Yuxarı

Banklar dolları niyə "sevmir”?

Banklar dolları niyə

Ölkədə fəaliyyət göstərən kommersiya banklarında valyutalar üzrə əmanət faizləri arasında ciddi şəkildə fərq var. Belə ki, banklar manatla qoyulan əmanətləri müddətindən asılı olaraq 7-28 faiz arasında dəyişir.Dollar əmanətlərində isə faiz dərəcəsi 2-4 faiz arası dəyişir.Bu da əmanətçilər arasında müəyyən narazılıqların yaranmasına səbəb olur.Nəzərə alsaq ki, bu gün banklar üzrə ümumi əmanətlərin 80 faizə qədəri məhz xarici valyuta ilə rəsmiləşib. Ekspertlər hesab edir ki, dollar əmanətləri üzrə gəlir faizlərinin az olması da məhz tələbatın çox olmasından irəli gəlir. 

Digər tərəfdən, manat əmanətlərində faizlərin yüksək olması manat əmanətlərinin cəlbedici olması üçün atılan addımlardan biridir. Bu gün manata inamın az olması bankları bu cür addım atmağa vadar edir. Devalvasiyadan sonra vətəndaşların əmanətlərini sürətlə geri çəkməsi də bankların nağd vəsaitlərinin ciddi şəkildə azalmasına səbəb oldu.Hətta bir sıra banklar əmanətləri geri qaytarmaqda ciddi çətinliklər yaşayırdı.

Digər tərəfdən, cari ilin üçüncü rübündə göstəricilərini açıqlayan bir sıra bankların zərərlə işləməsi əhalini narahat edən əsas məsələlərdəndir.Bir tərəfdən, əhalinin artıq böyük bir hissəsi banklara etibar etmir və ona görə də vəsaitlərini özlərində saxlamağa üstünlük verirlər.Digər tərəfdən də bankların zərərlə işlədiyini açıqlaması həmin bankların müştərilərini narahat edir.Çünki zərərlə işləyən bankların bağlanma ehtimalı daha yüksəkdir.Bu da əmanətlərin, xüsusilə sığortalanmayan əmanətlərin batması təhlükəsini daim aktual olaraq saxlayır.İndi bankda dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.Bütün səylərə baxmayaraq maliyyə sektorunda sabitlik təmin olunmur.Üzən məzənnə ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olmaqla bərabər bankları da da pis vəziyyətə salır.

Bu gün bankların əsas fəaliyyət sahəsi məhz əmanətlərin cəlb olunması ilə bağlıdır.Bu banklara həm yeni kredit vermək imkanları, həm də nağd vəsaitin təmin olunması anlamına gəlir ki, banklar da buna ciddi ehtiyac duyur.Bu baxımdan banklar əmanət cəlb etmək üçün ciddi səylə çalışır və müxtəlif cəlbedici təkliflər verir.Ancaq görünən odur ki, bankların inamını itirməsi, onların bu canfəşanlığnı boşa çıxarır.Bir tərəfdən, dollar əmanətləri üzrə gəlir faizləri çox azdır, digər tərəfdən, manata etibar yoxdur.Bu da bankların vəziyyətini çətinləşdirən ən böyük amillərdən biridir.

"Dollar və manat əmanətlərinə bankların tətbiq etdiyi faizlər arasında çox yüksək fərq var. Dollar əmanətləri manata nisbətən daha aşağı faizlə qəbul olunur.Maraqlıdır, banklar bu addımı niyə atır? Bu dollara etimadın az olmasından irəli gəlir, yoxsa daha az faiz ödənişləri etmək məqsədi daşıyır? Əgər dollar əmanətləri aşağı faizlə qəbul olunursa, niyə dollar kreditlərinin faizi yüksəkdir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında dollar əmanətləri üzrə faizlərin aşağı olmasını yeni bahalaşma dalğasının siqnalı olduğunu deyib:

"Əslində dollar üzrə əmanət faizlərinin aşağı olması gələcəkdə məzənnənin dəyişkən olacağından xəbər verir. Bu baxımdan da banklar özünü bununla sığortalayır.Ancaq buna baxmayaraq kredit faizləri çox yüksəkdir.Bu da bankların özünün izafi xərcləri və borcları ilə əlaqəlidir.Bankların ümumilikdə 3.4 milyard dollara yaxın xarici borcu var. Buna görə də onlar aşağı faizlə cəlb etdikləri əmanətləri yüksək faizlə kreditə verir.Bununla da həm xarici borclarını ödəməyə, həm də gəlir əldə etməyə çalışırlar”.

V.Muxtar






Həftənin ən çox oxunanları