Yuxarı

Kredit bazarına yeni cəzalar

Kredit bazarına yeni cəzalar

Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməməyə görə yeni cəzalar müəyyənləşdirilib. Cinayət Məcəlləsinin 195-ci maddəsinin (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) 195.1 və 195.2 bəndlərinə dəyişiklik təklif edilir. 195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Artıq kredit almaq da, vermək də çətinləşir.Gələcək problemli kreditlərdən bu yolla qurtulmaq mümkündürmü?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, kredit etimad üzərində qurulmuş bir alətdir:

"Bunu inzibati məcəllə ilə tənzimləmək, buradakı problemləri cəza metodları ilə yoluna qoymaq Azərbaycan reallığına yad olan bir şeydir. Problemli kreditlərin haradan qaynaqlandığı dəqiqləşməli, borcalanların nəyə görə çətinlik yaşadığı müəyyənləşməlidir.Hökumətə, vətəndaşa, eləcə də vətəndaş cəmiyyətinə məlumdur ki, bu gün Azərbaycanda problemli kreditlərin mənbəyi ölkədə iki dəfə ard-arda baş verən devalvasiyadır.Devalvasiya ölkədə kredit istifadəçilərinə elə problemlər yaratdı ki, həmin məsələlərin həllinə bu gün də cavab tapılmır.Əslində, hər iki devalvasiya Azərbaycan hökumətinin pul-kredit siyasətinin nəticəsidir.Buna görə də hökumət öz siyasətinin fəsadlarını aradan qaldırmalı, vətəndaşın çiyninə yükləməməlidir.Digər tərəfdən, ölkənin pul-kredit siyasətini həyata keçirdən subyektlərindən biri də bank sistemidir.Banklar da hökumətin pul siyasətinə şərik olduğuna görə hər ikisi o zərəri ölçməli və həmin siyasətin bədəlini ödəməlidir.Əgər bu məsələyə dərhal müdaxilə olunsaydı, böyük bir problemin aradan qaldırılmasına nail olmaq olardı.İndiki kredit arenasındakı anarxiya heç vaxt yaranmazdı. Devalvasiya nəticəsində şişən kreditləri heç kim ödəmir və onlara da heç kəs heç nə etmir. Artıq bu, ənənə halını alıb”.

Ekspert onu da əlavə edib ki, hökumət tərəfindən problemli kreditlərin həlli istiqamətində qanuna edilən dəyişikliklər, təkliflər işə yaramır:

"Birmənalı olaraq bu təkliflər çıxış yolu deyil. Ağıllı başla oturub hesablamalar aparıb, məsələdən çıxış yolları tapmaq lazımdır.Kredit götürəni inzibati qaydada cəzalandırmaq şərəf gətirməz.İnkişaf etmiş ölkələrdə sahibkarla vətəndaş arasında problem yarananda hökumət həmişə vətəndaşın tərəfində olub.Sahibkara qanunlara əməl etməyi diktə edirlər.Azərbaycanda isə əksinədir, sahibkara demirlər ki, ödəmə qabiliyyəti olmayan şəxsə niyə kredit verirsən?Yaxud da soruşmurlar ki, verdiyi kreditə niyə nəzarət etmir ki, vəsaitlər təyinatı üzrə xərclənir, ya yox?Məgər banklar kreditlərdən qazandığını dövlət büdcəsinə ödəyir ki, dövlət bu gün kredit verənləri müdafiə edir?Sözsüz ki, kredit verənləri də müdafiə etməlidir.Amma hökumət sadə vətəndaşa xidmət göstərən bank, sahibkar seçimində vətəndaşı müdafiə etməlidir.Çünki ilk növbədə ən müdafiəsiz subyekt vətəndaşdır.Bankın pulu var, o, özünü başqa formada da müdafiə edə bilər.Bu qaydalar nə inteqrasiya etdiyimiz Avropanın, nə Azərbaycanın standartlarına uyğun gəlir, nə də ədalətlilik baxımından doğrudur.Ola bilsin ki, xaricdən sahibkar təhdid olunur, xarici şirkətlərin onları bazardan çıxarmaq təhlükəsi var. Təbii ki, bu zaman həmin xarici şirkəti yox, müxtəlif vasitələrlə Azərbaycan subyektlərini qorumalıdır. Ölkədə iki il bundan əvvəl də kredit verilirdi, lakin problemli kreditlərin həcmi 10-15 faizdən artıq olmurdu. Amma indi real kreditlərdən daha çox problemli kreditlər yaranıb.Bunu iqtisadi rıçaqlarla həll etmək lazımdır, nəinki Cinayət Məcəlləsilə. Bu iş təkcə Azərbaycanın başına gəlməyib. Problemi aradan qaldırmaq üçün MDB təcrübəsindən istifadə etmək olar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları