Yuxarı

Büdcəyə nəzarətdə yeni qayda

Büdcəyə nəzarətdə yeni qayda

Dövlət büdcəsinə nəzarət güclənəcək.

Ötən gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət əmlakının auditlə əhatə olunan hissəsinin artırılmasına çalışdıqlarını bildirib: "2014-cü ildə bu göstərici 3,5 milyard manat, 2015-ci ildə 4,2 milyard manat, 2016-cı ildə isə 5,6 milyard manat təşkil edib. Məqsədimiz dövlət büdcəsinə nəzarətin əhatə dairəsini Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında qeyd olunan minimal göstəriciyə (50 faiz) çatdırmaq və bu göstəricini ötməkdir”.

O bildirib ki, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 2014-2016-ci illərdə müvafiq olaraq 8,6 milyon manat, 10,3 milyon manat və 11,3 milyon manat həcmində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib: "Halbuki hər il Hesablama Palatasının saxlanmasına 3,1 milyon manat xərclənir. Yəni nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa olunan vəsait həmin quruma xərclənən vəsaitdən 2,8-3,4 dəfə çoxdur. Auditə sərf olunan xərci də nəzərə alsaq, bu fərq bir qədər də artar”.

Vüqar Gülməmmədovun sözlərinə görə, bu il Hesablama Palatasının Strateji İnkişaf Planı (SİP) yekunlaşır və artıq 2018-2020-ci illəri əhatə edən yeni SİP-in hazırlanmasına başlanılıb: "Bu planda konkret hədəflərin müəyyən edilməsinə və bu hədəflərə çatılma səviyyəsini dəyərləndirməyə imkan verən, qiymətləndirilə bilinən meyarların hazırlanmasına çalışırıq".

Dövlət büdcəsinə nəzarət dövlət vəsaitlərinin şəffaflıqla xərclənməsinə səbəb ola biləcəkmi?

İqtisadçı-alim Qubad İbadoğlu "Cümhuriyət” qəzetinə bildirib ki, dövlət büdcəsinə yalnız maliyyə və parlament nəzarəti olmalı deyil:

"Dövlət büdcəsinə eyni zamanda ictimai nəzarət də olmalıdır. Bu mexanizmlərin hamısı işə düşəndə dövlət büdcəsindən daha səmərəli, daha şəffaf istifadə etmək imkanları yaranır.Bilirik ki, Hesablama Palatası müəyyən təhlillər aparır, analitik işlər görür, hesabatlar hazırlayır.Eyni zamanda Palatanın auditor yoxlamasını həyata keçirmək hüququ var. İndiyə qədərki nailiyyətlərində də Palata bir çox halda dövlət büdcəsindən səmərəsiz istifadə edən bankları da aşkar edib.Hesab edirəm ki, Palatanın dövlət büdcəsinə nəzarəti daha effektli həyata keçirməsi üçün dövlət büdcəsinin proqramlar üzrə təsnifatına ehtiyac var. Təəssüflər olsun ki, Azərbaycanın dövlət büdcəsi yalnız iqtisadi, inzibati və funksional təsnifatla aparılır.İndiki halda digər ölkələrdə olduğu kimi beynəlxalq standartlara müvafiq şəkildə proqramlar üzrə büdcənin təsnif olunması büdcə xərclərinin səmərəliliyini qiymətləndirməyə əlavə imkanlar yaradır.Amma təəssüflər olsun ki, Azərbaycanda dövlət büdcəsi hələ də planlar üzrə təsdiq olunmur.Başqa sözlə, proqram büdcəsi hazırlanmır. Ona görə də Hesablama Palatasının büdcə üzərindəki nəzarəti o qədər effektli ola bilməz. Çünki onu qiymətləndirmək üçün lazım olan indikatorlar yoxdur.İndikatorlar ancaq proqram büdcəsində işlənilib hazırlanır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları