Yuxarı

Dollar avroya niyə uduzur?

Dollar avroya niyə uduzur?

Avrozonanın vahid valyutası olan avro sürətlə bahalaşır. 2015-ci il yanvarından bəri ilk dəfə olaraq avronun məzənnəsində dollarla müqayisədə 1,2 dollar bahalaşma qeydə alınıb. Bu isə psixoloji həddin keçilməsidir.Avronun bahalaşmasına səbəb kimi Şimali Koreya ətrafında cərəyan edən gərginlik və ABŞ-dakı "Harvi" qasırğası göstərilir.

Avrozonanın pul vahidinin belə bahalaşmasının bir müddət davam edəcəyi gözlənilir.İnvestorlar artıq dollara yox, avroya maraq göstərir.Avropa Mərkəzi Bankının gələn həftə keçiriləcəyi gözlənilən iclasından sonra da bahalaşmanın davamlı olacağı gözlənilir.Həmin iclasda bank pul-kredit siyasətini daha da sərtləşdirəcək qərarlar qəbul edə bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Cümhuriyət” qəzetinə bildirib ki, avronun bahalaşması prosesi bir neçə aydır başlayıb: "Xüsusilə Federal Ehtiyatlar Sistemi (FES) sonuncu iclasında dolların uçot dərəcəsini artırmadı. Bu da öz təsirini dolların müəyyən qədər ucuzlaşması ilə göstərir. O cümlədən neftin qiymətində müəyyən artımlar hiss olundu. Belə ki, dünya bazarlarında neftin qiyməti 52-53 dolar civarında qərar tutub.Bütün bunların hamısı doların məzənnəsinə təsirsiz ötüşmədi. Digər tərəfdən dolların  müəyyən qədər ucuzlaşması, avronun bahalaşmasına gətirib çıxardı. Sentyabr ayında FES-in növbəti toplantısı gözlənilir.Əgər dolların faiz dərəcəsi artırılmayacaqsa, avronun bahalaşması davam edəcək.Avronun bahalaşması həm də Avropa iqtisadiyyatın inkişafı ilə kəskin əlaqəlidir. Avropa iqtisadiyyatı inkişafdadır, ümumi daxili məhsulda artım var. Ona görə də bu proses davam edə bilər”.

Deputat onu da qeyd edib ki, prosesin hansı məcrada davam etməsi Amerikada qəbul olunan qərarlardan asılıdır: "Ümumiyyətlə Trampın apardığı xarici siyasət bütün iqtisadi proseslərə təsir edir. İrana, Şimali Koreyaya qarşı olan münasibətlər, o cümlədən Rusiyaya tətbiq olunan sanksiyalar onu göstərir ki, xarici siyasətdə aydınlıq yoxdur. Aydınlıq olmadığı üçün proses birjalara, maliyyə bazarlarına öz təsirini göstərir. Bu gün Amerikada aparılan siyasətin davamlı olub-olmaması hələ sual altındadır.Tramp prezident seçiləndən sonra Amerikada problemlər çox yaradıldı. Stabil Avropa isə inkişaf edir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları