində konfliktlər və idarəçilik problemləri var. Ona görə də banklarla yaxından məşğul olan yoxdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları