Yuxarı

Bu gün 95 milyon, sabah 100…

Bu gün 95 milyon, sabah 100…

Londonda "Neft və Pul" konfransında danışan OPEC-in baş katibi Məhəmməd Barkindo qlobal iqtisadiyyatın güclənməyə davam etməsilə birlikdə, neft qiymətlərinin artacağını və qlobal neft tələbinin 2020-ci ilə qədər gündəlik 100 milyon bareli keçəcəyini açıqlayıb. Neft sənayesindəki investisiyaların çox əhəmiyyətli olduğunu vurğulayan Barkindo, Rusiya kimi OPEC-ə daxil olmayan ölkələrlə olan əlaqələrin möhkəmləndirilməsinin vurğulayaraq, dünyanın yaxın gələcəkdə neftə olan tələbatının davam edəcəyini deyib.

Digər tərəfdən, OPEC-in proqnozlarına görə, 2017-ci ildə gündəlik qlobal neft tələbi orta hesabla 96,8 milyon barel olacaq. Brent tipli neftin barel qiyməti bir müddətdir ki, 60 dollar sərhədinə yaxınlaşır və bu səviyyəni keçməyə çalışır.Maraqlıdır, dünyada gündəlik neft istehsalı və tələbatı nə qədərdir?Tələbatı ödəmək daha çox hansı ölkələrin payına düşür?

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda 95 milyon bareldən artıq neft istehsal edilir:

"2018-ci ildə hasilat həcminin 97 milyon barelə qədər artacağı proqnozlaşdırılır.Çünki beynəlxalq enerji agentliklərinin məlumatlarına görə tələbat artmalıdır.Bəzi enerji mənbələri tükənmək üzrə olduğundan alternativ və bərpa olunan enerjiyə tələbatın ortaya çıxması qaçılmazdır.Yəni, iqtisadiyyat artırsa və iqtisadi elementlər varsa, bunu da enerjinin hesabına əldə edirlər.Ona görə də, hasilatın artım tempi qaçılmazdır.Təqribən XX əsirin əvvəlində gündəlik hasilat həcmləri 80 milyon bareldən bir qədər artıq idi.İlbəil artım təqribən 1 milyon barel ətrafında olub. 2020-ci ildə hasilat həcmlərinin 100 milyon bareli keçəcəyi barədə söyləntilər dünya iqtisadiyyatının tempinin yüksək olduğunun göstəricisidir. Baxmayaraq ki, alternativ enerji də inkişaf edir, amma qazın da dünya iqtisadiyyatında böyük rolu var. Ancaq qiymət və nəqletmə baxımından neft bir nömrəli yanacaq növüdür.Neft iqtisadiyyatın inkişafında həddən artıq önəm daşıyır.Bütün üstün parametrləri nəzərə alaraq qeyd edirlər ki, dünya ölkələri iqtisadiyyatının enerjidən asılılığı çox yüksəkdir.Enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi nəticəsində enerjidən istifadə edilməsi, bir çox ölkələrdə prioritet hal alıb”.

Ekspert qeyd edib ki, gündəlik tələbatı ödəmək ən çox ABŞ-ın, Səudiyyə Ərəbistanının və Rusiyanın payına düşür: "Hər üç ölkə sutkalıq 9-10 milyon bareldən yuxarı neft hasil edir. Gündəlik neft hasilatının 3-də 1-i bu ölkələrin payına düşür”.

Yeganə Oqtayqızı