Yuxarı

Azərbaycan turizminin illik qazancı

Azərbaycan turizminin illik qazancı

"Bu il Azərbaycana 2 milyon 71 min 918 nəfər xarici turist səfər edib”.Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. Onun sözlərinə görə, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb: "Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyib.Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir".

Nazir deyib ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub:

"Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək.Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.

Nazirin çıxışından bu qənaətə gəlmək olar ki, bu il Azərbaycan turizmdən "aldım qoz, satdım qoz”dan başqa heçə əldə etməyib. Yəni, heç bir xeyri, mənfəəti olmayan bir işə ümid bağlanıb. Əgər cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyibsə, yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ də 1 milyard 200 milyon manat olub. Yəni, xarici turistlərin Azərbaycanda xərclədikləri ilə yerli turistlərin xaricdə xərclədikləri məbləğ təqribən eynidir. Baxmayaraq ki, bu il Azərbaycana gələn turistlərin sayı artıb, amma hələ də ölkənin turizm sektorunda ənənəvi problemlər və çətinliklər qalmaqdadır. Ölkədə turizm sektorunun ən ciddi problemlərindən biri yüksək qiymətlərdir.Buna görə də yerli turistlər ölkə daxilini deyil, qonşu ölkələri - xüsusən də Gürcüstan və Türkiyəni seçirlər.Bu da öz növbəsində Azərbaycan vətəndaşlarının həmin ölkələrin turizm sektoruna ciddi şəkildə maliyyə vəsaitinin yönəltməsi deməkdir.Başqa sözlə, bu gün Azərbaycanın turizm obyektləri qiymət siyasətində qonşu ölkələrə uduzur.

Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov "Cümhuriyət” qəzetinə bildirib ki, yerli turistlərin xarici ölkələrə çox getməsinin bir neçə səbəbi var:

 "Birinci, insanların imkanı var ki, gedib xaricdə 1 milyarddan çox pul xərcləyir. Digər tərəfdən Azərbaycan coğrafi baxımdan o qədər də böyük ölkə deyil ki, çox sayda istirahət mərkəzləri olsun.Dünya ilə müqayisə edəndə, ərazi ölçülərinə görə Azərbaycan böyük ölkələr sırasına daxil deyil.İnsanlar maariflənmək, bilik və dünya görüşlərini artmaq üçün müxtəlif ölkələrə səyahət edir.İlk növbədə onu təhlil etməliyik ki, yerli turistlər daha çox hansı ölkələrə gedir.Daha sonra çox gedilən xarici ölkənin coğrafiyasını müəyyən etmək lazımdır.Əgər yerli turistlərimiz daha çox Gürcüstan, Türkiyəyə gedirlərsə, bəli, bu zaman düşünməliyik ki, necə edək yerli turistlər Azərbaycanda qalsın.Əgər yerli turistlər Havay adalarına, Parisə, Londona, Yaponiyaya gedirlərsə, bu, çox yaxşıdır.Bu məsələni çoxtərəfli təhlil etmək lazımdır”.

Ekspert onu da vurğulayıb ki, turizm istehsal yox, xidmət sahəsidir:

"Doğrudur, turizmdən əldə olunan gəlirlər yaxşıdır, amma bu sahəni sırf gəlirlə dəyərləndirmək düzgün deyil. Əlbəttə, ölkədə valyutanın qalmasında maraqlıyıq.Ancaq əhalinin daha çox gəzməsi ölkənin inkişafı üçün vacibdir."Əhali heç yana getməsin, pulları ancaq ölkəyə xərcləsin” də düzgün yanaşma deyil.Axı insanlar dünyanı görmək istəyir, getdiyi yerdən təəssüratlarla qayıdır.Hər kəs öz gördüyündən - danışığında, davranışında, işin təşkilində, geyimində bəhrələnmək istəyir”.

Çingiz İsmayılovun qənaətinə görə azərbaycanlılar çox nadir halda xaricə 1 ay müddətə istirahətə gedir:

"Düşünmək lazımdır ki, turizm mövsümü 10 gün deyil. Yerli turistlərin böyük əksəriyyəti qısamüddətli istirahətə gedir.Deməli, o, istirahətinin qalan dövrünü Azərbaycanda keçirir.Əgər yerli turistlər xaricdə 1 milyarddan çox vəsait xərcləyibsə, onda Turizm Nazirliyi yerli turistlərdən nə qədər vəsaitin yığıldığını da elan etsin.Məsələnin bu tərəfini də təhlil etmək vacibdir.Daxili turizmi inkişaf etdirmək üçün turizm mərkəzlərini də araşdırmaq vacibdir ki, yay mövsümündə neçə faizi tutulur.Əgər 1 ayda 90, digər aylarda 30-40 faizdirsə, deməli, bu səmərəli istifadə olunmur.Ciddi təhlil və monitorinq apardıqdan sonra hansısa nəticələr haqqında danışmaq olar.Ancaq ölkəyə gələn turistlərin artması fərəhləndiricidir, ölkə büdcəsinə əlavə vəsait gəlir.Düşünməliyik ki, turizmdən gələn gəlir 1 milyard yox, 5 milyard olsun.Sadəcə bu istiqamətdə işləri qurmaq lazımdır”. Ekspert hesab edir ki, Azərbaycanda turizmə dövlət dəstəyi artıqlaması ilə edilib: "Azərbaycanda turizmə qoyulan investisiya heç bir qonşu dövlətin turizminə yatırılmayıb. Dövlət bu sahəyə çox böyük sərmayə yatırır, imkanlar yaradıb.Qalır bu sahənin səmərəli idarə edilməsi.Bunun üçün servis və qiymətlər çox vacibdir.Hər iki məsələ qonşu ölkələrlə müqayisədə düzgün aparılsa, onda biz dövlətin milyardlar yatırdığı vəsaitin bəhrəsini daha tam görəcəyik”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları