Yuxarı

Daşkəsən filiz zavodu məmurları üz-üzə qoydu

Daşkəsən filiz zavodu məmurları üz-üzə qoydu

Bir neçə gündür ki, Daşkəsən filiz zavodu ətrafında məmurların sözün əsl mənasında savaş gedir. Belə ki, zavod 2001-ci ildə "Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb. 2016-cı ildə  zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib.

İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialı olduğu üçün açıq mübarizəyə başlayıblar. 

Məmurları üz-üzə qoyan zavod haqqında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də fikirlərini bölüşüb.

 "Həqiqətən də zavod ətrafında qovğa var. Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm. Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də bilirəm. Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”- Əhəd Abıyev deyib.

Məmurların zavod uğrunda  mübarizəsinin səbəbi nədir? 

Bir müddət əvvəl də Daşkəsən Filiz Zovodunun özəlləşdirməyə çıxarılacağı haqqında məlumat var idi. Hətta zavodun Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsində məqsəd də məhz bu idi. Ancaq nəyə görəsə  bu zavodun özəlləşdirilməsi hələ də baş tutmayıb. Ehtimal olunur ki, Daşkəsən Filiz Zavodu tezliklə  özəlləşdirilməyə çıxarılacaq. Məmurların üz-üzə gəlməsində də səbəb bu ola bilər. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Rasim Məmmədovu dəstəkləməsi isə əslində mübarizəni qızışdıracaq. Çünki artıq zavod ətrafında iki məmur deyil, iki cəbhə mübarizə aparır. Kərəm Həsənov və Elmar Vəliyev bir cəbhədə yer alır və Rasim Məmmədovla Əhəd Abıyevə qarşıdır. Təbii ki, bu bir ehtimalıdır. Çünki adıçəkilən şəxslər kifayət qədər gücə malikdir və onlar bu zavodun idarəçiliyində özlərinə "şərik” axtarmaya da bilərlər. Ancaq hələ ki, görünən bundan ibarətdir. Bu məsələlərə aydınlıq gəlməsi üçün təbii ki, özəlləşdirmə prosesinin başlamasını gözləmək lazımdır. Əgər ehtimallar doğrularsa, özəlləşdirmə prosesi başlayarsa, o, zaman kimin bu mübarizədən qalib çıxacağını görə bilərik.

Digər bir ehtimal: zavod ümumiyyətlə, özəlləşdirilməyə çıxarılmaya bilər. Özəlləşdirməyə çıxarılması üçün  Daşkəsən Filiz Zavodu Əmlak Məsələləri Dövlət Komitəsinin balansından çıxarılmalıdır. Bu nə qədər aşağı ehtimal olsa da mümkünsüz deyil. İddia olunur ki, Kərəm Həsənov da məhz bundan narahatdır və ona görə də zavodla bağlı maraqlarını gizlətmir, açıq mübarizə aparır. 

Qeyd edək ki, Kərəm Həsənov zavod ətrafında yaranan qalmaqalda adı çəkilən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qudasıdır. Digər tərəfdən Kərəm Həsənovun qaynı Fəxrəddin Abbasov da Daşkəsən rayon Polis şöbəsinin rəisidir. Bu baxımdan Kərəm Həsənov və Elmar Vəliyevin "əli” daha güclü görünür. Daha bir maraqlı fakt isə ondadır ki, Daşkəsən rayon icra başçısı yanında fəaliyyət göstərən Şura üzvlərinin siyahısında "Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri bölməsində ad qrafası boşdur. Mübarizənin nəticəsi olaraq bu qrafada adı yazılan şəxs həm də "qalib” olacaq.


Vilayət Muxtar





Həftənin ən çox oxunanları