Yuxarı

Beynəlxalq bank problemi davam edir

Beynəlxalq bank problemi davam edir

Əkrəm Həsənov: "Vurulan zərərin ödənilməsi təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmir”

Azərbaycan Beynəlxalq Bankı (ABB) Cahangir Hacıyevin rəhbərlik etdiyi müddətdə dövlətə vurduğu zərər 12 milyarda yaxın idi. Cahangir Hacıyevin və bu işdə ona dəstək olanların həbsindən sonra hökumət Beynəlxalq Bankı sağlamlaşdırmaq üçün prosesdura başladı. 10 milyard dollar daxili, 3.3 milyard dollar xarici borcu dövlət öz üzərinə götürdü. Hələ də Beynəlxalq Bankda müəyyən problemlər qalsa da, ümumilikdə dövlətin ciddi dəstəyi bankı müəyyən qədər düşdüyü vəziyyətdən xilas etdi. 

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə təqsirləndirilən şəxsin borclulara və banka ümumilikdə 550 min manat məbləğində ziyan vurduğu məlum olub. Məhkəməyə sədrlik edən hakim Azad Məcidov "Beynəlxalq Bank"a dəyən ziyanın qaytarılması üçün təqsirləndirilən şəxsə vaxt verib. Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Əgər məhkəmənin verdiyi vaxtda təqsirləndirilən Elnur Hüseynov vurduğu zərəri tam şəkildə ödəyərsə, nə baş verəcək?

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, vurulan zərərin ödənilməsi təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmir: "Əgər məhkəmə həmin şəxsin banka külli miqdarda zərər vurduğunu müəyyənləşdiribsə, həmin şəxs mütləq mənada məsuliyyətə cəlb olunacaq. Çünki dəymiş zərərin ödənilməsi, onun məsuliyyətdən azad olması anlamına gəlmir. Sadəcə olaraq bu təqsirləndirilən şəxsin cəzasını müəyyən qədər yüngülləşdirə bilər.

Deyək ki, bir nəfər digər bir şəxsə 10 min manat zərər vurub. Bu məbləğin geri qaytarılması təqsirləndirilən şəxsə yüngülləşdirici hal kimi tətbiq olunur. İndi məhkəmə də bu vaxtı ona görə verib. Yəni, məhkəmə cəzanın yüngülləşdirilməsi üçün bir növ təqsirləndirilən şəxsə şans verir. Əgər ödəyərsə, cəzası müəyyən qədər azaldıla bilər. Yox, əgər dəymiş zərər ödənilməyəcəksə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs cəzalandırılacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları