Yuxarı

Neftin ucuzlaşmasından itirilən milyardlar

Neftin ucuzlaşmasından itirilən milyardlar

OPEC-ə üzv olan ölkələr neftin kəskin ucuzlaşması nəticəsində 1 trilyon dollardan çox itki ilə üzləşib. Bu barədə OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo bildirib. "2015-2016-cı illər ərzində biz yalnız investisiyaların həcminin azalmasını deyil, eyni zamanda gəlirlərin azalmasını da müşahidə etdik. OPEC ölkələri kollektiv şəkildə bu dövr ərzində 1 trilyon dollardan çox itki ilə üzləşib”.

Azərbaycanın da OPEC+ sazişinə qoşulduğunu nəzərə alsaq, heç şübhəsiz rəsmi Bakının da valyuta itkisi olub. Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən, Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci ildə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC üzvü və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Son məlumatlara əsasən, dünya bazarında neftin bir bareli (159 litr) 58 dollar həndəvərində dəyişir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,44 dollar və ya 0,86 faiz artaraq 51,89 dollar təşkil edib. ICE London qitələrarası birjasında "Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar və ya 1,19 faiz artaraq 57,85 dollar olub. Hazırda Azərbaycana məxsus "AzəriLayt” markalı neftin bir bareli 58 dollardır.

Maraqlıdır, Azərbaycan nə qədər vəsait itirib?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, 2014-cü ilə kimi dünya bazarında neftin qiyməti indikindən iki dəfə yuxarı olub: "Hazırda neftin bir bareli 55-56 dollar dəhlizində dəyişir. Dünya üzrə neft hasil və ixrac edən ölkələrdə, eləcə də şirkətlərdə gəlirlər kəskin şəkildə aşağı düşür. 2014-cü ilə kimi ortalama Azərbaycan Dövlət Neft Fonduna neft satışından daxil olan valyutanın həcm 16 milyard dollar təşkil edirdisə, indi bu gəlirlər iki dəfədən çox aşağı düşüb. Ona görə də yaxın illərdə həm ARDNŞ-nin, həm dünyanın aparıcı neft şirkətləri, eləcə də neft hasil və ixrac edən dövlətlərin gəlirləri aşağı düşəcək. Risklərdən qorunmaq üçün mütləq xərclərin optimallaşdırılmasına keçilməlidir ki, bu böhranlı vəziyyətdə həm hasilat, həm ixrac həcmləri nəzərdə tutulmuş civarda saxlanılsın, eyni zamanda uzunmüddətli fəaliyyət bərqərar olsun. Bunlar olmasa, bir çox şirkətlər defolt vəziyyətinə düşəcək. Hazırda Venesuelanın Milli Neft Şirkəti defolt səviyyəsindədir. Çünki xərclər çox, ixrac imkanları gün-gündən tükənir, hasilat həcmlərini sabit saxlamaq üçün əlavə vəsaitlərə ehtiyac var. Buna görə də həm ARDNŞ, həm də dünyanın aparıcı neft şirkətləri xərclərin azaldılması baxımından əvvəllər nəzərdə  tutulmuş vəsaitlərin, eləcə də işçi qüvvələrinin ixtisara salınmasına mütləq getməlidir. Belə olduğu təqdirdə hasilat sabit saxlanılacaq və uzunmüddətli ixrac imkanları təmin olunacaq”.

Bir tərəfdən Azərbaycan nefti büdcədə 16-16 dollardan yuxarı satılır, digər tərəfdən OPEC-ə ə üzv olan ölkələr neftin kəskin ucuzlaşması nəticəsində 1 trilyon dollardan çox vəsait itirir. Müqayisəli şəkildə götürsək Azərbaycan neft satışından nə qədər gəlir götürə bilər?

Ekspert qeyd edib ki, bu, bazar konyunkturundan asılıdır: ""Brent” markalı neftin dünya bazar qiyməti 55-56 dollar dəhlizində dəyişirsə, bu, o demək deyil ki, neft ixrac edən dövlətlər xüsusən bu qiymətə satırlar. Xeyr, bu, ən yüksək həddir. Yəni, "Brent” markalı neftin qiyməti bu həddə müəyyən olunub. Əgər bazarda yerini qoruyub saxlamaq istəyirsənsə, mütləq endirimlər olmalıdır. Endirim də bazardakı qiymət konyunkturundan, tələbatın hansı səviyyədə olmasından asılıdır. Ümumiyyətlə,  qiymətlər tələb və təklif prinsipi ilə müəyyən olunur. O bazarda ki, tələbat böyükdür, qiymətlər artır, xam neftin artıqlığı hiss olunur, orada alıcı problemi var və kəskin endirimlərə gedilməlidir. Buna görə də Dövlət Neft Şirkəti 1 ildə nə qədər gəlir götürəcək, bunu əvvəlcədən proqnozlaşdırmalıdır. Çünki hazırkı vəziyyətdə bütün neft bazarlarında kontraktları qısamüddətli bağlanır. Artıq bazar iştirakçıları neft satışında uzunmüddətli kontraktları  nəzərdə tutulmur. Qarşıdakı aylarda neftin qiymətinin qalxması və yaxud hansı səviyyədə enməsi məlum deyil. İllik gəlirləri dəqiq müəyyənləşdirmək çox çətindir.

OPEC və müstəqil hasilatçı ölkələr iddia edirlər ki, hazırkı qiymətlər bütün neft şirkətlərini tam qane edir. Hesab edirəm ki, bu, ədalətsizlikdir. Çünki neftin qiyməti uzun müddət 100 dollar ola bilməz. Elm, texnika inkişaf edir, yeni texnologiyalar tətbiq olunur. Yeni texnologiyalar ona görə tətbiq olunur ki, işçi qüvvəsinin sayı azalsın, nəticədə məhsulun maya dəyəri aşağı düşür. Bütün neft hasil edən şirkətlər xərclərin optimallaşdırılmasına gedirsə, onda neftin maya dəyəri aşağı olmalıdır. Hazırda 55 dollar civarında olan qiymətlər neft şirkətlərini qane etməlidir”.

Azərbaycanda neftin emalı bir barelə görə neçə dollara başa gəlir?

Zəfər Vəliyev qeyd edib ki, dəqiq qiymətlər məlum deyil: "Həm BP-nin, həm də ARDNŞ-nin illik hesabatları var. Hər iki hesabata inansaq, Azəri-Çıraq-Günəşli yataqlar blokundan çıxarılan neft indiki qiymətlər fonunda rentabellidir. Bakı-Ceyhan əsas ixrac boru kəmərində 1 barel neftin qiyməti 12 dollara başa gəlir. Bu, çox gözəl qiymətdir. Hazırda neftin 1 bareli 55 dollardır. Deməli, kifayət qədər gəlir var. Eləcə də ARDNŞ-nin illik maliyyə hesabatında göstərilir ki, neftin 1 tonu 94-95 manata başa gəlir. Ən yuxarı hədd 97 manat göstərilir, təxminən 20 dollara yaxın. Bu isə indiki halda kifayət qədər rentabellidir. 

Birjalarda göstərilən 58 dollar neftin maksimum tavan qiymətidir. Hazırda heç bir neft şirkəti 58 dollara mal sata bilməz. Hamı endirim edir. Avropa bazarlarına bareldə 2-3 dollar endirim edirlər. Mətbuatda yazırlar ki, Azərbaycan nefti 58-59 dollara qalxdı. Bunun bareli o qiymətə deyil. Həmin qiymət alıcının təyin etdiyi məntəqəyə çatdırılma dəyəridir. Bura daşınma, malın sığortası, liman və digər administrativ xərclər daxildir. Halbuki biz Ceyhan limanında 58 dollara neft sata bilmərik. ARDNŞ qarışıq bütün ixracatçı dövlətlər təslimdə nefti aşağı qiymətə verir. Məlumat aparıcı şirkətlərin saytlarında dərc olunub. İranın Milli Neft Şirkətinin saytında etdikləri endirimləri açıq şəkildə göstərilib. Hazırda neftin satışı tavan qiymətindən aşağıdır. Amma büdcədə nəzərdə tutulan qiymətdən yuxarı satılır.

Azərbaycan nefti yüngüldür və az kükürdlüdür, buna görə də bazarlarda qiyməti normaldır. Ümumiyyətlə, dünya bazarlarında yüngül neftlə ağır neftin qiymətləri arasında fərq var. Təslimlərdə Azərbaycan neftinin qiymət ortalama 50 dollardan yuxarıdır. Əgər neft bazarlarında bir təlatüm olmasa, qiymətlər normaldır. Qarşıdakı aylarda neftin qiymətində kəskin sıçrayışların olmasını proqnozlaşdırmaq mümkün deyil. Çünki neftə alternativ və bərpaolunan enerji mənbələri inkişaf edir, digər tərəfdən, bazara yeni "oyunçu”lar daxil olur. Bazarlar uğrunda kəskin rəqabət başlayıb. Bütün bu hallar neftin qiymətində kəskin artmaları alt-üst edir”.

Yeganə Oqtayqızı