Yuxarı

Neft bahalaşır, büdcə dəyişir?

Neft bahalaşır, büdcə dəyişir?

Dünyanın ən iri neft istehsalçılarından biri olan İraqda siyasi vəziyyətin gərginləşməsi "qara qızıl”ın qiymətinə müsbət təsir göstərib. Belə ki, sentyabrın 25-də İraq kürd muxtariyyətinin müstəqillik referendumunun keçirilməsindən sonra neftlə zəngin olan Kürdüstan muxtariyyətinin ətraf regionlara çıxışı bağlanıb. Prezident R.T. Ərdoğan isə Türkiyənin bundan sonra Kərkük-Yumurtalıq boru xətti ilə neft idxalını dayandıracağını və sərhədləri bağlayacağını bəyan edib. Yaranmış vəziyyət 2015-ci ildən sonra ilk dəfə olaraq neftin qiymətini ən yüksək həddə çatdırıb.

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,39 dollar (2,35 faiz) artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 60,51 dollar/barelə bərabər olub. Qeyd edək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə açıqlamasında neftin qiymətinin artmasının səbəbini İraqda keçirilən referendumunla əlaqələndirib. Onun fikrincə, İraqda keçirilən referendum qiyməti artıran qızdırıcı element olub:

"Referendum ərəfəsində rəsmi Bağdad elan etdi ki, Kərkük neftini özünün təsir dairəsinə götürəcək. İmkan verməyəcək ki, İraq Kürdüstanı indiyə qədər olduğu kimi ondan yararlansın. Yəni, Kürdüstan hökuməti 2009-cu ildə nefti bütövlükdə dünya bazarına çıxarırdı. Sonra 250 min barelin pulunu mərkəzi hökumətə verməyə başladı. Bunun müqabilində İraq büdcəsindən də 17 faiz öz xərcləri üçün vəsait alırdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Kürdüstan öz müstəqilliyini elan edərsə, Ceyhan boru kəmərilə gələn neftin dünya bazarlarına çıxarılmasını dayandıracaq. Hər iki addım bazarlara çox ciddi təsir etdi. Bundan öncə də İraq Kürdüstanının öz xammalını alternativ kimi İranın neft emalı zavodlarına göndərib orda emal edilməsi məsələsinə rədd cavabı almışdı. Çünki İranın da İraq Kürdüstanında kürd dövlətinin yaradılması ilə bağlı mənfi münasibəti var. Yəni, regionda siyasi vəziyyətin mürəkkəbləşməsi, hətta mərkəzi hökumətlə muxtariyyət arasında hərbi qarşıdurmanın olması istisna edilmir. Burada çox zəngin karbohidrogen ehtiyatları olduğu üçün zəngin ölkələrin maraqları da var. Rusiya elan edib ki, "Rosneft” şirkəti İraq Kürdüstanının qaz infrastrukturuna sərmayə qoymağa hazırlaşır. Bütün bunlar ona dəlalət edir ki, hələ yaxın dövrdə İraq Kürdüstanı ətrafında siyasi gərginlik səngiməyəcək. Təbii ki, bu siyasi gərginlik də öz təsirini neft bazarına ötürür. Nəticədə bazarda qiymətlər artan tendensiya nümayiş etdirəcək. Neftin qiymətinin 60 dollardan yuxarı diapazonda qalması istisna edilmir”.

Dəyəri hər gün artan qızılı nə gözləyir?

Ekspert qeyd edib ki, əlvan metallar bazarında vəziyyət bir qədər fərqlidir: "Bir müddət əvvəl qızılın bir unsiyasının qiyməti 1300 dollardan yüksək idi. Daha sonra qızıl kəskin ucuzlaşsa da, yenidən bahalaşmağa başladı. Bütün bunlar onun fonunda baş verirdi ki, dollar avro nisbətində bahalaşırdı. Nəticədə dünya mərkəzi bankları rezervlərini həm qızılla, həm də dollarla saxlamağa üstünlük verirdilər. Bu zaman həftəlik olaraq dəyişiklik baş verir. Ona görə də bir müddət sonra qızılın qiymətində tamamilə fərqli nəticə müşahidə edə bilərik”.

Dövlət büdcəsinə yenidən baxıla bilərmi?

İlham Şabanın sözlərinə görə Azərbaycanın dövlət büdcəsində milyardlarla manat kəsir var: "Əlavə qazanc büdcə kəsirinin yönəldilməsi məsələsinə ancaq çata bilər, başqa bir şeyə yox. Qeyri-neft sektorunun gəlirləri neft gəlirləri ilə eyni səviyyədə deyil. Qeyri-neft sektorunun gəlirləri təqdimatda şişirdilir. Ancaq realda qeyri-neft sektoru neft sektorundan çox geridə qalır. Neft Fondundan götürüb büdcəyə verirlər, büdcədən də götürüb qeyri-neft sektoruna yönəldirlər. Bu, qeyri-neft sektorunun gəliri deyil axı. Reallıqda Azərbaycanın gəlirlərinin 75 faizi neftdən, 25 faizi isə qeyri-neft sektorundan əldə olunur. Bu göstərici nə vaxt 50-50-yə olsa, o zaman müsbətə doğru irəliləyiş olacaq. Elə olub ki, Azərbaycanın büdcəsinə Neft Fondundan 65 faiz transfert olub. Neft Fondundan büdcəyə gələn gəliri neft gəliri kimi saymırlar. Məsələdə məhz bundadır”.

Növbəti ildən neftin qiyməti dövlət büdcəsində neçə dollardan götürülə bilər?

Ekspert xatırladıb ki, 2017-ci ildə neftin dövlət büdcə qiyməti 40 dollardan götürülüb: "Təxminən oktyabr ayının əvvəlində Maliyyə Nazirliyinin saytında növbəti ildə neftin qiymətinin dövlət büdcəsində neçə dollardan götürülməsi öz əksini tapacaq. Hesab edirəm ki, növbəti ildə neftin dövlət büdcəsində qiyməti 45 dollardan götürüləcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları