Yuxarı

Dünya dollardan imtina edir

Dünya dollardan imtina edir

Türkiyə ilə İran ticarət əlaqələrində dollardan imtina edib.Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfəri çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə qarşılıqlı ticarət müqaviləsi imzalayıb.Müqaviləyə əsasən iki ölkə arasında ticarət milli valyuta əsasında aparılacaq.Bundan başqa, iki dövlət arasında gömrük mövzusunda bəzi çətinlikləri həll etmək üçün 3 gömrük qapısı 24 saat xidmət edəcək.İki ölkə arasında investisiyaları asanlaşdırmaq üçün İran tərəfi türk səhmdarlara lazım olan şəraiti yaradacaq.Türkiyə tərəfi İrandan daha çox təbii qaz almaq istədiyini bildirib

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də "limanlarda dollar əvəzinə rubl istifadə edilməsi" təklifini təkrarlamış və hökumətdən müvafiq qanunvericiliyi hazırlamasını istəmişdi.Rəsmi Kreml qərarın gələn ildən tətbiq olunacağını bildirib. Xarici pul vahidi öhdəliyi olan yükləmə, boşaltma şirkətlərini qorumaq naminə, rubla keçməmişdən əvvəl bir keçid proses də tətbiq ediləcək. Rusiya limanlarındakı bir çox xidmət ABŞ dollarında aparılır.Bu qərarın əcnəbiləri Rusiya pulu almağa məcbur ediləcəyini və bunun da rubl üçün yaxşı olacağı bildirilib.

Xatırladaq ki, Türkiyə prezidentin dollardan imtina etməsi ilə bağlı digər bir bəyanatı hələ ötən il səsləndirmişdi. O, Rusiyadan rəsmi səfərdən qayıdan zaman bildirmişdi ki, iki ölkə arasında ticarətdə dollar əvəzinə, türk lirəsi və rubldan istifadə edilməsinə dair razılaşma olub. Ərdoğan bu qərarın hə iki ölkənin iqtisadiyyatına müsbət təsiri olacağını da demişdi.Prezident bildirmişdi ki, qərar işlək olduğu təqdirdə dollar daha da ucuzlaşacaq, məzənnə təzyiqindən də xilas olunacaq.İki ölkə arasında ticarətdə türk lirəsi və rubldan istifadə edilməsi təklifinə Rusiya prezidenti Vladimir Putin də müsbət yanaşmışdı.

Həmçinin bu ilin sentyabrında Venesuela hökuməti neft ixracatçılarını ölkənin bundan sonra hesablaşmaları ABŞ dollarında aparmayacağı ilə bağlı məlumatlandırıb.Rəsmi Karakasın bunun hesabına ölkə iqtisadiyyatına Amerika sanksiyalarının təsirini azaltmağı nəzərdə tutduğu bildirilir.Artıq ölkə neft satışında hesablaşmaları avro ilə etməyə başlayıb.
Hələlik verilən qərarların nə qədər işlək olub-olmaması, müsbət nəticə verməsi bilinmir.Amma görünən odur ki, dollardan imtina artan tendensiya ilə davam edir.

İqtisadçı Fuad İbrahimovun "Cümhuriyət” qəzetinə bildirib ki, dollardan imtina tendensiyasının artmasının iqtisadi vəziyyətlə bağlılığı yoxdur:

"Bu prosesin daha çox siyasi bağlılığı var. Dünyanın etalon valyutası hesab olunan valyutalar-avro və dollardan imtina edib ticarət əməliyyatlarının gələcəyi haqqında düşünülürsə, deməli, bu ölkələr dünya inteqrasiyasından təcrid olunur. Buna ilk növbədə siyasi nöqteyi-nəzərdən qiymət vermək lazımdır.Ölkələr arasında ticarət əməliyyatlarını öz milli valyutalarında aparması mümkün deyil.Bunun balansını tutmaq mümkün deyil.Digər tərəfdən sözügedən qərarı verənlər bu peşənin sahibi olmadığı üçün ancaq fikir irəli sürür.Amma söhbət fikrin reallaşmasından gedir.Hazırda bu ölkələrin maddi-texniki təchizat bazaları yoxdur ki, buna hazır olsunlar.Əgər bu qərarı iqtisadiyyatla uğunlaşdırmaq istəyiriksə, ticarət nöqteyi-nəzərindən barter əməliyyatı apara bilərlər.Tutaq ki, kimsə pambığın yerinə neft ala bilər və yaxud yüngül sənaye məhsullarının əvəzinə ağır maşınqayırma ilə bağlı cihazlar əldə edə bilərlər. Buna barter əməliyyatı deyilir”.

"Dollardan imtina absurrdur”

İqtisadçı onu da qeyd edib ki, ticarətin dərin hissələri var:

"Sadə sözlərlə nəyisə ifadə edərək məsələni həll etmək mümkün deyil. Əgər hər iki dövlət dollardan imtina edib bu sövdələşməyə gedirsə, onların arasında etalon ölçü vahidi olmalıdır. Bu isə qızıl və yaxud avro ola bilər. Ancaq reallıqda ticarət əməliyyatlarını həyata keçirmək üçün nə milli valyutaların qüvvəsi, nə də ölkələr arasında mexanizm var. Bu mexanizm illərlə işlənməli, köçürmə prosesləri həyata keçməlidir.Adıçəkilən dövlətlərin öz arasında tranzasiya əməliyyatlarını həyata keçirmək üçün texniki imkanları yoxdur.Çünki hamıya məlumdur ki, texniki təminatın başında ABŞ dayanır.Hesab edirəm ki, ölkələrin dollardan imtina etməsi fikri absurddur.Bunun reallaşması üçün perspektivdə çox böyük işlər görülməlidir.İlk növbədə mexanizmlər, alətlər olmalıdır, lakin onların da heç biri yoxdur”.

Fuad İbrahimovun fikrincə, görüş iki ölkə arasında dollardan imtina etməkdən daha çox barter əməliyyatlarına oxşayır:

 "Əslində iki ölkə arasında investisiyaları asanlaşdırmaq üçün İran tərəfinin türk səhmdarlara lazım olan şəraiti yaradacağını deməklə və qarşılığında Türkiyə tərəfi İrandan daha çox təbii qaz almaq istədiyini bildirməsi, barter əməliyyatından xəbər verir. Bu iş dövlət səviyyəsində hansısa quruma tapşırıla bilər. Bu qurum da mərkəzləşdirilmiş formada iki ölkə arasında aparılan ticarət əməliyyatlarının balansını, statistikasını, hesabatını aparmaq şərtilə ümumi barter əməliyyatını keçirə bilərlər. Bəli, bu, nəzəri cəhətdən mümkündür.

Ancaq barter əməliyyatı ilə yeri valyutayla nəyinsə ödənilməsi fərqlidir. Tutaq ki, Türkiyənin gəmisi İranın limanında gömrük bəyannaməsini və yaxud prosedur qaydalara uyğun ödəmələri İran valyutası ilə aparır.Amma ödəməni həyata keçirməkdən ötəri, İran valyutasını əldə etməlidir.Yəni, ödəməni aparmaq üçün verilən türk lirəsini liman qəbul edəcəksə, problem burada yaranır.Bunun üçün etalon valyuta lazımdır. Məsələn, hazırda Azərbaycandan Ukraynada təhsil almağa gedən gənclər var. Necə ki, Azərbaycanda Ukrayna qrivini almaq olmur, onlar da ödənişi manatla həyata keçirə bilmirlər. 

Ola bilər ki, həmin valyuta kimdəsə var, amma bu, kütləvi hal daşımır.Məsələni həll etmək üçün Azərbaycanda etalon valyutaları əldə edib Ukraynada yerli valyuta ilə dəyişərək ödəmələri aparmaq lazımdır.Vasitə olmadığı halda ölkələr arasında dollardan imtina etmək kimi fikir absurddur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları