Yuxarı

Qaza olan ümidlər: Daha 7 il gözləməliyik

Qaza olan ümidlər: Daha 7 il gözləməliyik

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 13,270 milyon ton həcmində xam neft ixrac edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə xam neftin dəyəri 5,085 milyard dollar təşkil edib. Bu ilin ilk 8 ayında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 39 faiz, dəyəri isə 22 faiz az olub. Xam neft Azərbaycanın ümumi ixracının 70,41 faizini təşkil edib. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5,182 milyard kubmetr həcmində təbii qaz ixrac edib. Bu miqdarda təbii qazın dəyəri 926,776 milyon dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,53 faiz, dəyəri isə 22,31 faiz artıq olub. Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 12,83 faizini təşkil edib.

Maraqlıdır, qaz gəlirləri neft gəlirlərini əvəz edə biləcəkmi? Ümumiyyətlə, büdcədən narahat olmağa dəyərmi?

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, aylıq hesabatlara əsasən Azərbaycanda 7 ayda neft hasilatı 2.2 milyon ton aşağı düşüb: "2012-ci ildən sonra aşağı düşmə tempi təxminən 10 faizə yaxın olub. Amma belə bir enmə müşahidə olunmamışdı. Bunun da obyektiv və subyektiv səbəbləri var. Komitənin hesabatına əsasən qaz gəlirləri 23 dəfə artıb. "Qazprom”un hesabatlarına baxsaq, görərik ki, qaz ötən il 180 dollara, bu il 200 dollara satılıb. Təxminən 10-12 faiz artım olub. Ancaq Azərbaycanın Dövlət Statistika Komitəsi ötən il nə qazın həcmini düz göstərdi, nə də satılan qazın qiymətini. Bunu nə gizlədib, nə də oğurlayıb. Sadəcə, Statistika Komitəsi bu ilə qədər ancaq Gürcüstana ixrac olunan qazın qiymətini və həcmini göstərirdi. Amma "Şahdəniz” qazının həcmini deklorasiyaya salmırdı. Gürcüstana ixrac olunan qaz region qiymətindədir, ancaq Türkiyəyə ixrac olunan qaz dünya bazar qiymətindədir. Bunların müqayisəsində qiymətdə də, həcmdə də belə bir artım olub. Bununla tanış olmayan adam isə elə bilir ki, biz qaz vurub qazan doldurmuşuq. Azərbaycanın qaz ixracı ötən illə müqayisədə faktiki dəyişməyib”.

Ekspertin sözlərinə görə, Azərbaycanın qaz ehtiyatları neftə nisbətən daha çoxdur: "Neft ekvivalentindən götürdükdə qaz ehtiyatları iki dəfə çoxdur. Çünki neft 165 illik çıxarılır. Sonuncu neft yatağımız 32 il bundan öncə tapılıb. Bundan sonra Azərbaycanda neft yatağı tapılmayıb. Əsas neft yataqları faktiki olaraq 40 il və ondan daha çox müddətdir istismar edilir”.

Qazdan əldə olunan gəlirlər neft gəlirlərindən artıq ola bilərmi?

İlham Şabanın qənaətincə, neft qaza nisbətən azaldıqca qaz gəlirləri onu üstələyəcək: "Həmçinin Azərbaycan qazını tamamilə xam şəkildə ixrac etməyəcək. Sumqayıtda tikilən zavodlarda qaz yarımfabrikat məhsula çevriləcək. Bundan sonra da digər qaz emalı zavodları tikiləcək, qaz kimyası güclənəcək. Bunlar da hesablanmalıdır. Bunun hamısı təqribən 10 ildən sonra baş verə bilər. İl ərzində qazdan kondensatla birlikdə 10 milyard dollar gəlir götürmək olar. Söhbət xam, kondensat və qazdan alınan yarımfabrikat məhsullardan gedir. Əgər hazırda Azərbaycanda qaz ixracı 8 milyard kubmetrdirsə, ixrac həcmi təqribən 30-35 milyard kubmetrə çatanda 10 milyard dollar gəlir götürmək mümkün olar. Yəni, qazın həcmi 4 dəfə, qiyməti də 2 dəfə artmalıdır. Bunu da 2025-ci ildən sonra gözləmək olar. İndi xaricdə qazın qiyməti 200 dollardır, orta hesabla 400 dollara qalxmalıdır ki, istənilən gəliri götürmək mümkün olsun”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları