Yuxarı

İmpiçment çağırışı qızılı bahalaşdırır

İmpiçment çağırışı qızılı bahalaşdırır

Qızılın ən yaxşı performans göstərən investisiya vasitələrindən biridir.Son ayların müşahidəsi onu göstərir ki, dünya birjalarında qızılın qiyməti artan tendensiya ilə davam edir.Pul siyasəti bazar üçün qeyri-müəyyəndir.Bu gün səhər qızılın unsiyasının qiyməti 1294.38 dollar olub. Qiymətli metal ötən həftə 0.7 faiz dəyər qazanıb. Qeyd edək ki, ötən həftə COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,90 dollar artaraq 1 291,35 dollara, gümüş isə 0,09 dollar bahalaşaraq 17,13 dollara satılıb.

Hazırda valyuta bazarlarında gərginlik sezilir.Bəzi ekspertlər qızılın qiymətinin qalxmasını dolların ucuzlaşması ilə əlaqələndirir.Bazarda qızılın qiymətinin artması yatırımçılar üçün böyük gəlirlər gətirir.Adətən, hər hansı bir investisiya vasitəsinin, o cümlədən, qızılın qiymətində artımların baş verməsi alışı daha da gücləndirir.Bu istiqamət gəlir ehtimalını yüksəldir.Tələbin artmasına uyğun olaraq qiymətlərdə artımlar müşahidə olunur.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, qızılın dəyər qazanmasının əsas səbəbi dolların indeksinin aşağı düşməsilə əlaqədardır:

"Son zamanlar dünya birjalarında dolların indeksi xeyli dərəcədə zəifləyir. Təqribən 3 ay bundan öncə 100 punktu keçən dolların indeksi, indi 91-92 punkta qədər geriləyib.Yəni, dollar dünyada 10 punkta qədər aşağı düşüb.Dolların məzənnəsi ucuzlaşdıqca əlvan metala olan tələbat artırır.Nəticədə qızılın qiymətində artım müşahidə olunur.Qızıl həmişə investorlar üçün güvənli liman rolunu oynayır.Dünya iqtisadiyyatında və siyasətində müəyyən təlatümlər baş verərkən yatırımçılar qızıla daha çox üstünlük verməyə çalışır. Son zamanlar ABŞ-da Tramp komandasında ard-arda dörd istefanın olması, Konqresdə prezidentin  impiçmenti ilə bağlı məsələlərin yenidən gündəmə gəlməsi, seçkinin nəticəsini araşdırmaq üçün xüsusi prokurorun təyin edilməsi, gələcəkdə ABŞ-da siyasi böhranın yaranması ehtimalını çoxaldır. Siyasi risklər artdıqca bu, iqtisadi proseslərə də təsir edir.Siyasi təlatümlər olan zaman qızılın güvənli liman rolu artır.Əsas məsələ qızılın birbaşa özünə olan tələbatın artması ilə əlaqəli deyil.Dünya birjalarında dolların zəifləməsi qızılı bahalaşdırır”.

"Uzunmüddətli neft kontraktları bir yatırım aləti kimi istifadə olunur”.

İqtisadçı onu da qeyd edib ki, uzun illərdir dünya bazarlarında qızılla neft tərs mütənasibdir:

"Qızılın qiyməti artdıqca neftin qiymətində enmə müşahidə olunur. Dünyada uzunmüddətli neft kontraktları bir yatırım aləti kimi istifadə olunur.Bəzən də əks proseslər gedir, yəni, neftin qiyməti artdıqca, qızılın qiymətində enmə müşahidə olunur.Amma neftin qiymətində dolların da rolu ciddidir.Dollar zəiflədikcə neftin qiymətində müəyyən artımlar olur.Amma çox qəribədir ki, dünya birjalarında dolların kifayət qədər ucuzlaşmasına baxmayaraq, neftin bahalaşmasını görmədik. Bu da fundamental səbəblərlə bağlıdır ki, neftə tələbatın gözləntilərdən aşağı səviyyədə qalması və hasilat həcmlərinin  kəskin artmasıdır. Əsasən də Amerikada və Kanadada hasilat həcmlərinin artması, neftin bahalaşmasının qarşısını alan əsas faktorlardan birinə çevrilib. Maraqlıdır ki, bu barədə çox az danışılır. Hazırda Brent markalı neftin qiyməti 52 dollar civarındadır.Dolların indeksinin 100 punkt səviyyəsində olan dövrdəki qiymətlə müqayisə etsək, indi neftin real dəyəri təqribən 45-46 dollar civarında sayılır.Yəni, dolların ucuzlaşması neftin kəskin bahalaşmasına səbəb olmalı idi, amma bu, baş vermədi.Bu da ona dəlalət edir ki, neft bazarlarında daha ciddi proseslər var. Neft bazarları daha çox fundamental məsələlərə - tələb və təklifə reaksiya verir.Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə neftlə bağlı qiymətlərin artımına yönəlik gözləntilər özünü doğrultmaya bilər.Neftin qiymətlərində 45-50 dollar koridorunda sabitləşməni də müşahidə edə bilərik”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları