Yuxarı

Dollardan imtina qanuniləşdirilir

Dollardan imtina qanuniləşdirilir

Rusiya dollardan imtina edir. 

Vladimir Putin yarım il əvvəl təklif etdiyi, ancaq böyük şirkətlərin "isti" baxmadığı "limanlarda dollar əvəzinə rubl istifadə edilməsi" təklifini təkrarlayıb və hökumətdən müvafiq qanunvericiliyi hazırlamasını istəyib. Kremldən bildirilib ki, qərar gələn ildən tətbiq olunacaq. Rusiya prezidenti Vladimir Putin gələn ildən etibarən bütün limanlarda əsas pul vahidi olaraq rus rublu istifadə edilməsinə dair qanunvericiliyin qəbul edilməsi tapşırığını verib. Bəyanat Kremlin saytında dərc olunub. Xarici pul vahidi öhdəliyi olan yükləmə boşaltma şirkətlərini qorumaq naminə, rubla keçməmişdən əvvəl bir keçid prosesi də tətbiq ediləcək. Rusiya limanlarındakı bir çox xidmət ABŞ dollarında aparılır. Bu qərarın əcnəbiləri Rusiya pulu almağa məcbur edəcəyini və bunun da rubl üçün yaxşı olacağını bildirilib. 

Vladimir Putin liman tariflərində rubla keçidi ilk dəfə 1.5 il bundan əvvəl təklif etmiş, ancaq bu ideya rublda baş verən dalğalanmalar səbəbindən gəlirlərini dollar və digər xarici valyutalarda saxlamaq istəyən böyük nəqliyyat şirkətləri tərəfindən qəbul edilməmişdi.

Putin dollarla bağlı konkret təklif verdi. Artıq növbəti ildən böyük nəqliyyat şirkətləri rublu məcburi alacaq. Amma qərarın nə qədər işlək olub-olmaması, müsbət nəticə verməsi, hələ ki, bilinmir. 

Qeyd edək ki, ötən il oxşar bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış etmişdi. O, Rusiyadan qayıdan zamanı bildirir ki, iki ölkə arasında ticarətdə dollar əvəzinə, türk lirəsi ilə rubldan istifadə edilməsinə dair razılaşma olub. R.T. Ərdoğan bu qərarın hə iki ölkənin iqtisadiyyatına müsbət təsiri olacağını demişdi. Prezident bildirmişdi ki, qərar işlək olduğu təqdirdə dollar daha da ucuzlaşacaq, məzənnə təzyiqindən də xilas olmuş olarıq. Ticarətdə türk lirəsi və rubldan istifadə edilməsi təklifinə Rusiya prezidenti Vladimir Putin də müsbət yanaşmışdı. Bundan əlavə bu ilin sentyabrında Venesuela hökuməti neft ixracatçılarını ölkənin bundan sonra hesablaşmaları ABŞ dollarında aparmayacağı ilə bağlı məlumatlandırıb. Rəsmi Karakasın bunun hesabına ölkə iqtisadiyyatına Amerika sanksiyalarının təsirini azaltmağı nəzərdə tutduğu bildirilir. Artıq ölkə neft satışında hesablaşmaları avro ilə etməyə başlayıb.

"Bu kimi çağırışlar ciddi effekt vermir”

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, dollardan imtina edilməsi kimi yanaşmalar əvvəlki dövrlərdə də fərqli ölkələr tərəfindən səsləndirilib: 

"Türkiyə, İran, bəzən Çin dövləti də hesablaşmaları ABŞ dollarında aparmayacağı barədə müəyyən addımlar atmaq istəyiblər. Amma məsələ ondadır ki, hazırda dünyada investorların, biznes subyektlərinin etibar etdiyi valyutalar var. Bunlardan biri də məhz ABŞ dollarıdır. Hansı ki, dünya ticarət dövriyyəsinin təxminən 60-65 faizi ABŞ dolları ilə həyata keçirilir. Rusiya rublunun etibarlılığı ən mühüm məsələlərdən biridir. Çünki həm idarəetmədə ciddi nöqsanların olduğu, eyni zamanda iqtisadiyyatı resursdan asılı olan ölkələrdə valyuta məzənnəsi davamlı olaraq ciddi risklərlə üzləşir. Düşünmürəm ki, bu risklər qarşısında Rusiyanın xarici ticarət tərəfdaşları rublla əməliyyatlar həyata keçirməkdə maraqlı görünəcəklər. Ola bilər ki, hər hansı əməliyyatı bir neçə saniyə ərzində rus rublu ilə həyata keçirsələr, ən qısa müddətdə həmin rublu bazara çıxarıb başqa valyutaya çevirəcəklər. Faktiki olaraq qlobal sövdələşmələrdə Rusiya rubluna nə tələb, nə də inam var. Ümumiyyətlə, bu kimi çağırışlar ciddi effekt vermir”.

"Rusiyanın bu bəyanatının ABŞ dollarına təsiri Federal Ehtiyat Sisteminin rəhbərlərindən birinin çıxışı qədər belə olmayacaq”

İqtisadçının sözlərinə görə, Rusiya müxtəlif yollarla nəyisə sübut etməyə çalışır: 

"Amma Rusiya iqtisadiyyatı və rublun məzənnəsi, o cümlədən, ölkənin idarəetməsi, faktiki olaraq bu gün xarici ticarətin predmeti olan valyutalara qarşı hansısa mövqe ortaya qoymaq gücündə deyil. Buna görə də bu bəyanatdan ciddi nəticələrin gözlənilməsi doğru olmaz. Eyni zamanda Rusiyanın dollardan imtina etməsi qərarı dünya bazarlarında ABŞ dollarının mövqeyinə təsiri olmayacaq. Rusiyanın bu bəyanatının ABŞ dollarına təsiri Federal Ehtiyat Sisteminin rəhbərlərindən birinin çıxışı qədər belə olmayacaq. Növbəti dövrlərdə bu təşəbbüsə qoşulanların sayı çox olmayacaq. Hətta hesab edirəm ki, burda sadəcə müəyyən rejimlər ölkə daxilində ən müxtəlif yollarla ideoloji bir dəstək qazanmağa çalışırlar. Onlar ciddi əsası və həmçinin dayanıqlılığa malik olmayan ideyalarla çıxış edirlər. Faktiki olaraq bu gün dünya iqtisadiyyatının əsas iştirakçıları bunu dəqiq şəkildə analiz edir və davranışlarını ona uyğunlaşdırır. Yəqin ki, hansısa siyasətçilərin və yaxud da Putinin qəbul etdiyi qərara görə”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları