Yuxarı

Daha bir bank bazardan çıxır

Daha bir bank bazardan çıxır

Devalvasiyadan sonra maliyyə çatışmazlığı ilə üz-üzə qalan banklar hələ də vəziyyətdən çıxa bilmirlər. Ötən il ard-arda 12 bankın bağlanmasından sonra prosesi dayandıran hökumət eyni  bankları bazarda saxlamağa çalışdı. Ancaq görünən odur ki, iflas mərhələsində olan bankları xilas etmək mümkün deyil.Hal-hazırda bazarda fəaliyyətini davam etdirən "AGBank”da müflis olmaq təhlükəsi ilə üz-üzədir. Belə ki, "AGBank” ASC 2017-ci ilin 9 ayını 1 milyon 699,06 min manat zərər ilə başa vurub. 

Qeyd edək ki, bu haqda bankın özü məlumat yayıb.Nəzərə alsaq ki, AGBank hal-hazırda yalnız ipoteka və əmanət əsaslı kreditlər verir, bu faktın özü də bankın maliyyə durumunun ağır olduğunu göstərir. Son 3 ayda isə AGBankda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 143 milyon 851,7 min manatdan 146 milyon 351,1 min manata yüksəlib. Bu isə AGBankın müştərilərə verdiyi kreditlərin 50 faizindən çoxdur.Yəni, problemli kreditlər bankın ümumi kredit portfelinin yarıdan çoxunu təşkil edir.Banklarda kreditlərə alternativ gəlir mənbəyi olmadığı üçün bu cür problemlər bankın bazardan çıxması ilə nəticələnir.Məsələ ondadır ki, bu cür problemlərlə üzləşən təkcə AG Bank deyil.Digər banklar da maliyyə durumunu yaxşılaşdırmaq üçün digər, nisbətən daha güclü banklarla konsolidasiyaya (birləşməyə) getmək haqqında müzakirələr aparır.

Qeyd edək ki, devalvasiyadan sonra "Atabank” və "Caspian Development Bank" birləşmə haqqında razılığa gəldilər və artıq bu iki bankın birləşmə prosesi başa çatıb.Birləşmədən öncə "Atabank”ın səhmdarı olan "Ataholding” hissələri "Synergy Group” MMC-yə vermişdi.Digər bankın isə səhmdarı məhz "Synergy Group” MMC idi.Birləşmədən sonra isə hər iki bankın səhmdarı "Synergy Group” MMC-dir.

Bu günlərdə isə Azərbaycanın iki köklü bankı - "Rabitəbank" və "Bank Respublika" konsolidasiya ilə bağlı danışıqlar aparması haqqında məlumat yaydı. "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev  isə birləşmə haqqında yayılan məlumata münasibət bildirərək deyilənləri təkzib edib: "Bilirsiniz ki, mən həm də Azərbaycan Banklar Assosiasiyasının prezidentiyəm. Bizim işimiz konsolidasiya prosesini təşviq və təbliğ etməkdən ibarətdir.Lakin hazırda konsolidasiya və ya qoşulma ilə bağlı konkret danışıqlar aparılmır, konkret qərar da yoxdur". Eynilə "Bank Respublika"nın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov da konsolidasiyadan xəbərsiz olduğunu, belə bir məlumata sahib olmadığını deyib.

Ekspertlər də hesab edirlər ki, bu gün nəinki adıçəkilən banklar, hələ də fəaliyyətdə olan bir çox bankın birləşməyə getməsi vacibdir.Məlumdur ki, bu prosesə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) həyata keçirir.Ümumiyyətlə, zərərlə işləyən, fəaliyyətində heç bir müsbət göstəricisi olmayan bankların fəaliyyəti arzuolunan deyil.Bu baxımdan həmin bankların ya sağlamlaşdırılması, ya da ləğv olunması vacibdir.Ancaq hələ ki, Palata bu prosesi dayandırıb.Sirr deyil ki, bu gün çox banklar valyutadəyişmə məntəqəsi kimi işləyir.Digər heç bir bank əməliyyatları həyata keçirmir.Bu da ilk növbədə ölkənin iqtisadi aktivliyinə və biznesin inkişafına ciddi təsir göstərir.

Hal-hazırda 33 bank öz fəaliyyətini bu və ya digər formada davam etdirir.Ancaq ekspertlərin dediklərinə istinad etsək, yaxın gələcəkdə daha bir neçə bankın ləğv olunacağı gözlənilir.Digər tərəfdən, Palatanın da bankların bağlanma prosesinə start verəcəyi istisna olunmur.Bütün hallarda cari ilin üçüncü rübü yekunlaşmaq üzrədir və banklar öz hesabatlarını (gəlir, xərc və kapital) Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcəklər.Hesabatlarında müsbət saldoya (gəlirə) çatmayan banklar haqqında isə yekun qərarın veriləcəyi gözlənilir.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları