Yuxarı

Adı qızıl, işi əziyyət: Qiyməti isə qəpik-quruş...

Adı qızıl, işi əziyyət: Qiyməti isə qəpik-quruş...

Oktyabrın 18-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 99 min 619,50 ton məhsul təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatlara əsasən bir gündə 3140,53 ton pambıq tədarük olunub. Məhsul yığımında Saatlı pambıqçıları öndədir. Onlar oktyabrın 18-dək 15 min 971,40 ton məhsul təhvil veriblər. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib. Qeyd edək ki, cari mövsümdə respublikanın 22 rayonunda 136 min 413.2 hektar sahədə pambıq əkilib. Bu isə ötən illə müqayisədə 2,7 dəfə çox deməkdir. Xatırladaq ki, Azərbaycanda 2013-cü ilin 11 ayında 42.6 min ton pambıq toplanıb. 2014-cü ildə 41 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu. Pambıq istehsalında qarşıya qoyulan proqnozlara nail olmaq mümkün olmayıb.  

Onu da bildirək ki, 2016-cı ildə prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində bildirmişdi ki, 2017-ci ildə bütün tapşırıqlar yerinə yetirilərsə, 250 min, hətta 300 min ton pambıq istehsal edilə bilər. Ekspertlərin qənaətincə, əlverişsiz hava şəraiti, aramsız yağışlar məhsuldarlığı daha da aşağı salıb. Nəzərə alsaq ki, pambıq yığımı noyabr ayına qədər davam edəcək, bu müddət ərzində 150 min ton pambığın tədarük edilməsi mümkünsüz görünür.

Pambıq yığımında müasir texnologiyalardan istifadə çox önəmlidir. Dünyada az sayda ölkənin ekologiyası pambıq yetişdirilməsi üçün əlverişlidir. Ona görə də az sayda ölkə pambıq istehsalı ilə məşğul olur.
Dünyada ən çox pambıq istehsal edən ilk 8 ölkə - Çin, Hindistan, ABŞ, Pakistan, Braziliya, Özbəkistan, Avstraliya və Türkiyədir. Dünyada pambığın əkin sahələrinin ən geniş olduğu ölkə, təxminən 11 milyon hektar sahə ilə Hindistandır. Ötən gün iqtisadiyyat naziri Şahin Mustafayevin mətbuatda dərc edilmiş məqaləsində qeyd olunub ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.

İlbəil əldə olunan pambıq tədarükünə baxdıqda nazirin söylədiyi rəqəmlərin pafosdan başqa bir şey olmadığını açıq şəkildə görmək olar.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı "Cümhuriyət” qəzetinə bildirib ki, 1980-ci illərdə Azərbaycanda 700 min tondan çox pambıq istehsal edilirdi: "O dövrdə demək olar ki, respublikanın bütün imkanları pambıqçılığa səfərbər olmuşdu. Amma SSRİ dağılandan sonra bir çox sahələrdə olan tənəzzül kənd təsərrüfatına, o cümlədən, pambıqçılığa mənfi təsir etdi. Pambıqçılıq unudulmuş sahələrin birinə çevrilmişdi. Ancaq son illər ölkə rəhbərliyi səviyyəsində qaldırılan məsələlər nəticəsində ötən il istehsal 90 min tona yaxınlaşdı. Bu il üçün hədəflər çox böyük idi. Amma havaların əlverişsiz keçməsi, intensiv yağışlar imkan vermədi ki, qarşıya qoyulan hədəfə çatmaq mümkün olsun. Hesab edirəm ki, bu il Azərbaycanda 150 min ton pambıq toplanarsa, bu, bizim müvəffəqiyyət sayıla bilər.

Pambıq tədarükünün artması və fermerlərə faydasının olması üçün hazırlıq işləri yaxşı becərilmiş torpaqdan başlayır. Bundan əlavə məhsuldar pambıq sortu olan toxumların tədarükü çox önəmlidir. Pambıq susevən bitki olduğu üçün suvarma vaxtı-vaxtında yerinə yetirilməlidir. Bunun üçün suvarma sistemi təkmilləşdirilməlidir. Pambıq istehsalını artırmaq üçün fermerlərdə müəyyən güvən və əminlik olmalıdır ki, onların məhsulları əlində qalmasın. Fermerlərə yüksək  alış qiymətləri təklif etmək lazımdır ki, bu stimul olsun və onlar mahlıcı yetişdirsin. Fermerlərin lazımi miqdarda pambıq yetişdirməsi üçün onları uzunmüddətli və güzəştli kreditlərlə təmin etmək lazımdır. O cümlədən, kənd təsərrüfatı texnikasının təminatını yaxşılaşdırmaq və yanacaqda kömək etmək lazımdır”.

Ekspert onu da qeyd edib ki, həm kənd təsərrüfatı, həm də fermerlər üçün gündəmə gələn ən aktual məsələlərdən biri də aqrar sığortanın inkişaf etdirlməsidir: "Kənd təsərrüfatı təbii şəraitdən çox asılıdır. Bəzən fermerlərdən asılı olmayan səbəblərdən kifayət qədər məhsul əldə edilmir. Çəkilən əziyyətin müəyyən hissəsinin fermerlərə ödənməsi lazımdır. Bu da ya aqrar sığorta, ya da dövlət dəstəyi yolu ilə həyata keçirilə bilər. Bu edilərsə, pambıq istehsalında stimul yaranacaq. Bundan əlavə fermerlərə kənd təsərrüfatının ziyanvericilərinə qarşı preparatlarının verilməsi də çox əhəmiyyətli məsələdir”.

Qadir Bayramlının sözlərinə görə Azərbaycanda pambıq emalı zavodları yetərli deyil: "Əgər biz sahələrdən 200 min ton pambıq əldə ediriksə, bunun üçün tədarük məntəqələrində pambığın ilkin emal müəssisələrini genişləndirmək lazımdır. Pambıq sadəcə, ixracat üçün gərəkli deyil. Xarici ölkələrdə pambıqdan hazırlanan keyfiyyətsiz məhsullar ölkəmizin bazarlarına daxil edilir. Halbuki bu məhsullar ölkənin öz daxilində emal oluna bilər. Artıq Azərbaycanda brendə çevrilə biləcək pambıq məhsullarının istehsalının vaxtı çatıb. Bunun üçün fabriklər lazımdır. Pambıqçılığın inkişaf etdirilməsi üçün müəyyən dəstək var. Amma bu dəstək artırılaraq fasiləsiz və sürətli olarsa, eyni zamanda sığorta məsələsi həll olunarsa, bu sahəyə maraq artar. Nəticədə məhsul artımı gələcəkdə ixracatın artmasına səbəb olar”.

Azərbaycan pambığının bazarına gəlincə, ekspert qeyd edib ki, keyfiyyətli pambığın alıcısı hər zaman tapılar: "Dünya standartına uyğun keyfiyyətli pambıq yetişdirmək üçün Azərbaycan hər cür təbii imkanlara malikdir. Bu nöqteyi-nəzərdən problem yoxdur”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları