Yuxarı

Böhrandan çıxa bildimi?

Böhrandan çıxa bildimi?

Azərbaycanda ardıcıl yaşanan iki devalvasiya sonrası bank sektoru ciddi itkilərlə yadda qaldı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarı ilə 11 bankın lisenziyası geri alındı.Bank sektorunun gələcəyi barədə xəbərlər hələ də diqqət mərkəzindədir.Məlumdur ki, bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatda inkişafa nail olmaq mümkün deyil.Azərbaycan hökuməti insanları narahat edən yüksək kredit faizləri ilə, eləcə də etibarını itirmiş banklarla bağlı ciddi çalışmalar apardığını desə də, hazırkı mənzərə nəticənin olmadığını göstərir.Bu gün nə ekspertlərin proqnozları, nə də bank hesabatları nikbinliyə əsas vermir.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, son iki ildə bankların sağlamlaşdırılmsı istiqamətində heç bir iş görülməyib: 

"Bu günə qədər 11 bank bağlanıb. "Bank Standart”ı sağlamlaşdırmaq istədilər, amma bacarmadılar.Ehtimal olunur ki, həmin bankın 1 milyard vəsaiti yoxdur.Yeganə "Beynəlxalq Bank”ı sağlamlaşdıra biliblər.Dövlət bu bankın sadəcə 3 milyarddan çox borcunu öz üzərinə götürüb.Faktiki olaraq əhali öz cibindən pul verib bu bankı müflis vəziyyətdən çıxartdı.Bu gün "Beynəlxalq Bank” da daxil olmaqla bankların bir hissəsi öz borclarını ödəmir."Ata Bank” öz öhdəliyinin icraatından yayınır.Ümumən problemli kreditlərin həcmi aybaay artır.Bu necə sağlamlaşdırmadır ki, bankların problemli kreditlərinin həcmi artır?Digər tərəfdən əhali də banklara etibar etmir, əmanətlərini çıxarır. Bu proses dayanmır”.

Ekspertin sözlərinə görə, sağlamlaşdırmanın nəticəsini banklardan qanunsuz çıxarılan pulların geri qaytarıldığı vaxtı görəcəyik: "Ancaq biz bunu görmürük. "Beynəlxalq Bank”ın xilası üçün dövlət 13 milyard vəsait xərcləyib.Bu bankın problemli kreditlərinin qaytarılması "Aqrarkredit” QSC-yə - bank olmayan kredit təşkilatına tapşırılıb.Əgər banklardan mənimsənilən pullar indiyə kimi qaytarılmayıbsa, hər hansı sağlamlaşdırmadan söhbət gedə bilməz. Bu istiqamətdə nəinki iş görülüb, ümumiyyətlə, indiyə kimi aydın deyil ki, sağlamlaşdırma siyasəti nədən ibarətdir. Nə etmək istəyirlər, məlum deyil”.

Azərbaycanda iqtisadi böhran zamanı ilk növbədə bank sektorunun problemi ortaya çıxdı.Başqa ölkələrdə də vəziyyət eynidirmi?

Əkrəm Həsənov qeyd edib ki, müasir iqtisadiyyat bank sektorundan çox asılıdır: "Pul dövriyyəsi qan dövriyyəsi kimi bir şeydir. Avropada da, Amerikada da, eləcə də digər ölkələrdə də böhran ilk növbədə bank sektorundan başlayır.Bu özünü devalvasiya, inflyasiya, problemli kreditlər şəklində göstərir.Müasir iqtisadi sistem bank sistemindən çox asılı vəziyyətdədir.Dünya iqtisadçıları bu vəziyyəti tənqid edirlər.Bank sistemindən bu qədər asılı vəziyyət olmalı deyil”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları