Yuxarı

Qaçaqmalın yolu bağlandı

Qaçaqmalın yolu bağlandı

Dünya enerji bazarına qaçaqmal yolu ilə xam neftin çıxarılması halları xeyli azalıb. İraqda və Suriyada keçirilən hərbi əməliyyatlardan sonra neftlə zəngin ərazilər terrorçulardan azad edildi. Qeyd edək ki, 2014-cü ildən başlayaraq dünya bazarında neftin kəskin ucuzlaşmasının əsas səbəblərindən biri İraqda və Suriyada neft hasil edilən bölgələrin İŞİD terror təşkilatının əlini keçməsi olub. Terrorçular Mosul, Kərkük və Şimali İraqdakı neft yataqlarını işğal etdikdən sonra "qara qızıl”ın bir barelini 15-20 dollara satmağa başladı. Nəticədə həm İŞİD, həm də bölgədəki xaos nəticəsində peyda olan müxtəlif terror qruplaşmaları milyonlarla dollar vəsait əldə etdi. 

İŞİD, "Əl-Qaidə”nin qolları olan "Ən-Nüsrə Cəbhəsi”, "Fəth əş-Şəm” və başqa terrorçu təşkilatların Suriya ərazilərini zəbt etməkdə məqsədi Yaxın Şərqdə hasil olunan xam nefti ucuz qiymətə Aralıq dənizinə çıxarmaq idi. Rəsmi məlumatlara görə İŞİD terror təşkilatı 2015-ci ildə qaçaqmal yolu ilə neft satışından hər ay 40 milyon dollar civarında gəlir götürürdü. Lakin terrorçulara qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanmasından sonra neftlə zəngin ərazilər həmin silahlı birləşmələrdən azad edilib. Bu da öz növbəsində terror təşkilatlarının maliyyə qaynaqlarının zəifləməsinə səbəb olub. Son 1 ildə Mosul, Kərkük, Təlafər, Əl-Bab, Rakka, Hələb, Palmira, Süleymaniyyə kimi mühüm strateji məntəqələr İŞİD terror təşkilatı və "Ən-Nüsrə” cəbhəsindən azad edilib. 2017-ci ilin əvvəlinə olan məlumatda İŞİD qruplaşmasının gəlirlərinin 5 milyon dollara düşdüyü bildirilirdi. Cari ilin iyun ayında Mosul şəhərinin, son üç ayda isə Kərkük, Təlafər, Rakka şəhərlərinin İŞİD-dən tamamilə təmizləndiyini nəzərə alsaq, terror qruplaşmalarının dünya enerji bazarına dəyərindən dəfələrlə aşağı qiymətə neft çıxarmaq imkanları tükənib. Hətta İŞİD terror təşkilatı məhv edilmək üzrədir. İdlib ətrafında mühasirəyə düşən "Ən-Nüsrə” cəbhəsinin ölkəyə nəzarəti bərpa edən Suriya və Rusiya silahlı qüvvələrinə müqavimət imkanları tükənib. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında 2500 kvadratkilometr ərazini nəzarətə götürməsi terrorçuların Aralıq dənizinə çıxış imkanlarının qarşısını alıb.

Bütün bunlara baxmayaraq, dünya enerji bazarında neftin qiymətində əhəmiyyətli dəyişiklik hiss olunmur. Sentyabrın 25- də İraq Kürd Muxtariyyətinin referendum yolu ilə özünü müstəqil elan etməsindən sonra neftin satış qiyməti 59 dollara qədər yüksəldi. Lakin son günlər mərkəzi Bağdad hökumətinin ölkəyə nəzarəti bərpa etməsi və referendumun nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmaması "qara qızıl”ın dəyərindəki artımın qarşısını alıb.

Hazırda dünya enerji bazarlarında neftin qiyməti 56 dollar ətrafında cərəyan edir. Ekspertlər bazardakı qiymətləri kifayət qədər yaxşı hesab edir.

Ümumilikdə dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barelinin qiyməti 0,26 dollar ucuzlaşaraq 51,04 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar azalaraq 56,63 dollar təşkil edib. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,12 dollar və ya 1,97 faiz artaraq 58,11 dollar təşkil edib.

2018-ci ilin büdcəsində Azərbaycan neftinin orta qiyməti 45 dollar götürülüb. Qeyd edək ki, ötən gün Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş Katibi Məhəmməd Barkindo, istehsalı azaltmaq barədə ABŞ ilə yeni bir toplantı keçirib. Yeni Dehlidə keçirilən enerji forumunda iştirak edən Barkindo, OPEC və ABŞ-ın, neft bazarlarında sabitliyi təmin etmək üçün əməkdaşlıq etmək məsələsində razılaşdıqlarını söyləyib.

