Yuxarı

Növbəti devalvasiya anonsu

Növbəti devalvasiya anonsu

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun "devalvasiyanın olması mümkünsüzdür” açıqlaması əhali arasında narahatlığa səbəb olub. 

Nəzərə alsaq ki, baş verən iki kəskin devalvasiyadan öncə də baş bankir bu tipli açıqlama vermişdi. AMB sədrinin birinci müavini Alim Quliyev 200 manatlıq əskinasın dövriyyəyə buraxılacağını istisna etməyib. Ekspertlər hesab edir ki, hər hansı bir valyutanın nominal dəyəri yüksəldikcə onun dəyəri aşağı düşür. Bu baxımdan AMB yetkilisinin açıqlamasından belə nəticəyə gəlmək olar ki, manatın ucuzlaşmaq ehtimalı yüksəkdir və AMB özü də 200 manatlıq əskinasları buraxmaqla buna hazırlıq görür. Bütün hallarda AMB-nin rəhbəri və onun müavinin açıqlamaları bir-birinə ziddiyyət təşkil edir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında Mərkəzi Bankın gələn il üçün manatın ucuzlaşmasına hazırlıq gördüyünü deyib: "Çox qəribə bir durum yaranıb. Bir tərəfdən bəzi hökumət qurumları nağdsız hesablaşmaları yaymaq üçün həm inzibati qaydada dəyişiklərlə, cərimələrlə əhalini buna məcbur edirlər. Digər tərəfdən isə belə bir açıqlama verirlər ki, yüksək nominallı əskinasların dövriyyəyə buraxılmaq ehtimalı var. Burada hökumət qurumları arasında ciddi fikir ayrılıqlarının olduğunu demək mümkündür. Həm də Azərbaycanda qəribə bir disbalans yaranıb.

 Dövriyyədə olan manat kütləsinin böyük əksəriyyəti 50 və 100 manatlıq əskinaslardır. Əslində isə normal ölkələrdə kiçik həcimli əskinasların dövriyyədə daha çox olduğunu görürük. Avropada, ABŞ-da 1, 5, 10 nominallı əskinaslar daha çox döriyyədə olur. Azərbaycanda isə belə bir ehtimalın səslənməsini onunla izah etmək olar ki, gələn il daha çox manat kütləsinin dövriyyəyə buraxılmasına hazırlıq gedir. Çünki manat kütləsi azaldıqca iqtisadiyyata çox ciddi ziyan vurub. Bunun nəticəsi olaraq dollar-manat münasibətlərində müəyyən tənzimləməyə nail olublar. Kreditləşmə dayanıb, dövriyyə azalıb, tikinti sektorunda azalmalar müşahidə olunur. Bu yanaşma Azərbaycanda iqtisadi aktivliyə ciddi zərbə vurduğu üçün ola bilsin ki, gələn il manat kütləsinin artırılmasına hazırlıq gedir. Təbii ki, bu baş versə, iqtisadi qanunlara görə bu həm inflyasiyanın artmasına imkan verəcək, həm də məzənnəyə təsir edəcək ciddi amilə çevriləcək”.

Natiq Cəfərli hesab edir ki, Elman Rüstəmov səbəbləri gizlədərək, ancaq nəticələrdən danışıb: 

"Bu gün də bu tip açıqlamaların olması əhalidə də, biznes çevrələrində də ciddi narahatlıqlar yaradır. Belə demək mümkündürsə, Elman Rüstəmov açıqlamasında yarıhəqiqətləri deyib. Tam həqiqəti söyləməyib və baş verənlərin hansı səbəbdən qaynaqlandığını açıqlamayıb. Nəticələr haqqında yarı həqiqətlər desə də, səbəblər haqqında ümumiyyətlə, danışmayıb. Əslində Elman Rüstəmov "Azərbaycan manatı sabitdir” fikrini tez-tez təkrarlayır. Əslində isə manat sabit deyil. Dünyada dollardan başqa digər valyutalar da mövcuddur. Azərbaycan hökuməti və Mərkəzi Bankı dolların məzənnəsini sanki bir sabitlik simvoluna, siyasi alətə çeviriblər. Bu da doğru yanaşma deyil. Məzənnə sırf iqtisadi alətdir. Elman Rüstəmov bu günə qədər israrla deyir ki, məzənnə "üzən məzənnə” rejimində formalaşır və heç bir müdaxilə yoxdur. Amma bu belə deyil və bunun da aşkar sübutları var. Son 5 aydır ki, manat-dollar münasibətlərində məzənnə dəyişmir. Ancaq "üzən məzənnə” rejimində belə olması mümkün deyil. İstənilən valyuta "üzən məzənnə” rejimində ziqzaqvari qrafiklə görünür. Azərbaycanda isə son 5 aydır ki, məzənnə düz xətt üzrə gedir. Bu da Azərbaycanda "üzən məzənnə”nin olmadığının aşkar sübutudur. Çünki "üzən məzənnə” rejimində dəyişikliklərin olması qaçılmazdır”.

Natiq Cəfərli qeyd edib ki, manat sabit deyil və bunu göstərən bir çox amil var: "Son 5 ayda dolları çıxmaq şərti ilə dünyanın aparıcı digər 4 valyutasına qarşı manat kəskin dəyər itirib. Ən çox dəyişikliklər isə avroda müşahidə olunur ki, bu da 15 faiz civarındadır. 

Bu artıq manatın sabit olmadığını göstərir. Elman Rüstəmov açıqlamasında tədiyyə balansının müsbət olduğunun səbəblərini də açıqlamır. Səbəblər isə əslində çox sadədir. Ötən ilin ilk 7 ayı ilə müayisədə bu il neft 15 dollar bahalaşıb. Bu da təqribən 20 faiz artım deməkdir. Bu da tədiyyə balansına təsir göstərir. Yəni, yenə də tədiyyə balansına iqtisadi aktivlik yox, neftin qiyməti təsir edib. Digər tərəfədən, ilin əvvəlində Dövlət Neft Fondu "maliyyə sabitliyinin tənzimlənməsi” adı altında Mərkəzi Banka 7.5 milyard manat vəsait ayırdı. Bu vəsaitin 50 faizə yaxını artıq istifadə olunub. 


Bunun nəticəsində Mərkəzi Bankın həm ehtiyatları artıb, həm də məzənnənin tənzimlənməsinə nail olub. Yəni bu dövlət dəstəyi hesabına atılmış addımlardır. Bu gün iqtisadi aktivlikdən, bazar tənzimləmələrindən danışmaq mümkün deyil”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları