Yuxarı

Banklar ölüləri də soyur

Banklar ölüləri də soyur

Azərbaycanda bank olmayan kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib.Məhkəmə də ölüyə qarşı qaldırılan iddianı təmin edib.Bu, ölkəmizdə yaşanan ilk kuryoz hadisə deyil. Dünyasını dəyişmiş şəxsin oğlu Mirbağır Bünyatov bildirib ki, Cəlilabad rayon sakini olmuş atası Fayaz Bünyatov 2015-ci ilin iyun ayının 29-da "Kred Aqro” BOKT QSC-dən 1500 manat məbləğində 18 aylıq kredit götürüb: "Həmin vaxt da kredit müqaviləsi "Kred Aqro” BOKT QSC-nin əməkdaşlıq etdiyi "Alfa Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mənim də həmin kredit müqaviləsi üzrə zaminlik öhdəliyim var. Atam isə 2016-ci ilin oktyabrın 12-də vəfat edib.Həmin dövrə qədər kredit ödənişlərini vaxtı-vaxtında həyata keçirmişik, gecikmə də olmayıb".

Mirbağır Bünyatovun sözlərinə görə, atasının vəfatından sonra "Kred Aqro” BOKT QSC ondan zaminlik öhdəliyini yerinə yetirməsini tələb edib: "Sığorta müqaviləsi ilə əlaqədar tələb olunan sənədləri atamın vəfatından sonra "Kred Aqro”ya təqdim etdim. Lakin bankdan bildirildi ki, həmin sığorta şirkəti müflis olunub və sığorta öhdəliyini yerinə yetirmir. Bundan sonra "Kred Aqro” BOKT QSC rəhmətə getmiş atamı və məni məhkəməyə verdi. Bank sığorta sənədlərini isə məhkəməyə təqdim etməmişdi.Cəlilabad Rayon Məhkəməsi isə rəhmətə getmiş atamın krediti ödəməsi barədə qərar çıxardı.Həmçinin də mənim barəmdə qərar qəbul edildi.Mən də həmin qərardan apellyasiya şikayəti verdim.Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv etdi".

Hadisə bununla da yekunlaşmayıb. Mirbağır Bünyatov qeyd edib ki, "Kred Aqro” BOKT QSC onu yenidən məhkəməyə verib: "Bununla bağlı mənə həm bankdan, həm də Cəlilabad Rayon Məhkəməsindən bildiriş göndərilib. Avqustun 29-da məhkəmə iclası olacağı qeyd edilib.Halbuki, həmin məhkəmənin sədri özü şəxsən mənə zəng edib, anlaşılmazlıq olduğunu demişdi".

Sığorta şirkəti müflis olarsa, onun öhdəliklərini kim yerinə yetirməlidir?

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, qaydaya görə əgər borcalan vəfat edibsə, borc onun əmlakı hesabına ödənilir: "Əgər borcalan vəfat edibsə, əmlakı da yoxdursa, buna görə zamin durmuş şəxsin zaminliyinə də xitam verilir. Bu barədə Ali Məhkəmənin 2015-ci il qərarı var. Doğrudur, orada söhbət zaminlikdən yox, ipotekadan gedir. Amma ümumi məntiq budur ki, əgər borcalan vəfat edibsə, ona görə qoyulmuş girova və eynilə zaminliyi xitam verilməlidir.Yəni, qalmış borc silinməlidir”.

Ekspert onu da qeyd edib ki, əgər kredit təşkilatı müflis olubsa, amma ləğv olunmayıbsa, həmin təşkilatın ləğvedicisi məhkəməyə müraciət edə bilər:

"Yəni, əgər hüquqi şəxs ləğv olunmayıbsa, sadəcə müflis olub və ləğvetmə prosesi gedirsə, o, məhkəməyə müraciət edə bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları