Yuxarı

ABŞ dolları ucuzlaşdırır?

ABŞ dolları ucuzlaşdırır?

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) dollar ın uçot dərəcəsi haqqında verəcəyi hər hansı bir qərar alternativ valyutalara ciddi şəkildə təsir edir.Məlumdur ki, FES son 2 ildə dolların uçot dərəcəsini 0.25-dən 1.25-ə qədər artırıb. FES rəhbəri ilin əvvəlində cari ilin sonuna qədər uçot dərəcəsinin daha 3 dəfə artırılacağı şəklində açıqlama verdi. Nəzərə alsaq ki, ilin sonuna qədər FES-in hələ sentyabr, noyabr və dekabr aylarında keçirilməsi nəzərdə tutulan 3 iclası olmalıdır.

Yəni, FES ilin sonuna qədər daha 3 dəfə faiz artımına gedə bilər.Ancaq son günlər beynəlxalq reytinq agentliyi dolların uçot dərəcəsi ilə bağlı proqnozlarını açıqlayıb və proqnozlardan belə məlum olur ki, FES cari ilin sonuna qədər faiz artımına getməyəcək.Belə ki, reytinq agentliyinin hesablamalarına görə ABŞ Federal Ehtiyat Sistemi (FES) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0 faizə endirə və monetar ekspansiyaya başlaya bilər.Bu isə dolların alternativ valyutalar qarşısında dəyər itirməsi anlamına gəlir.Təbii ki, bu deyilənlər proqnozdur və reallaşmamaq ehtimalı yüksəkdir.Maraqlıdır, bəs deyilənlər reallığa çevrilərsə, dünya maliyyə bazarında dolların aqibəti necə olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında FES-in uçot dərəcəsini azaldacağına inanmadığını deyib. N.Cəfərlinin fikrincə, FES-in uçot dərəcəsini geri çəkməsi onun beynəlxalq nüfuzuna zərbə vuracaq:

"Bu sadəcə olaraq araşdırma şirkətinin verdiyi proqnozdur. Hansısa informasiyaya əsaslanan məlumat deyil. Sadəcə olaraq ilk onluğa daxil olan şirkətlərdən biri öz  ehtimallarını yazıb ki, ABŞ iqtisadiyyatında yavaşlama müşahidə olunur və bu davamlı şəkildə gedərsə və Trampın verdiyi vədlərin həyata keçirilməsi üçün Senat tərəfindən maneələr davam edərsə, ola bilər iqtisadiyyatı stimullaşdırmaq üçün FES köməyə gəlsin, uçot dərəcəsini yenidən sıfıra çəksin. Təşviq proqramlarına yenidən start versin. Yəni, bu sadəcə olaraq onlarla proqnozlardan biridir.Nədənsə, bu məsələ Azərbaycanda da gündəmə gəlib və müzakirə mövzusuna çevrilib.Əslində bunun reallaşmasına inanmıram. Çünki FES ötən il faiz artımına başladı və bu il də davamı gəldi. Birdən-birə FES-in geri addım atması, bu qurumun beynəlxalq nüfuzunu məhf edər.Çünki FES-in verdiyi qərarlar dünya birjalarına milyonlarla təsir etmək gücünə malikdir.Bu gücə görə də dünyada FES-in hər sözünə diqqətlə fikir verirlər.Ona görə də düşünmürəm ki, FES belə bir addım atsın.Əksinə hesab edirəm ki, FES bu ilin sonuna qədər ən azı bir dəfə faiz artımı ilə bağlı qərar verəcək”.

Ehtimallar özünü doğruldacağı təqdirdə nələr baş verəcəyinə də toxunan ekspert hesab edir ki, bu dolları alternativ valyutalar qarşısında daha da ucuzlaşdıracaq. N.Cəfərlinin sözlərinə görə, FES-in geri addım atması ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək:

"Təbii ki, uçot dərəcəsi azalanda dünyada dolların məzənnəsi və faiz indeksi dünya valyutalarına qarşı sürətlə azalmağa başlayacaq. FES-in bu qədər faiz artımına baxmayaraq, onsuz da dolların indeksi azalıb.Dünyada dollar indeksi 103-104-ə qədər artmışdı ki, bu da fantastik artım hesab olunurdu.Amma hal-hazırda 92 punkta qədər aşağı enib.Dollar həm avro, həm funt sterlinq, həm də yapon yeni qarşısında ucuzlaşıb. Belə bir fonda FES uçot dərəcəsini sıfıra salsa, təbii ki, dollar daha çox ucuzlaşa bilər. Bunun da ABŞ iqtisadiyyatını mənfi təsirləri daha çox ola bilər, güvənsizlik ortamı yaranar. Ona görə də FES-in belə bir addım atacağını hesab etmirəm.Çünki FES dünya maliyyə bazarına, birjalara ən çox təsir imkanı olan qurumlardan biridir, bəlkə də birincisidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları