Yuxarı

İqtisadiyyatda payız canlanması

İqtisadiyyatda payız canlanması

Xüsusilə yay ayları dünya iqtisadiyyatında durğunluq dövrü kimi xarakterizə olunur. Azərbaycan iqtisadiyyatı da anoloji vəziyyəti yaşadı. Maliyyə, bank, daxili stehsal, idxal və digər sahələrdə bu gün də durğunluq hökm sürür. Ancaq iqtisadçılar bütün bunları yay ayları ilə əlaqələndirlər. Artıq yay fəsli bitmək üzrədir. Sentyabrdan başlayaraq dünya iqtisadiyyatında canlanma gözlənilir. Maraqlıdır, bəs bu gözləntilər Azərbaycan iqtisadiyyatına da aid edilirmi? Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının real durumu necədir və payız aylarında Azərbaycan iqtisadiyyatında nələr gözlənilir?

Azərbaycanın iqtisadi dürumunu "Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli hələ də bir çox sahələrdə problemlərin qaldığını deyib. N.Cəfərli hesab edir ki, ölkə iqtisadiyyatının böyük hissəsi hələ də idxaldan asılıdır:

"Rəsmi rəqəmlər iqtisadiyyatın zəiflədiyini deməyə əsas verir. Azərbaycan iqtisadiyyatının azalması 1 faizə qədər aşağı düşsə də, proses hələ də davam edir. Avqust ayını nəzərə almasaq, cari ilin 7 ayında 1 faiz azalma müşahidə olundu. İqtisadi aktivlikdə zəifləmə var. İdxalda təqribən 30 faiz azalmalar müşahidə olunur. Bu da onu göstərir ki, insanların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da xaricdən gətirilən məhsulların qiymətində baş verən kəskin bahalaşmasından asılıdır. İdxalın azalması yerli istehsalın artması anlamına gəlməməlidir. Çünki daxili istehsal gözlənilən səviyyədə inkişaf etmədi. Bir çox məhsul növləri var ki, onların idxal səviyyəsi 100 faiz səviyyəsindədir və bu gün də elə qalıb. Kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən qədər artım qeydə alınıb, amma ilk illərdə bu sahədə istehsal o, qədər aşağı olub ki, indi cüzi artım nəzərə çarpacaq dərəcədə hiss olunur. Yəni, bu əslində real artım deyil”.

Bank sektorundakı vəziyyətə toxunan ekspert hesab edir ki, payız aylarında bir neçə bankın bağlanması gözlənilir: "Bank sektorunda ciddi problemlər hələ də qalmaqdadır. Banklar hələ də özünə gələ bilmir. Nə kreditləşməni başlaya bilmir, istehlak və biznes sahəsində insanlar kreditlərə maraq göstərmir. Çünki kredit faizləri çox yüksəkdir və banklar özləri də keçmiş kreditlərdə yaranan problemə görə indi daha sərt şərtlərlə və yüksək faizlə kredit verməyə çalışırlar. Bu da həm biznesi, həm də əhalini qane etmir”.

Dollar-manat münasibətlərinin payız aylarında sabit qalıb-qalmayacağı ehtimallarını da dəyərləndirən Natiq Cəfərli bunun Mərkəzi Bank üçün çox çətin olacağını vurğuladı: "Azərbaycanda ümumi iqtisadi mənzərə belədir ki, iqtisadi daralma və azalma davam edir. Payız aylarında isə daha ciddi dəyişikliklərin olması gözlənilir. Çünki yay mövsümündən sonra müəyyən iqtisadi aktivliyin artması gözləniləndir. Beynəlxalq səviyyədə də müəyyən dəyişikliklərin olması gözlənilir. Bunun Azərbaycana da təsir edəcəyi istisna edilmir. Sentyabr ayında böyük mərkəzi bankların, o, cümlədən Federal Ehtiyatlar Sisteminin toplantıları olacaq. Bu toplantılarda dünya iqtisadiyyatına yön verən qərarların alınması gözlənilir”.

Natiq Cəfərli bildirib ki, neftin qiymətində problemlər var və hələ də neft qiymətləri istənilən səviyyədə deyil: "Bu gün də dünya bazarında neftin qiymətlərindən çox ciddi oynaqlıqlar var. Son 2-3 ayda neftin qiymətlərində ciddi ucuzlaşmalar da oldu. Hətta elə vaxtlar oldu ki, neftin hazırki maksimum qiymətindən 20 faiz aşağı oldu. İndi yenidən qiymətlər 50-51 dollar civarına qədər qalxıb”.

Sonda Natiq Cəfərli qeyd edib ki, Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsi heç də ürəkaçan deyl: "Azərbaycan iqtisadiyyatında gedən proseslər həm xaricdə atılan müəyyən addımları, həm daxili istehsalın yaxşı səviyyədə olmadığını, əhalinin real gəlirlərinin azaldığını nəzərə alsaq hələ də gedişat o qədər də ürəkaçan deyil. Payız aylarında da dünyada gedən proseslərlə yanaşı ola bilər ki, daxildə də həm manatın məzənnəsi, həm də banklarla bağlı daha radikal addımlar atılsın. Bir neçə bankın bağlanması və ya birləşdirilməsi də gündəmə gələ bilər. Azərbaycanda məzənnə adətən dollarla hesablanır, amma avro və funt sterliqlə müqayisədə manatın məzənnəsi xeyli aşağı düşüb. Bu ilin minimumları ilə götürsən avro 15 faiz bahalaşıb. Amma dollar sabitdir. 

Çünki həm biznes, həm də əhali üçün əsas indikator dollar olduğu üçün hökumət inzibati qayda da dolları sabit saxlamağa çalışır. Amma dünyada FES-in gözlənilən faiz artımı qərarı olsa və iqtisadiyyata axan vəsait azalsa dollar dünyada yenidən bahalaşmağa başlayacaq. Bunun səbəbi kimi neftin qiymətləri də düşərsə, manatın dollar qarşısında məzənnəsini indiki qaydada saxlamaq çox çətin olacaq. Saxlamaq mümkündür, ancaq Mərkəzi Bank bunun üçün daha çox vəsait xərcləməli olacaq”.

Vilayət Muxtar