Hasilatı OPEC və tərəfdaşları azaltsa da, ABŞ istehsalçıları artırırlar. Bu da OPEC-in hasilatın azaldılması planını təhlükəyə qoyur. Əgər ABŞ-ın şist nefti istehsalçıları OPEC ilə birgə hərəkət edərlərsə, neft qiymətləri yüksələ bilər. Ekspertlərin fikrincə dünya bazarına qaçaqmalçılıq yolu ilə xam neftin çıxarılması halları azalsa da, "qara qızıl”ın bahalaşması daha çox siyasi amillərlə bağlıdır.

Milli Məclisin deputatı Fazil Mustafa "Cümhuriyət” qəzetinə bildirib ki, əksər neft quyularından neftin çıxarılmasının nə qədər çətin olduğunu anlamaq hər kəs üçün aydındır:

"Bu ərazilər terrorçulardan azad olunandan sonra dağıdılmış quyuların təmizlənməsi istiqamətində müəyyən işlər görülməsi vacibdir. Bu ərazilərə ilk növbədə sülh gəlməlidir. Sülh olmayınca, ərazi terrorçulardan müəyyən dərəcədə təmizlənməyincə, proseslər hələ uzun müddət sürəcək. Yenə də qaçaqmalçılıq yolu ilə neftin daşınması baş verəcək. Dünya enerji bazarında neftin qiymətinin stabil olmaması təkcə ərazilərlə bağlı amildən asılı deyil. Bu, OPEC ölkələrinin bazara nə qədər neft çıxarmasından asılıdır. Buna görə də problemlər hələ də qalacaqdı. Neftə olan tələbatın hansı səviyyədə olması da maraqlı amildir. Ümumiyyətlə, hesab edirəm ki, İraqda ən ciddi problem ancaq işğaldan azad olunan normal, sabit bir dövlətin qurulmasıdır. Xammalın satışından ən azı ölkənin vəziyyətinin yaxşılaşdırılması üçün istifadə edə bilsinlər”.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, neftin qiyməti ötən illə müqayisədə 2017-ci ilin 8 ayında təxminən 11 faiz bahalaşıb. Ekspert hesab edir ki, bu bahalaşma əhəmiyyətlidir:

"Hazırkı qiymətlər neft ölkələrinin razılaşdığı bir səviyyədir. Çünki OPEC əsasən neftin qiymətini 50 ABŞ dolları ətrafında planlaşdırır. Burada əsas məsələ ABŞ şist neftinin dünya bazarlarına çıxarılmasıdır. Bu neftin maya dəyəri digər ölkələrlə müqayisədə qat-qat yüksəkdir. Hazırda ABŞ-da orta hesabla 1 barel neftin istehsalı 33 dollara başa gəlir. 1 barel neft təxminən 55-60 dollara olanda ABŞ-ın neft sənayesində investisiyaların həcmində kəskin artım baş verdi. Bu tendensiya ötən 8 ay ərzində də müşahidə olunub. Demək olar ki, ard-arda ABŞ-da gündəlik neft hasilatının həcmində artım baş verdi. Planlama ondan ibarətdir ki, ABŞ-da neft sənayesi sürətli artımlar nümayiş etdirərək bazarları ənənəvi neft hasilatçısı ölkələrin əlindən alınması istiqamətində trend nisbətən zəif inkişaf etsin. Yəni, bunun qarşısını almağa çalışırdılar”.

Rəşad Həsənov onu da qeyd edib ki, xüsusilə, İraqda kürdlərin yaşadığı bölgədə  referendumun keçirilməsi neftin qiymətlərinə öz təsirini göstərib: "Bazar iştirakçıları gözləyirdi ki, İraq da daxil olmaqla Türkiyə, İran bu bölgəyə hansısa formada hərbi müdaxilə etsin. Xüsusilə, həmin ərəfədə Türkiyə prezidentinin bəyanatında qeyd olunurdu ki, İraqın kürd bölgələrində istehsal edilən neftin dünya bazarlarına çıxışını məhdudlaşdıra bilərlər. Çünki həmin boru kəmərləri Türkiyədən keçir. Bu bəyanatdan sonra qısamüddətli dövr üçün son 2 ildə ilk dəfə olaraq neftin qiyməti 60 dolları keçdi. Hazırda neftin qiyməti 56 dollar ətrafında dəyişir. Bu da indiki halda ötən illə müqayisədə neft hasilatçısı olan ölkələr üçün məqbul hesab edilə bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları