Yuxarı

Bankların "əsəri”: 3,5 milyardlıq problem

 Bankların

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il sentyabrın 1-nə 1 milyard 824 milyon manat təşkil edib. Mərkəzi Bankın statistikasına görə, bu, avqustun 1-i ilə müqayisədə 11,2 milyon manat və yaxud 0,62 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 milyon manat və yaxud 23,86 faiz, son 1 ildə isə 231,1 milyon manat və yaxud 14,51 faiz artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,74 faiz olub. Bu nisbət iyulun sonunda 14,1 faiz, ötən ilin sonunda 8,95 faiz, ötən il avqustun sonunda isə 9,46 faiz təşkil edib.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, problemli kreditlərin faizlərinin hesablanması dayanmayıb:

"Ümumiyyətlə, problemli kreditlərlə bağlı həm bankların, həm də vətəndaşların işini yüngülləşdirmək üçün doğru-dürüst addım atılmayıb. Hələlik bütün yük vətəndaşların üzərindədir. Onsuz da vətəndaşların əsasən valyuta ilə olan kreditləri 2014-cü ildən sonra iki dəfə bahalaşdı. Həm faizlərin yüksək olduğunu, həm də dollar ekvivalentində olan kreditlərin manatla bahalaşdığını nəzərə alsaq, nə biznes qurumları, nə fiziki şəxslər götürdükləri kreditləri qaytara bilmədi. Bu isə problemli kreditlərin həcminin artmasına səbəb oldu. Problemli kreditlərin artım sürəti çox yüksəkdir. Hətta Azərbaycanda bank sistemində hesablamalar doğru aparılmır. Beynəlxalq reytinq agentlikləri daha dəqiq hesablamalar aparıb və problemli kreditlərin həcminin 25-30 faiz civarında olduğunu bəyan edib. Qeyd edim ki, beynəlxalq praktikada problemli kreditlərin həcmi 3 faizi keçirsə, bu, böyük bir problem sayılır və bunun həlli ilə bağlı müəyyən addımlar atılmağa başlanılır. Azərbaycanda problemli kreditlərin həcmi beynəlxalq normalardan 10 dəfə artıqdır. Rəsmi rəqəmlərə görə 14 faizə yaxınlaşıb, amma beynəlxalq agentliklərin hesablamalarına görə 25-30 faiz civarındadır. Bu problemin yükü vətəndaşın çiynində qaldıqca, məsələ öz həllini tapmayacaq. Çünki nə vətəndaşlar, nə biznes subyektləri həmin yüksək faizli kreditləri qaytara bilməyəcək”.

İqtisadçı problemli kreditlərin qaytarılması istiqamətində məsuliyyətin 3 yerə bölünməsinin vacibliyini də qeyd edib:

"Məsuliyyət vətəndaş, banklar və Mərkəzi Bank arasında bölünməlidir. Məsələnin həlli yolları nə qədər uzanacaqsa, problemli kreditlərin həcmi bir o qədər artacaq. Həmin kreditlərin geri qaytarılmasının mümkünsüzlüyü statistik məlumatlarda təsdiqlənəcək. Bir sözlə, hökumət də, Mərkəzi Bank da müəyyən addımlar atmaqda gecikib. Birinci devalvasiyadan sonra Qazaxıstanda çox vacib bir qərar qəbul olundu. İcbari qaydada bütün kreditlərin təngəyə keçirilməsi ilə bağlı qərar verildi. Dövlət kredit götürənlərə yardım etdi. Azərbaycanda da belə bir proqram qəbul olunmasa, Mərkəzi Bankın və dövlətin köməyilə addımlar atılmasa, nə banklar, nə vətəndaş, nə də biznes çevrələri öz gücünə bu problemi həll edə bilməyəcək”.

Banklar bir qayda olaraq vaxtı keçmiş kreditlərin qaytarılmasını məhkəmədən kənar olaraq müştəridən tələb edir. Amma müəyyən müddətdən sonra məhkəmə qaydasında iddia qaldırırlar. Hüquqi qaydada bank 3 il ərzində iddianı qaldıra bilər. Bu müddət ərzində bunu etməsə, artıq iddia qaldıra bilməyəcək. Birinci devalvasiyadan 2 ilə yaxın müddət keçir. Məsələyə bu aspektdən yanaşsaq demək olarmı ki, hökumət problemli kreditlərin qaytarılması müddətini daha 1 il uzadaraq məsələyə son qoymaqda maraqlıdır?

Natiq Cəfərli hüquqi nöqteyi-nəzərdən bunun mümkün olduğunu deyib:

"Əgər problemli kreditlər bankların hesabına silinəcəksə, o zaman banklar indiki ağır durumdan daha da çətin vəziyyətə düşəcək. Beynəlxalq Bankı və Azər-Türk-Bankı çıxmaq şərtilə kommersiya banklarının təxminən 3.7 milyard dollar xarici borcu var. O zaman onlar necə qaytaracaq bu xarici borcu? Həmçinin bu bankların xarici borc öhdəliklərinə zamin duran xarici banklar da var. 

Bunlar əsasən türk banklarıdır. Zamin duran banklar sonradan Azərbaycan banklarına qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldıracaq. Bank sistemi çox həssasdır. Bank sistemində tənəzzül iki ildən çoxdur ki, davam edir. Bu, bir az da davam etsə, idarəolunmaz bir hala gəlsə, o zaman mövcud iqtisadi problemlərin ikiqat artımını görəcəyik. Ona görə də problemli kreditlərin həllini sırf bankın üzərinə də atmaq doğru deyil. Qanunvericiliyə görə, 3 il keçdikdən sonra problemli kreditlər silinsə belə, o zaman Azərbaycanda bankların bir çoxu bankrot elan olunacaq. Ola bilər ki, bir müddət sonra problemli kreditlərin silinməsi gündəmə gəlsin, amma bu, iqtisadi nöqteyi-nəzərdən banklara daha böyük zərbələr vuracaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları