Yuxarı

Kredit kartları da qəhətə çıxdı

Kredit kartları da qəhətə çıxdı

Ölkənin bank sektorunda cərəyan edən neqativ proseslər səbəbindən dövriyyədəki plastik kartların sayında azalma müşahidə olunur. Belə ki, Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı bu ilin avqust ayında 10 min ədəd və ya 1,8 faiz artaraq sentyabrın 1-nə 577 min ədədə çatıb. İlin əvvəli ilə müqayisədə isə kredit kartlarının sayında 54 min ədəd və ya 8,6 faiz azalma qeydə alınıb. Ümumiyyətlə, sentyabrın 1-nə ölkədə 5 597 min ödəniş kartı dövriyyədə olub. Bunun da 5 020 min ədədini (89,7 faiz) debet kartları, o cümlədən 2 515 min ədədini sosial kartlar (44,9 faiz), 1 744 min ədədini əmək haqqı kartları (31,2 faiz) təşkil edib. Beləliklə, sentyabrın 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının 10,3 faizi kredit kartlarının payına düşüb. 

Dünyanın əksər ölkələrində nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının genişləndirildiyi bir şəraitdə Azərbaycanda bu prosesin əks istiqamətə yönəlməsi ciddi narahatlıq doğurur. Ölkədə cəmi bir neçə il əvvəl kredit kartı "bumu” yaşandığı halda, insanların hazırda yenidən nağd pul kütləsinə üstünlük vermələrinin səbəbi maraqlı görünür. Aydındır ki, vətəndaşların banklara inamının azalması fonunda vəsaitlərini nağd şəkildə saxlamağa üstünlük vermələri də plastik kartların sayının aşağı düşməsinə gətirib çıxarıb.Digər bir səbəb isə kommersiya banklarının xüsusilə, bölgələrdəki filial və şöbələrinin sayını azaltmaları ilə bağlıdır.Banklar bununla öz xərclərinə qənaət etməyə çalışırlar.Bank filial və şöbələrinin ixtisar edilməsi nəticə etibarilə kartların sayının azalmasına gətirib çıxarır.

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, kredit kartları da kredit sayılır:

"Məlumdur ki, Azərbaycanda bankların kredit portfelinin həcmi azalıb. Hətta demək olar ki, kredit kartları üzrə azalma ümumi kreditlərin həcmindən azdır.Kredit kartlarının sayının 9 faizə yaxın azalması, ölkənin bank sistemində davam edən dərin böhranın və tənəzzülün nəticəsidir.Ümumiyyətlə, əhalinin və sahibkarların gəlirlərinin azalması, onların ödəniş qabiliyyətinin aşağı düşməsi, nəticədə bankları ehtiyatlı olmağa məcbur edir.Hazırda bankların problemli kreditlərinin həcmi çoxdur və onlar əlavə problem yaratmaq istəmir. Digər tərəfdən, Mərkəzi Bank banklara kifayət qədər kredit vermir ki, banklar da öz növbəsində həmin vəsait hesabına kredit versin. Eyni zamanda əhali də banklarda olan əmanətlərini geri götürür.Son vaxtlar əhalinin banklarda olan əmanətlərini çəkməsi prosesində artım qeydə alınıb.Amma bu, müvəqqəti bir haldır və son 2 ildə davam edən azalma qarşısında ciddi sayılmır.Bütün bunlar kreditlərin azalmasına səbəb olur. Amma bu fonda kredit kartları o qədər də çox azalmayıb. Çünki adətən, banklar kredit kartlarını daha etibarlı müştərilərinə verir.Yəni, kifayət qədər gəliri və yaxşı işi olan şəxslərə.Əgər biz ümumi kredit həcminin azalmasına baxsaq, kredit kartlarında 9 faiz azalmanı çox hesab etmək olmaz”.

Ekspertin sözlərinə görə, əhali həmişə ödənişləri nağd şəkildə etməyə üstünlük verib:

"Amma 2017-ci ildə "Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minəndən sonra nağd ödənişlərin həcmi qismən azalıb. Buna baxmayaraq sırf əhali tərəfindən ödənilən ödənişlər yenə də çoxluq təşkil edir.Amma son nəticədə bunun kreditin və kredit kartlarının azalmasına elə də ciddi təsiri yoxdur”.

Yeganə Oqtayqızı